Dövlət başçısının Sərəncamı ilə Bakı Musiqi Akademiyasının 100 illik yubileyi qeyd olunacaq
Müsəlman Şərqinin yeni tipli ali musiqi təhsili ocağı olan Bakı Musiqi Akademiyası bir əsrlik tarixi yol keçib. Neçə onilliklərin məsafəsində bu təhsil ocağı zəngin nailiyyətləri ilə dünya musiqi sənətində nəfəsi, ifası ilə yer alan sənətkarlar nəsli yetişdirmişdir. Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin təşəbbüsü ilə fəaliyyətə başlayan Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) respublikanın ali misiqi təhsili ocağı kimi böyük uğurlara imza atmışdır. Azərbaycan musiqi mədəniyyətinin inkişafında və professional musiqiçi kadrların yetişməsində mühüm rol oynamış Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək.
Əlbəttə ki, 100 illik tarixi yol heç də asan və hamar olmayıb. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bilavasitə sələfi olan xalq konservatoriyası 1920-ci il may ayının 25-də respublikanın xalq komissarlığı maarif şöbəsinin qərarı ilə açılıb. Xalq konservatoriyasına yaşından və musiqi istedadından asılı olmayaraq, bir neçə tələbə imtahansız qəbul edilib. Əlbəttə ki, burada əsas məqsəd zəhmətkeş kütlələr arasında musiqi sənətini tanıtmaqdan ibarət olub. Dərin düşüncə və uzaqgörənliyi ilə seçilən Ü.Hacıbəyli digər musiqi tədrisi ocağının yaranmasını da lazım bilib. Həmin tədris ocağının əsas işi isə xüsusi musiqi təhsilinə istiqamətlənmək məqsədi isə hər il bütün profillər üzrə ixtisasçı - musiqiçilər yetişdirməkdən ibarət idi. Təhsil ocağının tarixi yoluna nəzər salarkən məlum olur ki, Azərbaycan Dövlət Konservatoriyasının proqram və nizamnaməsi 1921-ci il 21 avqust tarixində hökumətin qərarı ilə təsdiq edilib və xalq komissarları sovetinin sədri N.Nərimanov və xalq maarif komissarı D.Bünyadzadə tərəfindən imzalanıb. Ü.Hacıbəyli isə bu musiqi sənəti ocağının yaradıcısı olub. Ü.Hacıbəylinin yaradıcı ideyalarının və praktiki səylərinin nəticəsində respublika konservatoriyası yalnız coğrafi mənada deyil, həm də öz təhsil istiqamətinə görə əsl Azərbaycan Dövlət Konservatoriyasına çevrilib. Ötən əsrin 20-30-cu illərində konservatoriyada tədris prosesini əsasən Bakıda Moskva, Peterburq, Saratov şəhərlərindən gəlmiş milliyyətcə qeyri-azərbaycanlı musiqiçilər həyata keçiriblər. Onlardan - violonçelist M.Rostropoviçin atası L.V.Rostropoviç, bəstəkar və nəzəriyyəçi L.Rudolf, pianoçu G.B.Şaroyev, vokalçılardan N.Speranski, M.Kolotova, V.Nikolski və başqalarının adlarını çəkmək olar. Sonralar bu tərkibə yeni pedaqoji kadrlar da qoşulublar. Konservatoriyanın ilk rektorları - pianoçu L.Pressman və İ.Aysberq olublar. Lakin konservatoriyanın əsl ruhu Ü.Hacıbəyli olmuşdur. 1939-cu ildə Ü.Hacıbəyli Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsinə təyin olunub. Onun rəhbərliyi ilə xalq çalğı alətləri üçün proqramlar müzakirə olunmuş və qəbul edilmişdir. Xalq musiqimizin inkişafında əvəzsiz xidmətləri olan tarzənlər Əhməd Bakıxanov, Əhsən Dadaşov, Baba Salahov, Bəhram Mansurov, Ağası Məşədibəyov, Səid Rüstəmov məktəbin layiqli nümayəndələridir. Məhz o, bütün Azərbaycan musiqi mədəniyyətinin inkişaf yolunu istiqamətləndirmiş, cəsarətlə milli klassik ənənələrinin Avropa bəstəkarlıq yaradıcılığı ilə sintezini həyata keçirmişdir. Ü.Hacıbəyli yazırdı ki, heç kəs inkar edə bilməz ki, azərbaycanlılar ümumiyyətlə, musiqisevən xalqdır və düzgün istiqamətə ehtiyacı olan sağlam estetik dərrakəyə malikdir. Fəaliyyətə başladığı ilk illərdən Şərq musiqisinin çoxəsrlik ənənələrini və Avropa musiqi təhsilinin qabaqcıl təcrübəsini vahid məcrada birləşdirən, peşəkar musiqiçi kadrların hazırlanmasına və klassik musiqi irsimizin sistemli öyrənilməsinə xüsusi diqqət göstərən Akademiya ötən müddət ərzində nailiyyətlərlə zəngin böyük bir inkişaf yolu keçmiş, üzərinə düşən vəzifələrin öhdəsindən həmişə layiqincə gəlmişdir.
Xatırladaq ki, ötən əsrin 20-ci illərində konservatoriyanın 6 şöbəsi var idi fortepiano, vokal, orkestr, nəzəriyyə, bəstəkarlıq vəşərq şöbəsi. Sonrakı illərdə isə artıq Konservatoriyada əsas baza kafedraları tam şəkildə formalaşmışdı: ixtisas fortepiano, azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi, simli alətlər, nəfəs və zərb alətləri, vokal, bəstəkarlıq, musiqi tarixi, musiqi nəzəriyyəsi, xor dirijorluğu, xalq çalğı alətləri, kamera ansamblı. Azərbaycan musiqi mədəniyyətinin inkişafında BMA-nın müstəsna rolu vardır. Müxtəlif illərdə akademiyada tanınmış musiqiçilər, bəstəkarlar, pedaqoqlar – Ü. Hacıbəyov, Bülbül, Ş.Məmmədova, B.Karaqiçeva, Q.Şaroyev, L.Rudolf, L.Rastrapoviç, Q.Qarayev, S.Hacıbəyov, C.Cahangirov, S.Rüstəmov, P.Brener, R.Atakişiyev, E.Səfərova və b. işləmişdir.
Azərbaycan mədəniyyəti tarixinə parlaq səhifələr yazan, musiqi sənətimizi ölkəmizin hüdudlarından xeyli uzaqlarda da uğurla təmsil edən və yaradıcılığı Azərbaycan musiqisinin qızıl fonduna daxil olan görkəmli sənətkarların, tanınmış ifaçıların bir neçə nəsli məhz Bakı Musiqi Akademiyasının məzunlarıdır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB