Jurnalistlərin saldığı "Yaşıl Qələm" bağında 100 faiz bitiş alınıb – REPORTAJ, FOTOLAR

Jurnalistlərin saldığı "Yaşıl Qələm" bağında 100 faiz bitiş alınıb – REPORTAJ, FOTOLAR

İradə İbrahimova: “Gördüyümüz “Yaşıl qələm” bağının belə gözəl alınması jurnalistlərin təşəbbüsü və əməyi sayəsində mümkün olub”

Bakının Zığ şossesinin kənarında jurnalistlərin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə salınmış “Yaşıl qələm” jurnalistlər bağında əkilən ağaclara bu gün media nümayəndələri tərəfindən qulluq olundu və ərazidə yeni ağaclar əkilib.

SİA xəbər verir ki, tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, media qurumlarının rəhbərləri, tanınmış jurnalistlər və mətbuat nümayəndələri iştirak edərək əkdikləri meyvə ağaclarının bəhrəsini görüb və ürəkaçan mənzərənin şahidi olublar.

Tədbirin sonunda bağın ərsəyə gəlməsində zəhməti olan jurnalistlər çay süfrəsi arxasında səmimi söhbət edib və xatirə fotoları çəkdiriblər.

Tədbirdə iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərlə öz təəssüratını bölüşüb: “Jurnalistlərin öz əməklərinin bəhrəsini görməyə gəlməsi müsbət haldır. Hazırda Suraxanı rayonundayıq və 2 il öncə jurnalistlərin təşəbbüsü ilə həmkarlarımla salınmış “Yaşıl qələm” bağındayıq.

Bakının Zığ şossesinin kənarında jurnalistlərin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə salınmış jurnalistlər bağında əkilən ağaclara bu gün media nümayəndələri ilə birgə qulluq etdik və ərazidə yeni ağaclar əkdik.

Çox sevindiricidir ki, jurnalistlərin saldığı bağda 100 faiz bitiş əmələ gəlib. Əlbəttə ki, böyük ruh-yüksəkliyi və coşğu ilə əkilən ağaclardan bu cür bağın ərsəyə gəlməsi təbiidir. Özünüz də gəlib əkdiyiniz meyvə ağaclarının bəhrəsini gördünüz və ürəkaçan mənzərənin şahidi oldunuz. Hamınıza təşəkkür edirik ki, Abşeron yarımadasının yaşıllaşdırılmasında hamılıqla iştirak edirik”.

Qeyd edək ki, bu tədbir artıq ənənə halını alıb. Hər il media nümayəndələri öz əkdikləri ağacları görmək, onların necə yetişdiyinə nəzarət etmək üçün əraziyə gəlirlər. Vaxtilə boz çöllük olan bir ərazi indi göz oxşayan yaşıllığa çevrilib. Ərazidə damcılı suvarma sistemi qurulub və ağaclar mütəmadi olaraq suvarıldığından heç biri qurumayıb.

Bundan əlavə, çərgələr arasında çox sayda yeni kiçik tinglər əkilib ki, onlar da bir az böyüdükdən sonra çıxarılıb başqa ərazilərdə əkiləcək. Əkilən ağac tingləri ərazinin təbiəti, iqlimi və torpağına uyğun növlərdən seçilib.

Jurnalistlər və nazirlik nümayəndələri ağacların dibini yumşaltdılar, su verdilər, yeni tinglər əkdilər. Qeyd edək ki, bu işdə bəzi jurnalistlərin özləri ilə gətirdiyi azyaşlı uşaqları da fəal kömək göstərdilər. Bu isə onların ekoloji tərbiyəsi üçün əyani dərs rolunu oynadı.

Sonra şirniyyat süfrəsi ətrafında ekoloji mövzuda müzakirələr aparıldı, Abşeron yarımadasının digər yerlərində yeni yaşıllıq sahələrinin salınmasında daha fəal iştirak etməyin vacibliyi qeyd olundu.

Nazirlik rəsmiləri bildirdi ki, belə yaşıllıq sahələrinin digər yerlərdə salınması planlaşdırılır və əksər jurnalistlər bu işdə öz köməkliklərini göstərməyə hazır olduqlarını bildiriblər.

Xatırladaq ki, 2019-cu ilin martın 10-da 100-dən çox jurnalistin iştirakı ilə sözügedən ərazidə yapon əzgili, feyxoa, nar, ərik ağacları əkilmiş və bağa "Yaşıl qələm" adı verilmişdi.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə