Analar körpələrini niyə dayəyə əmanət edir: məcburiyyətdən, yoxsa...? – ARAŞDIRMA

Analar körpələrini niyə dayəyə əmanət edir: məcburiyyətdən, yoxsa...? – ARAŞDIRMA

Ana: “Uşağımın dayəsini 3 ay izlədim, bir gün kamera yazısına baxanda gördüm ki...”

Onu 9 ay bətninizdə gəzdirdiniz, ağrı və sevinclə dünyaya gətirdiniz, gecələr beşiyi başında yuxusuz qaldınız, onu südünüzlə bəslədiniz, onun üçün çox şeydən imtina etdiniz. Amma bir gün problemlər sizi “dürtdü”, “işləmək lazımdır”, “daha çox pul qazamaq lazımdır” deyə aldatdı. Siz gündüzlər dünyalar qədər sevdiyiniz körpənizdən ayrı qalmalı oldunuz və istəmədən onu başqalarına əmanət etdiniz...

Dayəyə uşağı əmanət etmək olarmı?

Uşaqlarını işləyərək böyüdən analar, uşaqlarını dəyəyə əmanət etmənin həyatlarında ən çətin verdikləri qərarlardan biri olduğunu deyirlər. Bəzi analar məcburiyyətdən, bəziləri könüllü olaraq övladını dayəyə etibar edir. İşə getməyə məcbur olan, övladını tək böyüdən analarımız da az deyil. Lakin öz kefindən geri qalmamaq üçün bu addımı atanların daha çox olduğu deyilir.

Psixoloqlar məsləhət görür ki, uşağın ən azı 3 yaşına qədər ona tərbiyəni valideyn versin. Bu, həm uşağın psixologiyası, həm özünə güvəni, həm də əhval-ruhiyyəsi üçün vacibdir. Körpələr qidalanma, çimdirilmə, geyinmə və təmizliyi ilə bağlı olan anlarda analarını yanında görmək istəyir. Onların ilk 3 ildə ana qayğısına daha çox ehtiyacı var.

Əgər məcburiyyət qarşısında qalmasa, ana, uşağı heç bir halda dayəyə əmanət etməməlidir. Ola bilər ki, ana çox gənc olsun, uşaq baxımı və tərbiyəsi barədə anlayışı olmasın, bu zaman işə dayə götürə bilər, amma dayə əsas baxıcı kimi deyil, köməkçi kimi olsa yaxşıdır. Körpə ətrafında daim anasını görəndə daha çox sevinir. Amma mütləq dayənin köməyindən istifadə edəcəksinizsə, o zaman bəzi şərtlərə əməl etməniz mütləqdir.

Dayəni işə götürəndə onunla müqavilə bağlamaq əsas şərtlərdən biridir. Əgər ciddi probleminiz yaranmasa, yaxşı olar ki, 3 yaşınadək övladınıza eyni dayə baxsın. 3 yaşında bağçaya verəcəyiniz uşaq tez-tez dayə dəyişməsindən təsirlənə bilər. Uşağınızın gecələr öz yanınızda yatmasına imkan yaradın. Bu onun həm əqli, həm ruhi, həm də fiziki sağlamlığı üçün vacibdir. Uşaq həftə sonunda, bayram və tətil günlərində valideynləri ilə birlikdə olsa daha məqsədəuyğun olar.

Yaxşı dayəni necə müəyyən edək?

İlk növbədə, işə götürəcəyiniz dayənin uşağınıza baxmağa həqiqətən yararlı olduğuna əmin olun, ola bilər ki, onu yalnız aldığı əməkhaqqı maraqlandırsın və bu da sizin və uşağınızın təhlükədə olmasının ilkin göstəricisidir. Dayənin uşağınıza öz evinizdə baxmasını şərt qoyun. Dayənin dünyagörüşü və təhsili barədə maraqlanın və övladınıza baxmasına qərar verdiyiniz dayəni ona hiss etdirmədən izləyin.

Övladına dayə axtaran hər bir valideynin diqqət edəcəyi xırdalıqlar var. Pedaqoq və psixoloqların məsləhələri əsasında təcrübəsiz analara dayə seçimində dəstək olması üçün kiçik tövsiyyələr hazırladıq.

Dayəniz:

• Təmiz, intizamlı və dürüst olmalı,

• Ailə həyatı qaydasında olmalı,

• Dəqiq və cəld olmalı,

• Mehriban və gülərüzlü olmalı,

• Ən azı 1 uşaq böyütmüş olmalı,

• Məsuliyyətli olmalı,

• Ünsiyyətcil olmalı,

• Tam olmasa da, körpənin anasına həm xasiyyət, həm də görünüşcə bənzəməli,

• Səbrli olmalı,

• Savadlı, öz üzərində işləyən olmalı,

• İşinə mane olacaq bir problemi olmamalı,

• Siqaret çəkməməli, içki içməməlidir.

Uşağı doğan yox, böyüdən onun anasıdır

Heç bir normal ana övladını kimsəyə əmanət etmək istəməz. İstisna hallar da var, amma bu çox cüzi faiz təşkil edir. Bir qayda olaraq bütün analar vaxtının çoxunu övladı ilə keçirmək istəyir. Amma həyat şərtləri bəzən buna imkan vermir.

Anaların işləmək kimi bir məcburiyyəti də olur. Bir çox analar işə gedə bilmək üçün övladını dayəyə əmənət edirsə, bəzi analar sərbəst gəzib-dolaşmaq, sərbəst həyat tərzi sürmək üçün övladına baxmaqdan imtina edir.

Övladın anaya ehtiyacı olan əsas dövr ana südü ilə qidalandığı (2 yaşadək) zamandır ki, bu müddətdə bir çox analar övladını özü qidalandırır. Amma bəzi qadınlar da bundan könüllü və şüurlu formada imtina edərək uşağın dayə tərəfindən süni qidalarla qidalandırılmasını tələb edir.

Unutmaq lazım deyil ki, uşaq bütün həyatı boyu öz anasını onu doğduğu üçün yox, ona qayğı göstərdiyi üçün sevir. Uşağın qayğıya daha çox ehtiyacı olduğu vaxtlarda onu başqasına əmanət etmək onun ana sevgisini daha az qəbul etməsinə və qeyri-sağlam psixologiyada formalaşmasına səbəb olur.

Rusiyada bir neçə il bundan qabaq çox maraqlı bir tədqiqat aparılıb. Məlum olub ki, cinayət törədən azyaşlıların 80 faizindən çoxu, ana südü ilə qidalanmayanlar, ana qayğısı görməyənlərdir. Bu problemi həll etmək üçün Rusiyada dövlət tərəfindən ciddi proqramların həyata keçirilməsinə başlanıb.

Dayəyə uşaq əmanət edən ananın nümunəvi davranışı

Yaxından tanıdığım bir qadın işləmək məcburiyyətində olduğu üçün 5 aylıq övladını dayəyə əmanət etmişdi. Amma işləyir deyə övladını ana südündən məhrum etmədi. Səhər körpəni əmzirir, qalan südünü sağıb uşağın qida şüşəsinə qoyur, öz yun paltarlarından birinə bükür və uşağın beşiyinə qoyur. İki saatdan sonra acan uşağa dayə həmin südü verir.

Süd ananın paltarına büküldüyü üçün körpə anasının qoxusunu hiss edir və südü rahatlıqla əmir. Ana nahar fasiləsində qaçaraq gəlib körpəni yenə əmzirir, eyni qayda ilə südünü sağıb qoyur və yenidən işə qayıdır. Körpə növbəti dəfə acanda da sağılmış südlə qidalandırılır və yenidən acana qədər ana işdən qayıtmış olur. Həmin ananın övladına baxan dayə də onun bu hərəkətindən həmişə ağızdolusu danışır, indiyədək gördüyü analarla müqayisə edincə də gözləri yaşarır.

Bəs analar dayəni işə götürərkən nələrə hazır olmalıdır?

Psixoloqlar bir çox anada bu prosesin çox da asan olmadığını müşahidə edirlər. Hətta bəzi analar var ki, övladını əmənət etdiyi dayəni tez-tez dəyişir və bununla da uşağının dayəyə bağlanmasının qarşısını almaq istəyir. Psixoloqlar deyir ki, analar uşağın dayəyə bağlanmasından qorxmasın, əksinə, tez-tez dayəsi dəyişən uşağın psixoloji problemləri yarana bilər.

Analar övladını güvəndə hiss etmək üçün əvvəlcə öz üzərində işləməlidir. Övladını dayəyə etibar edən analar dayə ilə qulluqçu kimi davranmamalıdır. Bu əlaqənin peşəkar və professional bir iş əlaqəsi olduğunu düşünmək və işə götürdüyünüz dayəyə güvənməyi öyrənmək lazımdır. Unutmaq lazım deyil ki, o bu işdə sizdən daha təcrübəlidir.

