Metro bu tarixdə açılacaq? - DİQQƏT! QURUM RƏSMİSİ AÇIQLADI

Metro bu tarixdə açılacaq? - DİQQƏT! QURUM RƏSMİSİ AÇIQLADI

“Bildiyimiz kimi pandemiya şəraitində, o cümlədən xüsusi karantin rejimində Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti yalnız və yalnız, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir. Bu isə o deməkdir ki, metroda sərnişin daşımanın bərpası, dayandırılması və digər məhdudiyyətlərin həyata keçirilməsi Nazirlər Kabinetinin verəcəyi qərarla tənzimlənəcək. Hal-hazırda sonuncu, yəni 2021-ci ilin mart ayında verilən qərara əsasən xüsusi karantin rejimi müddəti iyun ayının 1-nə qədər uzadılıb. Bu həm də Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayanması müddətinin uzadılmasına da şamil olunub. Hal-hazırda metropoliten növbəti qərara uyğun olaraq fəaliyyətini tənzimləyəcək”. Bunu SİA-ya açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, metropolitendə iş rejiminə gəldikdə, sərnişin daşımaya bura qədər olduğu kimi indi də hazır vəziyyətdə bütün insfrastuktur saxlanılır: “Yalnız onu deyə bilərəm ki, Elmlər Akademiyası stansiyası ilə bağlı dünən sosial mediada aparılan müzakirələrin Operativ Qərargahın verəcəyi qərarla heç bir əlaqəsi yoxdur. Aprel ayında Elmlər Akademiyası stansiyasında ağac şpalların dəmir-beton bloklarla əvəz olunması prosesi başlayarkən elan etdiyimiz kimi, həmin işlər texnoloji proseslərin ardıcıllığına uyğun olaraq iyun ayının 1-də tamamlanır. Bu tamamilə fərqli, sırf texniki xüsusiyyətli, metropolitenin özünün iş prinsiplərinə uyğun təmir prosesidir. Nəzərə almaq şərti ilə, metropolitenin bütün insfratukturunda optimal hazırlıq səviyyəsi var. Bura qədər də bu belə olub. Yəni, prinsipial olaraq metropolitenin başlıca vəzifəsi normativ sənədlərin tələblərinə uyğun olaraq, bütün insfrastukturu hazır vəziyyətdə saxlamaqdır ki, bu işlər də icra olunur”.

Rəhbər sözlərinə belə davam edib: “Metropolitenin fəaliyyəti yalnız epidemioloji vəziyyətlə bağlıdır. Bu metropolitenin peşə və xidmət xüsusiyyətlərinə aid olmayan məsələdir. Metropolitendə epidemioloji vəziyyətin qiymətləndirilməsi qeyri-mümkün olduğu üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın verə biləcəyi qərarlar mütləq olaraq qəbul olunacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə