\"Azərbaycanda insan hüquqları sistemi və mexanizmləri\" mövzusunda təlim-sessiya keçirilib
Bu günlərdə Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti (RİQC) və BMT-nin Demokratiya Fondunun birgə təşkil etdiyi "Azərbaycanda insan hüquqları sistemi və mexanizmləri" mövzusunda təlim-sessiya keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə bir sıra yerli özünüidarəetmə orqanlarını, AMEA-nı, təhsil ocaqlarını, QHT-ləri, KİV-i təmsil edən ilk Qadın Parlamentinin 25 üzvü iştirak edib. Təşkilatçılar təlim-sessiyanı açaraq, tədbirin məqsəd və məramını iştirakçıların diqqətinə çatdırıblar.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının Elmi-analitik sektorunun müdiri Mahir Məmmədov təlim sessiyada məruzələrlə çıxış edib. O, məruzələrində Azərbaycanda insan hüquqları sistemi-iqtisadi- sosial, vətəndaş-siyasi hüquq və azadlıqlar, o cümlədən mədəni hüquqlar barədə ətraflı məlumat verib. Məhkəmələrin, o cümlədən Konstitusiya Məhkəməsinin, müvafiq inzibati orqanların, insan hüquqları sahəsində ixtisaslaşmış QHT-lərin, vətəndaş cəmiyyətinin Azərbaycanda insan hüquqlarının müdafiəsi mexanizmləri kimi rolu diqqətə çatdırılıb.
Qeyd olunub ki, cəmiyyət inkişaf etdikcə qadınların fəallığının artması müşahidə edilir, onların demokratik quruculuq prosesində, ictimai həyatda, idarəetmədə daha fəal iştirakı, cəmiyyətin müxtəlif sahələrində təmsilçiliyi zəruridir. Qadınların bir ana kimi evdə-ailədə qazandıqları nüfuzla yanaşı, onların ictimai-siyasi həyatda da fəallığının artırılması, vətəndaş mövqeyini təsdiq etməsi olduqca vacibdir. Məhz bu zaman gender bərabərliyi, sözün əsl mənasında, öz həllini tapır, qadınlar cəmiyyətin iki hərəkətverici qüvvəsindən birinə çevrilir. Məruzəçi Ombudsman Elmira Süleymanovanın əhalinin müxtəlif qruplarının, o cümlədən qadınların hüquqlarının müdafiəsi və təmini istiqamətində fəaliyyəti barədə danışıb. Ombudsmanın və əməkdaşlarının ölkəmizin şəhər və rayonlarında 23 dekabr 2009-cu il bələdiyyə seçkiləri, həmçinin sonuncu parlament seçkiləri ərəfəsində qadınların ictimai fəallığının artırılması, idarəetmədə iştirakına nail olmaq istiqamətində çoxsaylı maarifləndirmə tədbirləri keçirdikləri bildirilib.
Qeyd olunmalıdır ki, həmin bələdiyyə seçkiləri əvvəlkilərdən fərqlənmiş, namizədlərin fəallığı, eləcə də seçki prosesinə qatılan qadın namizədlərin sayının daha çox olması ilə yadda qalıb. Əgər 2004-cü il seçkiləri zamanı bələdiyyə üzvü seçilmiş qadınların sayı 4 faiz təşkil edirdisə, son seçkilərdə bu göstərici 27 faizə qədər artıb. Ürəkaçan haldır ki, Milli Məclisə 20 qadın deputat seçilmiş, bununla da qadın deputatların sayı 16 faizə qədər artıb.
Sonra məruzəçi tərəfindən iştirakçılara paylanmış təcrübi çalışmalar əsasında tədbir davam etdirilib. Tədbirin sonunda RİQC-nin sədri Şəhla İsmayılova təlim-sessiyada uğurlu iştirakına, dinləyicilərə hüquqi biliklərin aşılanmasında köməyinə görə M.Məmmədova təşkilatçılar adından xatirə lövhəsi təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB