Əksəriyyəti geyimini və rəftarını bilmir TELEVİZİYALARLA BAĞLI - SORĞU

Əksəriyyəti geyimini və rəftarını bilmir TELEVİZİYALARLA BAĞLI - SORĞU

Mətbuat cəmiyyətin aynası hesab olunur. O baxımdan ki, istənilən dövlətdə məhz milli mətbuat həmin ölkənin, xalqın milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında, gələcək nəslə ötürülməsində böyük rol oynayır. Bununla yanaşı, istər yazılı, istərsə də elektron KİV-lər milli vətənpərvərlik ruhunun yüksəldilməsində önəmli yer tutur.

Təəssüf ki, Azərbaycanın bəzi telekanalları öz biznes maraqlarından çıxış edərək bu yüksək dəyərlərin qorunması məsələsində neqativ mövqe sərgiləyirlər. Bayağı, ucuz şou-proqramlarla efiri zəbt etmiş bir sıra telekanallarımız insanlarımızın zövqünü oxşamaqdansa, bu zövqü məhv etməklə məşğuldurlar. Bəs gəlin görək paytaxt sakinlərimizi telekanallarımızın ümumi vəziyyəti qan edirmi? SİA şəhər sakinləri arasında hansı televiziya kanallarının baxımlı olması və bəyənilməsi mövzusunda sorğu keçirib:

Şəhər sakini Səbinə Əliyeva: “Ən sevdiyim kanal Elgiz Əkbərin verlişi olan ARB-dir. Çünki, Elgiz Əkbər insanların dərdindən anlayır. Digər kanalları isə bəyənmirəm. Həm də iş adamıyıq, televiziyaya baxmağa çox vaxtımız yoxdur”.

Şəhər sakini Aytən Abbasova: “Ən çox baxdığım kanal Xəzər TV, ATV-dir. Mahnı kanallarından isə MTV ən sevdiyim kanaldır. Rus kanallarından CBC adlı kanalı isə heç bəyənmirəm. Bütün kanallar Azərbaycan dilində olsa daha yaxşı olar. Rus kanallarının dilini hamı başa düşmür. Yerdə qalan bütün Azərbaycan kanallarını sevirəm”.

Şəhər sakini Hicran Babayeva: “Əslində çox televizora baxan biri deyiləm. Təsadüfi açanda hansı maraqlıdırsa, o kanala baxmağa davam edirəm. Əsasən, baxdığım kanal Xəzər TV-dir. O biri kanalları da bəyənirəm, lakin çalışdığım üçün vaxt tapmaq mümkün olmur”.

Şəhər sakini Türkan Kərimova: “Ən bəyəndiyim televiziya kanalı AzTV və Mədəniyyət kanalıdır. Günümün böyük qismini bu kanallara baxmaqla keçirirəm. Digərlərini bəyənmirəm. Çünki, aparıcı seçimi yaxşı deyil. Əksəriyyəti geyimini və rəftarını bilmir. Həmçinin, yaxşı maraqlı verlişləri də yoxdur. Bu iki kanal isə mövzu baxımından çox yaxşı, maarifləndirici seçimlər edirlər. Bunlar insanı inkişaf etdirir. Əlimdə olsa yerdə qalan bütün kanalları bağlatdıraram”.

Şəhər sakini Nəzakət Hümbətova: “Ən bəyəndiyim kanal Xəzər TV-dir. Xəzər TV-nin qonaqları çox olur. Bu da çox maraqlıdır. Həmçinin, bu kanalda tez-tez köhnə kinolar da verilir. İctimai TV də yaxşıdır. Günəş kanalı var ki, o da uşaqlar üçün yaxşıdır. Uşaqlar boş vaxtlarını bu kanallar vasitəsilə qiymətləndirir”.

Şəhər sakini Fərid Əliyev: “Televiziya kanallarına elə də çox baxmıram. Çünki, vaxtım yoxdur. Vaxtımın əksəriyyətini internetdə kinolara baxmaqla keçirirəm. Kanallarda baxılası maraqlı bir şey yoxdur. Bütün məlumatı internetdən alıram”.

Şəhər sakini Nərgiz Quliyeva: “Heç bir kanala baxmıram. Çünki, hamısı maraqsızdır”.

Şəhər sakini Sevinc Sadıxova: “Ən çox baxdığım və bəyəndiyim kanal İctimai TV-dir. ATV-ni heç bəyənmirəm. Çünki, bu kanalda bəzi müğənnilərin özünü idarəetmə səviyyəsi yoxdur. Space televiziyasını heç bəyənmirdim. Çox sevindim ki bu kanalda dəyişiklik olundu. Lider TV-yə isə heç vaxt baxmırdım. Bir də AzTV-ni sevirəm”.

Şəhər sakini Elbrus Məmmədov: “Ən çox baxdığım kanal Az TV-dir. Ümumilikdə isə heç bir Azərbaycan kanalını bəyənmirəm. Çünki, kanallarda hamı pul xatirinə çıxış edir və özlərini reklam edirlər. İnternet kanalları arasında SƏS TV-yə baxıram. Çünki çox maraqlı layihələr olur".

Şəhər sakini Ömər Aslanov: “Mənim ən sevdiyim 2 sanballı Azərbaycan kanalı var. Biri ARB 24, digəri isə Mirşahin Ağayevin kanalı Real TV-dir. Bu kanallarda Qarabağ mövzularına böyük yer verildiyi üçün çox sevirəm. O birilərdə isə qeyri-etik, şantaj və digər mənasız görüntülər olur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə