“Doğrudur 10-15 il əvvəl boşanmaq cəmiyyətin qəbul etmədiyi, daha doğrusu edə bilmədiyi şey olub. İndi isə normal qarşılanır. Bəlkə də, boşanma normallaşdığı və ictimai qınaqla qarşılaşmadığı üçün sərbəst hal alıb. Lakin, ümumiyyətlə toplumu kənara qoysaq, insanlar niyə boşanır?”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Onun sözlərinə görə, ilk öncə boşanma statistikasına nəzər yetirək: “Gəlin xatırlayaq ki, pandemiyadan öncə həyat necə gözəl olub. Virusdan əvvəl möhtəşəm toylar olub. Sanki, insanlar evlənməklə bir-biri ilə bəhsə girirdilər. Bu gün də o düşüncə var. Kiməsə sual verirsən ki, “niyə evlənməmisən?” və qəribə cavab alırsan. Cəmiyyətdə ailə qurmayan adama qəribə bir baxış var. İctimai qınaq olmasın deyə insanlar evlənməyə tələsir. Digər tərəfdən də rəqabət məsələsi. İnsanlar müəyyən bir yaşdan sonra anlayır ki, evlilik əslində, böyük bir prosesdir. İnsanlar ətrafdakılar üçün deyil, bir-birini sevdiyi, başa düşdüyü üçün ailə qurmalıdır”.
Psixoloq sözlərinə belə davam edib: “Erkən evliliklər var ki, bu şəxslər müəyyən yaşdan sonra bir-biri üçün uyğun olmadığını anlayır. Bu gün bizim toplum da boşanmaya adi baxır. 10-15 il öncə ilə indiki fikir eyni deyil. İnsanların əksəriyyəti ictimai qınaqdan bezib evlənir və yalnış tələsik yalnış seçim edir. İnsanlarda olan aqressiya da boşanmalara gətirib çıxarır. Diqqət, qayğı, özgüvən əskikliyi və qısqanclıq səbəb yaradan amillərdir. Nəticədə, ailədə münasibətlər korlanır. Evliliyin ən kritik dönəmi isə ilk aylardır”.

Sosioloq Lalə Mehralı isə fikirlərini belə qeyd edib: “Tək bizim ölkədə deyil, dünya təcrübəsinə əsasən də hazırkı pandemiya vəziyyəti ailədaxili təzyiqlərin və boşanmaların artmasına təkan verib. Yəni karantin rejimi ailədəki problemləri daha da qabardıb. Tərəflərin bir evin içində daha çox vaxt keçirməsi xarakterlərin bir-birinə uyğun gəlib-gəlmədiyini üzə çıxarır. Cəmiyyətin həm sosial, həm də psixoloji vəziyyəti gərginliyin pik həddindədir. Beyni məişət qayğıları ilə yüklənmiş insan xoşbəxt ola bilmir. İndi 20-30 il əvvəlki kimi uşaqların xətrinə ailəni dağıtmamaq məsələsi əhəmiyyətli deyil, tərəflər anlaşmırlarsa, yola getmirlərsə problemi məhkəmədə həll edirlər.
Təbii ki işsiz qalan oandemiya qurbanlarının maddi gəlirinin azalması da əlavə problemlərin yaranmasına səbəb olur, ailə maddi çətinlik yaşayanda tərəflər dözümlülük göstərmir.
Təəssüflə demək məcburiyyətindəyəm ki evliliklərin böyük nisbətinin maddi çıxarlar üzərində baş tutduğunu nəzərə alsaq, karantin rejimində həmin cütlüklərin bir çox uyğunsuzluqları meydana çıxır. Yəni daha samanlıq seyranlıq olmur. Pulun gözü kordur misalı boşuna deyilməyib yəni.
Mən elə hesab edirəm ki karantin rejimi bitdikdən sonra da kütləvi boşanmaların baş verməsi gözləniləndir. Lakin yaxşı olardı ki, bu çətin günlərdə tərəflər bir-birilərinə güzəştlər etsinlər, ilk mübahisədə, ilk çətinlikdə boşanmaq asandır, amma ailə qurmaq çətin".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB