Bayağılaşmaya qarşı mübarizəmiz - ANALİZ

Bayağılaşmaya qarşı mübarizəmiz - ANALİZ

İntensivləşən işlərin öz keyfiyyətini itirməsi gözlənilən haldır. Belə ki, bir yazarın gün ərzində yazdıqlarının kəmiyyəti artarsa müəyyən keyfiyyətsizlik yarana bilər. Bu cür keyfiyyətsizliyə daha çox yol açan amillər isə qeyri-peşəkarlıq, zövqsüzlük ola bilər. Bu çatışmamazlıqların bağışlanması isə bütün bir sistemi degenerasiyaya uğrada bilər. Belə ki, bu bayağılıq virus kimidir. Əvvəlcə öz işartılarını göstərir, onların qarşısı alınmadıqda isə sürətlə yayılır.

"Xalqın gözü tərəzidir" belə ki, lazım gəlsə bütün bayağılıqlara dayan, bəsdir, sus demək sizin də borcunuzdur. Bizi ən çox qıcıqlandıran sözlər bunlar olmalıdır "bu kitabın oxuyanı var, bu mahının da dinləyən və ya bəyənəni var". Sənət, musiqi, ədəbiyyat elə vacib nöqtələrdir ki, cəmiyyətə təqdim olunmazdan əvvəl dəfələrlə süzgəcdən keçməlidir.

Dövlətimiz mediaya və ya televiziyaya senzura tətbiq etmir. Eləcə də dünyada azad media, nəşriyyata verilən azadlıqlar böyük səhvlərə yol açmaqdadır. Yəni azadlıq nə bayağılıq kimi anlaşılmalı, nə də bayağılaşmamalıdır. Əlimizdə hələ də onlara qarşı mübarizə aparmaq üçün yol var. Nəzərə alaq ki, quruluş bizə də onlara təsir etmək barədə qadağa qoymayıb. Öz qulaqlarımızın sağlığı üçün, zövqlərimizin korlanmaması üçün, biz o bayağılıq virusu ilə sərt şəkildə döyüşməliyik.

O virus hər yerdədir. İstifadə etdiyimiz ictimai nəqliyyatın radiosunda, televizorumuzun kanallarında, hansısa toy məclisində, günəmdə və.s. Hətta bu virus artaraq cəmiyyətin yarısından çoxunu da öz ağuşuna alır. Bu çoxluğa isə yalnız degenerasiya olmuş və bayağı olanlar həzz verir. Bayağılaşmış hər fərd bu dünya üçün canlı ölü hesab edilə bilər.

Dinləyə biləcəyimiz o qədər mükəmməl musiqilər, oxuya biləcəyimiz püxtələşmiş cümlələr var ki, onlara bir ömür yetməz. Amma topluluq sakitcə virusun yayılmasına lağ edir. Gülür və bundan həzz alır. Hamı gülsün deyə paylaşır və bunları təqdir edir. Beləcə bayağılıq reytinq qazanır. Keyfiyyətli və orijinal olanlar isə öz pərəstişkarlarını itirirlər. Bu itkilər də onlarda ruh düşkünlüyü yaradır, beləliklə onlar da bayağı olmağa üz tuturlar.

Məsələn onsuz da kifayət qədər izləyicisi olmayan teatrlarımız karantin müddətində tamamilə boş qalıb. Heç bir izləyicisi olmayan aktyor hansı həvəslə rolunu oynaya bilər? Fərz edək ki, bizim də bir media orqanı olaraq heç bir oxuyucumuz yoxdur. Məvacibimiz olsa da oxuyucusuz yazmaq əsl faciədir. Karantin müddətində isə yüzlərlə aktyorumuz teatrlarda bu talehlə üzləşir. Onları bəzən seriallarda görmək isə artıq onları itirdik deməkdir.

Bu cəmiyyət öz sənətkarın itirməməlidir və lazım gəlsə açıq havada yüzlərlə tamaşaçı teatr izləməlidir. Bayağılaşmaq, koronaya yoluxmaq daha dəhşətlidir. Çünki koronanın müalicəsi var. Bayağılıq isə insanın bir növ ruhunu öldürür. Ruha isə peyvənd vurmaq olmur.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə