"Energetik içki içənlər bu xəstəliyə düçar ola bilər" EKSPERT İZAH ETDİ

"Energetik içki içənlər bu xəstəliyə düçar ola bilər" EKSPERT İZAH ETDİ

"Energetik içkilərlə bağlı ölkədə daim problem mövcud olub". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, energetik içkiləri Azərbaycan bazarına gələn ilk gündən Azad İstehlakçılar Birliyi iş aparır ki, insanlar bundan az istehlak etsinlər: "Xüsusən yay aylarında kolanı, fantanı baxmayaraq ki, bunlar energetik içkilər deyil, onu içirlər ki, sərinləsin. Lakin fizikanın çox bəsit qanunu var. Cisim, bədən o zaman sərinlənir ki, ondan enerji ayrılsın. İnsanlar elə bilir ki, həmin içkiləri içəndə sərinləşirlər, əksinə ondan enerji alır. Bu təhlükəli içkilərin Azərbaycan bazarında yayılmasının səbəbi odur ki, buna tələb var. Birmənalı şəkildə energetik içkilərinin idman yarışlarınını sponsoru olmasının həmişə əleyhinə olmuşam. Xüsusən velosiped yarışlarının tam əleyhinə olmuşam".

Eyyub Hüeynov həmçinin qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığını nəzərə alaraq, energetik içkilərin tərkibinin yaxşılaşdırılması üçün bir il öncə müəyyən standartlar qəbul etdi: "Hazırda ölkənin əmtəə bazarına daxil olan energetik içkilərin əksər hissəsinin tərkibi nisbətən təhlükəli, öyrəşdirici maddələrdən xeyli azaddır. Lakin tam azad deyil. Təəssüflər olsun ki, energetik içkiləri uşaqlar da içir. Həmin içkilərin qablaşdırmasının üzərində energetik içkilərin 18 yaşına çatmayan insanlara və hamilə qadınlara satışı məsləhət görülmür. Zəifə, xəstə üçün zərərli olan bir içki güclü, sağlam adama xeyir edə bilərmi? Məntiq burada hardadır? Birmənalı şəkildə energetik içkilər insanlarda asılılıq yaratmaqla bərabər həm də onların orqanizmlərini məhv edir. Ona görə də insanlar energetik içkilərdən uzaq durmalıdırlar. Lakin bu bazar iqtisadiyyatıdır. Dünyanın hər yerində dövlətlərin maraqları, iqtisadiyyatı gücləndirmək, büdcəyə pul cəlb etmək. Ona görə də dünyanın hər yerində satılır. Lakin insan həyatı və sağlamlığı arxa plandadır. Ona görə də vətəndaşları mən energetik içkilərdən uzaq olmağa çağırıram. Onu süfrələrə gətirməsinlər. Mümkündürsə bələdiyyələr məktəblər. Valideyn birlikləri iş aparmalıdırlar ki, insanlar energetik içkilərdən uzaq olsunlar".

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə