Məlum olduğu kimi, Azərbaycan "Eurovision-2011" mahnı müsabiqəsinin qalibi oldu. Bu tarixi hadisə ilə bağlı nəinki yerli, hətta, beynəlxalq mətbuat orqanları da Azərbaycanın qələbəsini alqışlayan məqalələr dərc etdi.
Almaniyanın nüfuzlu "Frankfurter Allgemeine Zeitung" qəzetində Azərbaycan təmsilçilərinin "Eurovision-2011" mahnı müsabiqəsində qələbəsi münasibətilə "Tanrı onlara cənnətdən bir parça verdi" başlıqlı məqalə dərc edilib. Məqalə Azərbaycanın ayrı-ayrı bölgələrinin təbii şəraiti və yaşayış səviyyəsinin təsvirinə həsr olunmuşdur. Əvvəlcə Lahıc qəsəbəsinin təsviri başlayır. Müəllif qəsəbədəki evlərin çay daşlarından tikildiyini və buna görə də diqqəti çəkdiyini, sakinlərin qonaqpərvər olduğunu qeyd edir.
Lahıca keçən il 20 min turist gəldiyi və almaniyalı rejissor Veit Helmerin "Absurdustan" filmini məhz burada çəkməsi haqqında da məlumat verilir. Yazıda 2011-ci ilin Azərbaycanda "Turizm ili" elan olunduğu bildirilir. "Azərbaycan tarixin, dinlərin və mədəniyyətlərin kəsişdiyi yerdir" fikri sitat gətirilir. Avropanın müxtəlif paytaxt şəhərlərindən Bakıya birbaşa uçuşların olduğu qeyd edilir.
Müəllif Lahıcdan sonra Şəki haqqında danışır, oradakı ən böyük ipək fabrikinin və karvansaranın adını çəkir, Kiş kəndindəki alban kilsəsi haqqında qısa məlumat verir, daha sonra ekskursiya Gəncə şəhəri ilə davam etdirilir. Müəllif bildirir ki, təkcə Bakıdan deyil, Gəncədə də "Eurovision" mahnı müsabiqəsinin izlərinə, yəni Avropa pop musiqisinə rast gəlmək olar. Gəncədə bir toyun təsvirini verərkən müəllif pop musiqisindən sonra ənənəvi muğamın ifa olunduğunu qeyd edir. Məqalə Azərbaycanın qonaqpərvərliyinin təsvirinə dair bir lətifə ilə başa çatır: "Tanrı yer üzünü yaradanda onu millətlər arasında bölərkən Azərbaycan təmsilçisi gec gəlib çıxır. Tanrının "Niyə gec gəldin?" sualına azərbaycanlı "Qonağım varı idi, gələ bilmirdim" cavabını verir. Bu cavab Tanrının xoşuna gəlir və azərbaycanlılara cənnətdən bir parça pay verir".
Göründüyü kimi, həyata keçirilən praqmatik inkişaf strategiyasının fonunda əldə etdiyi göstərici və nəticələrə görə Cənubi Qafqaz regionunun lider aktoruna çevrilən Azərbaycan regional və qlobal miqyasda bütün sahələrdə əhəmiyyətli nailiyyətlər əldə etməkdədir. Siyasi, iqtisadi və mədəni müstəvidə görülən kompleks tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycan dünya miqyasında mütəmadi və sürətli inkişaf tempinə malik olan ölkə kimi tanınır və ölkəmizin nüfuzu dinamik surətdə artmaqdadır. Təbii ki, bunu şərtləndirən təməl strateji faktorlardan biri də milli hakimiyyətin həyata keçirdiyi rasional diplomatik kurs və milli maraqlar, dəyərlər üzərində qurulmuş xarici siyasət strategiyasıdır. Nəzərə alsaq ki, Azərbaycanın xarici siyasət strategiyasının təməl prinsiplərindən biri də digər xalqların və ölkələrin maraqlarına, dəyərlərinə hörmət edilməsidir, onda asanlıqla qeyd edə bilərik ki, ölkəmizin dünya miqyasındakı müsbət reputasiyası daha da güclənməkdə və yeni keyfiyyət çalarları əldə etməkdədir...
Azərbaycanın Almaniyanın Düsseldorf şəhərində keçirilən "Eurovision-2011" mahnı müsabiqəsində qalib gələrək Avropanı fəth etməsi də söylənilən fikirləri bir daha təsdiq etdi. İlk baxışdan belə görünür ki, Azərbaycanın qələbəsini şərtləndirən əsas və yeganə faktor ölkəmizin təmsilçilərinin gözəl ifası oldu. Amma məsələyə daha geniş aspektlərdən yanaşsaq, qeyd edə bilərik ki, təmsilçilərimizin ifası ilə yanaşı, bir neçə fundamental və mütləq faktor Azərbaycanın qələbəsini şərtləndirmiş oldu.
İlk növbədə, müvafiq strukturlar və subyektlərin yüksək səviyyəli diqqət və qayğısı Azərbaycanı qələbəyə aparan fundamental faktor oldu. Başda ölkəmizin birinci xanımı YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu olmaqla, Gənclər və İdman Nazirliyi, İctimai Televiziya kimi qurumların gərgin əməyi "Eurovision-2011" mahnı müsabiqəsində ölkəmizin möhtəşəm qələbəsinin əsasında duran mühüm amillərin öncüllərindən oldu. Bununla yanaşı, Azərbaycan dövlətinin həyata keçirdiyi uzunmüddətli praqmatik diplomatiya və formalaşdırdığı ikirtərəfli münasibətlər sistemi ölkəmizin mütləq mənada dəstəklənməsinə birbaşa fundamental töhfələr verdi. Məhz bu cür mütləq dəstəyin nəticəsində Azərbaycan mədəniyyəti Avropanı fəth etdi. Digər tərəfdən, ölkəmizin öz maraqları və dəyərləri əsasında Avropaya simmetrik və paritet surətdə inteqrasiya etməsi də bəhs edilən müsabiqənin nəticələrinə birmənalı şəkildə təsir göstərdi. Avropa xalqlarının ölkəmizi dəstəkləmələri bir daha onu sübut etdi ki, Azərbaycan bəhs edilən geosiyasi vahidin üzvlərindən birinə çevrilib və ölkəmizin nüfuzu mütəmadi surətdə artmaqdadır. Bunlarla yanaşı, Azərbaycanın "Eurovision-2011" mahnı müsabiqəsində qələbə qazanması ölkəmizə milli-mənəvi dəyərlərin təbliğ edilməsi işində də önəmli avantajlar qazandırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB