Bu gün Yeni Azərbaycan Partiyası (YAP) rəhbərliyi YAP Binəqədi rayon Təşkilatında gənclərlə görüş keçirib. SİA-nın xəbərinə görə, tədbirdə YAP -ın sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov, YAP icra katibinin müavini Mübariz Qurbanlı, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Binəqədi rayon Təşkilatının sədri Nəbi Xəlilov və başqaları iştirak ediblər.
Tədbirdən öncə YAP Binəqədi rayon Təşkilatına yeni üzv olan 7 gəncə partiya vəsiqələri təqdim edilib.
Daha sonra tədbiri giriş sözü ilə açan Əli Əhmədov bildirib ki, partiyanın sıralarına qoşulmaq üçün hər zaman müxtəlif gənclər müraciət edir. Onun sözlərinə görə, may ayı ərzində YAP Binəqədi Rayon Təşkilatına 400-ə qədər üzv daxil olub və bunların da əksəriyyəti gənclərdir. Ə.Əhmədov vurğulayıb ki, gənclər YAP sıralarına daxil olmaqda düzgün addım atıblar: "İlk növbədə YAP kifayət qədər əzəmətə, gücə malik olan bir təşkilatdır. Hər bir Azərbaycan vətəndaşı da ədalətin, gücün tərəfdarı olmaq istəyir. Bu mənada gənclərin addımı düzgün hesab olunmalıdır. Digər tərəfdən YAP ümummilli lider Heydər Əliyevin ideyalarının həyata keçirilməsində, ölkənin inkişaf etdirilməsində əsas həlledici rol oynayır. Müxtəlif sayda böyük və əzəmətli layihələri həyata keçirmək, partiyaya qoşulmaq istəyən gənclər düzgün yoldadırlar. Bundan əlavə, bir sıra gənclərin partiyaya daxil olmasında məqsədi digər məsələlərlə bağlıdır. Belə ki, bu gənclər YAP-ı seçməklə özlərinin siyasi fəaliyyətlərini təsdiqləmək üçün partiyada meydan əldə edirlər. Bu gün həm ölkənin inkişafı, həm də partiyanın gücü prezident İlham Əliyevin rəhbərliyi ilə bağlıdır. Azərbaycanın inkişafı yüksək bir mərhələyə çatıb. Bu və ya digər səbəblərlə əlaqədar olaraq bu gün YAP-a çoxlu sayda gənclər daxil olmaq istəyir. Hazırda partiyanın yarım milyondan çox üzvü var və onun 40 faizini gənclər təşkil edir. Son 20 ildə Azərbaycan əhalisinin sayı 2 milyon nəfər artır. Demoqrafik strukturda gənclər daha çox üstünlük təşkil edir. Bu qədər gənci olan ölkənin gələcəyi də çox parlaqdır. Gənclərin ölkədə həyat fəaliyyətinin yaxşılaşdırılması üçün mühüm işlər görülür. Bu yaxınlarda cənab prezidentin sərəncamı ilə Azərbaycan gənclərin inkişafı ilə bağlı proqram hazırlanır. Bu proqram gənclərlə bağlı siyasətin yeni mərhələyə çatmasına və daha da inkişafına səbəb olacaq. Azərbaycan gəncliyinin qarşısında bu gün geniş perspektiv açılıb və həyat səviyyəsi yüksəlib, o cümlədən 20 il öncə gəncliyin rastlaşdığı problemlərdən də uzaqdır. Biz istəyirik ki, Azərbaycanın gələcəyinin qurulması prosesində gənclər fəal olsunlar və ictimai-siyasi sabitliyin qorunmasında iştirak etsinlər. Sabitlik olmayan yerdə inkişafdan söhbət gedə bilməz. Azərbaycan prezidentinin yürütdüyü siyasət inkişaf üçün geniş imkanlar açıb".
Daha sonra Ə.Əhmədov qeyd edib ki, bəzi qüvvələr ölkədə vəziyyəti məqsədli şəkildə gərginləşdirməyə cəhd edir. Bu zaman gəncliyin dövlətçiliyin yanında olduğunu deyən icra katibi bildirib ki, səhv yola gedən gəncləri bu yoldan çəkindirməkdə YAP-ın üzvü olan gənclər onlara kömək etməlidir: "Ölkədə az da olsa gənclərimiz kimlərinsə maraqlarının həyata keçirilməsi üçün alətə çevrilirlər. Kim o tələyə düşübsə, o gənclərin həyatı sınır. Biz istəyirik ki, onlar düz yola yönəlsinlər və Azərbaycanın inkişafı naminə prosesdə iştirak etsinlər".
Tədbirin davamında partiya rəhbərliyi gəncləri maraqlandıran sualları cavablandırıb və müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB