Avtobuslarda kondisioner sistemi niyə işləmir? BNA RƏSMİSİ AÇIQLADI

Avtobuslarda kondisioner sistemi niyə işləmir? BNA RƏSMİSİ AÇIQLADI

Son günlər Bakı Nəqliyyat Agentliyi və Dövlət Yol Polisi ilə bağlı istər sosial şəbəkələrdə, istərsə də bəzi mətbuat orqanlarında müxtəlif neqativ fikirlər səsləndirilir. Dayanma - durma qaydaları ilə bağlı Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarının mütəmadi olaraq sürücülərə qarşı qanunsuz şəkildə cərimələr tətbiq etdiyinə dair yazılar dərc olunur.

Məsələ ilə bağlı SİA-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev bunları deyib: “Qanunsuz yazılan cərimə dedikdə, konkret harda? kimə? yazılan cərimədən söhbət gedir. Ümumiyyətlə, Bakı Nəqliyyat Agentliyinin qarşısında Cənab Prezident tərəfindən müəyyən olunmuş tapşırıqlar var və bu tapşırıqların başında da Azərbaycan Respublikasının vətəndaşına xidmət dayanır. İstər sərnişindaşıma fəaliyyətinin, istər yol hərəkətinin təşkili, istərsə də qanunsuz parklanmaya qarşı aparılan mübarizə tədbirlərinin kökündə bu tapşırığın icrası dayanır. Bu cür kütləvi danışanda yanlış rəy formalaşır. Konkret hansı halda yazılmış cərimə həmin sürücü tərəfindən qanunsuz hesab olunursa, həmin sürücü Bakı Nəqliyyat Agentliyinə müraciət etsin. Nəqliyyat Agentliyi vətəndaşların müraciəti üçün bir neçə platforma tərtib edir. Həm Çağrı Mərkəzi, eyni zamanda da bütün sosial şəbəkələr və media vasitəsilə bizə müraciət edə bilərlər. Məsələni araşdırıb həmin sürücünün narahatlıq doğurduğu məqama aydınlıq gətirərik”.

Qurum rəsmisi Bakı Nəqliyyat Agentliyinə məxsus avtobuslarda kondisioner sisteminin işləməməsi məsələsinə də aydınlıq gətirdi: “Bu istiqamətdə müzakirələr aparılır. Ümumiyyətlə yay mövsümü əslində rəsmi olaraq iyul ayının 15-də başlayır. Əvvəlki illərdə də, bu qayda tətbiq olundu ki, davamlı olaraq, havanın temperatur göstəriciləri yüksəkdirsə, o zaman avtobuslarda sərinləndirmə sistemlərinin işə salınması ilə bağlı daşıyıcılara göstəriş verilmişdir. Onu da qeyd etmək istərdim ki, xüsusən “BakuBus” avtobuslarında kondisioner sistemi sürücü tərəfindən idarə olunmur. Bu qarajdan avtobus xəttə çıxan zaman işə salınır və gün ərzində işlək vəziyyətdə qalır. Bu gün kondisioner sisteminin işə salınmasından narazı qalanlar da var. Onlar da pandemiyanı səbəb gətirirlər ki, pandemiyadır soyuqdəymə olar”.

M.Ağayev həmçinin pandemiya şəraiti ilə əlaqədar avtobusların sayının artırılması məsələsinə də aydınlıq gətirib: “Bugün işlək vəziyyətdə olan avtobuslar xəttədir. Avtobus sayının artırılması indiki sıxlığı aradan qaldırmayacaq. Biz çalışmalıyıq ki, avtobuslar üçün ayrıca zolaq olsun”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə