Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli tariximizin qızıl səhifələrindəndir - ŞƏRH

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli tariximizin qızıl səhifələrindəndir - ŞƏRH

Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.

Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir.

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimləri-nin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli tariximizin qızıl səhifələrindən biridir. Çünki bu tarix Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu tarixdir, Azərbaycanın öz ərazisinə sahib çıxdığı, dünya dövlətləri sırasına qoşulduğu bir gündür.

…Rusiya imperiyası dağılmış, onun tərkibində olan xalqların müstəqilliyi üçün münbit şərait yaranmışdı. Həmin xalqlar öz talelərini həll etməli idilər. Baxmayaraq ki, o vaxtlar Zaqafqaziya Seymi olsa da, dağılmaq üzrə idi. Azərbaycan xalqı özü öz taleyini həll etməli idi. Məhz o dövrdə Azərbaycanın tarixi taleyini həll etmək iqtidarında olan ziyalılar, ictimai-siyasi xadimlərimiz bu reallığı dərk edərək müstəqilliyimizin elan olunması üçün mücadilə etdilər. Onların bir qrupu Avropada təhsil almışdılar, digərləri isə yüksək demokratik düşüncəyə sahib idilər. Həmin insanlar Azərbaycanın tarix qarşısında bu çətin məsuliyyətini kifayət qədər dərk edib ayağa qalxaraq istiqlaliyyətimizi elan etdilər. Hansı ki, o dövrdə ermənilərin ərazi iddiaları var idi və bu məsələdə kənardan dəstək alırdılar.

Həmçinin Rusiya imperiya iddialarından əl çəkməmişdi. Bütün çətinliklərə baxmayaraq, həmin şəxslər müstəqil dövlət qurdular. Çox qədim dövlətçilik ənənələri olan bir xalq kimi biz 1918-ci il mayın 28-də tarixi torpaqlarımızın şimalında dövlətiçiliyimizi bərpa etdik. Dövlətçiliyin bərpasını istər siyasi, istər iqtisadi, istər mənəvi-psixoloji, bütün aspektlərdən götürəndə xalqımızın həyatında çox mühüm bir hadisə idi.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tariximizdə şanlı və şərəfli yer tutur. Xalq Cümhuriyyətinin elan edilməsindən 103 il ötür. Bu tarixlə bağlı Ulu Öndər Heydər Əliyev deyirdi ki, Azərbaycan xalqının dövlətçilik tarixi, qədim mədəniyyəti bütün çətinliklərə baxmayaraq imkan verdi ki, xalqımız yenidən dövlətçiliyini bərpa etsin və tariximizə şanlı səhifələrini yazsın. Təsadüfi deyil deyil ki, Ulu Öndərin 1998-ci ilin yanvar ayında imzaladığı Sərəncamla Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi qeyd olundu. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu. Cümhuriyyətin 100 illik yubileyi çox yüksək səviyyədə qeyd edildi. Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidr. Ulu Öndər Heydər Əliyevin dediyi kimi Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir. Həyat nə qədər varsa, müstəqil dövlətimiz var olacaq. Bu il Cümhuriyyətinin 103 yaşını qeyd ediriksə, vaxt gələcək 1001 yaşı qeyd olunacaq.

Xalqımız çox ağır, eyni zamanda şərəfli yol keçib. Müstəqilliyimzi bərpa etdikdən sonra həyatımızın yeni səhifəsini yazmağa başladıq, öz taleyimizin sahibinə çevrildik. Amma dövlətçiliyimizin bərpası asan olmadı. Keçmiş SSRİ-nin, Rusiyanın hərbi-siyasi dairələrinin təhriki ilə Ermənistan faşizmi Azərbaycana qarşı ərazi iddiaları irəli sürdü və nəticədə xalqımıza qarşı genişmiqyaslı hərbi təcavüz başladı. Həm Rusiyanın hərbi-siyasi dairələrinin, həm də Qərb ölkələrinin yardımı olmasaydı, ermənilər belə bir cinayətə əl ata bilməzdi. Bu təkzibolunmaz faktdır. Bütün bunlara baxmayaraq, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı xalqımızı uçurumdan xilas etdi. 28 aprel 1920-ci ildə müstəqilliyimzi itirdiksə, 15 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə biz milli dövlətçiliyimizi xilas etdik. Ona görə də, həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

Təbii ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevə çox ağır miras qalmışdı. Amma böyük dövlət xadimi Heydər Əliyevin milli dövlətçilik istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan bütün çətinlikləri dəf etdi. Və Azərbaycan xalqı sübut etdi ki, dövlət yaratmaq və idarə etmək iqtidarında olan xalqdır.

Eyni zamanda, xalqımız Heydər Əliyevin timsalında çətin anlarda xalqı xilas edib onu çox düzgün istiqamətə yönəltmək bacarığı olan şəxsiyyət yetişdirdiyini də sübut etdi. Məhz buna görə də, xalqımız haqlı olaraq Ümummilli Lider Heydər Əliyevi müstəqil Azərbaycanın memarı və qurucusu hesab edir.

Biz tariximizə nəzər salsaq, Azərbaycan xalqının dünya tarixinə görkəmli dövlət xadimləri verdiyini görərik. Onların sırasında Şəmsəddin Eldəniz, Uzun Həsən, Şah İsmayıl, Əlimərdan bəy Topçubaşovun və başqalarının adını çəkə bilərik. Eyni zamanda, xalqımız elm, mədəniyyət sahəsində də bəşəriyyət üçün görkəmli şəxsiyyətlər yetişdirib. Məsələn, Nizami Gəncəvi səviyyəsində mən böyük yaradıcı insan, mütəfəkkir dünyada tanımıram. Eləcə də, Nəsimi XV əsrdə yaşamış dünyanın ən böyük filosoflarından biri olub. Mən həmçinin, Üzeyir Hacıbəyov, Yusif Məmmədəliyev, Qara Qarayev kimi böyük şəxsiyyətlərin də adını çəkə bilərəm ki, xalqımızın yetişdirdiyi bu insanlar dünya mədəniyyətinə və elminə böyük töhfələr veriblər. Təbii ki, Ümummilli liderimiz Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdəndir. Heydər Əliyev millətimizin qürurudur, müstəqil dövlətimizin qurucusudur. Ona görə də, Azərbaycan xalqı öz qəlbində Ulu Öndərimizin əbədi abidəsini ucaldıb.

Ümummilli Liderimiz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti bu gün dünya miqyasında böyük nüfuza malikdir. Prezident İlham Əliyev Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasəti uğurla həyata keçirir. Müdrik, uzaqgörən dövlət xadimi kimi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı firəvan gələcəyə aparır. Müstəqil dövlətimiz bu gün çox etibarlı əllərdədir. Ulu öndər Heydər Əliyevin vurğuladığı kimi Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir, dönməzdir. Bu müdrik kəlam uğurla inkişaf edən müstəqil ölkəmizin timsalında öz təsdiqini tapır.

Bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən dövlətlərindən biridir, ölkəmiz dünyaya yeni simada təqdim olunur. Müstəqil Azərbaycanımız Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır, ölkəmizin razılığı olmadan regionda heç bir beynəlxalq layihə reallaşa bilməz. 28 illik müstəqilliyimiz dövründə Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv oldu ki, dünyada söz sahibi olan dövlətlər sırasına qoşuldu. Bu gün Azərbaycanın üçrəngli bayrağı BMT-də, Avropa Şurasında, ATƏT-də və digər mötəbər beynəlxalq qurumların önündə ucalır. Bu bayram ərəfəsində arzu edirik ki, dövlətimiz daha da güclənsin və bayrağımız əbədi olaraq zirvələrdə dalğalansın.

Prezidentimiz İlham Əliyev hər zaman deyir ki, İrəvan, Göyçə, Zəngəzur bizim tarixi torpağımızdır. Bizim heç kimə qarşı torpaq iddiamız yoxdur. Biz bütün itirilmiş torpaqlarımıza geri qayıdacağıq.

Leyla NƏCƏFOVA,

Qaradağ rayon Heydər Əliyev Mərkəzinin Baş Fond müdiri

Bütün xəbərlər Facebook səhifəmizdə