Əgər hər hansı bir problem yaranarsa, onun həllini zamanın axarına buraxmayın, hər şeyi danışaraq həll etməyə çalşın. Bu günə qədər adət etdiyiniz ev dizaynını bir qədər dəyişin və bu dizaynda dayənin fikirlərini nəzərə alın. Övladınızı dayəyə əmanət etməzdən qabaq onunla 2 həftə hazırlıq prosesi keçin.

Psixoloqlar bildirir ki, ana övladını qəfildən dayəyə əmanət edib getməməlidir. Ən azı 2 həftə uşaq həm dayəsini, həm də anasını bir arada görməlidir ki, hər ikisinə eyni dərəcədə güvənməyi öyrənsin.

Ana: “Uşağımın dayəsini 3 ay izlədim, bir gün...”

Bizim cəmiyyətdə övladını dayəyə etibar edən valideynlər bir o qədər də çox deyil. Nisbətən maddi imkanı yaxşı olan ailələr də bunun tərəfdarı deyil. Amma müasirləşən adətlər, dəyişən ənənələr bu yöndə də öz təsirini göstərməkdədir. Bizim insanlar da yavaş-yavaş övladlarını dayəyə etibar edirlər. Bu çox vaxt, bir qədər əvvəl dediyimiz kimi, məcburiyyətdən də ola bilir.

Müsahibimiz Aytən adlı gənc anadır. Aytən Həsənova övladları üçün dayəni işədüzəltmə bürosu vasitəsi ilə tapıb. Dayə ixtisasca pedaqoqdur: “Mən işədüzəltmə bürosundan xahiş etmişdim ki, dayənin mütləq özü də ana olmalıdır, analıq hissi olmayan qadından peşəkar dayə də olmaz deyə düşünürəm. 3 ay dayəni izlədim, çünki ondan öncəki dayədən narazı qalmışdım. Evə nəzarət kamerası da yerləşdirdik, dayənin xəbəri olmadan təbii ki. İşə götürəndə qoyduğum şərtlərdən biri də o idi ki, uşaqları öpməsin. Bir gün axşam evə gələndə kamera yazısını izləyəndə gördüm ki, uşaqların başını sığallayıb, qucağına alıb və sadəcə əlindən öpüb. Bu davranışından sonra ona güvəndim. İndi mən uşaqlara acıqlananda onun üstünə qaçırlar, onu qucaqlayırlar”.

Bizə həqiqətən də dayə lazımdırmı?

Hər gün mediada görürük, oxuyuruq, dinləyirik- nə qədər uşaq öz dayəsi tərəfindən zorakılığa məruz qalır. Bu əvvəllər bizə yad bir hiss idi, yalnız xarici telekanallarda bu barədə xəbərlər görürdük. Amma son illər bizim cəmiyyətdə də bu cür hadisələr çox olur. Bu səbəbdən də övladınızı dayəyə etibar etməzdən yaxşı fikirləşmək lazımdır. Əvvəlcə özünüzə sual verin: Bizə dayə lazımdırmı?

Əgər bu vacib deyilsə, onu özünüz tərbiyə edin və bu prosesdə ailə üzvlərindən də dəstək alın. Çünki nə qədər təcrübəsiz olsa da, körpənin öz anasına ehtiyacı var. Siz uşaq baxımı barədə böyüklərinizdən məsləhət ala bilərsiniz, dünyaca məhşur uşaq baxımı kitablarından çox şey öyrənə bilərsiniz.

Yox, əgər düşünürsünüz ki, sizə dayə mütləq qaydada gərəkdir və onsuz körpəyə baxmaq əlinizdən gəlməz, o zaman çalışın ailədən biri ilə bu barədə razılığa gələsiniz. Bu uşağın nənələrindən biri də ola bilər, yaxın qohumlardan biri də. Onunla açıq olun və övladınıza baxmasını xahiş edin, amma savad və dünyagörüşünün yetərli olmasından əmin olun. Körpə ona yad olan hər hansı bir dayədənsə üzünü tez-tez gördüyü yaxın qohumlardan biri ilə vaxt keçirməkdən razı qalacaq.

Təbii ki, bütün cəhdlərimiz körpəmizin daha yaxşı, daha sağlam və daha güvənli bir şəkildə böyüməsi üçündür. Bu prosesdə bütün yaxınların dəstəyini qəbul edin. İşləmək məcburiyyətində olsaq belə, övladımıza zaman ayırmaqdan daha vacib işimizin olmadığını da unutmayaq.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə