Xeyli vaxt idi onun haqqında yazmaq istəyirdim. Bəlkə jurnalist olmamağım, tez-tez görüşərkən ürək sözlərimi özünə deməyim məni bu fikirdən daşındırırdı. Ancaq onun yubiley yaşını qarşılaması məni istəyimi reallaşdırmağa fürsət verdi. Və bunu borcum hesab etdim.
İlk tanışlığımızı xatırlayıram, dünənmiş kimi. Tibb Universitetini bitirib təyinatla doğma Yevlaxa dönmüşdüm, Təcili tibbi yardım stansiyasında ilk iş günüm idi. Növbəti çağırışa gedən əsnada baş həkim məni çağırıb dedi: "Əminə xanım Yusifqızı üçün gedirsən, rayonda böyük nüfuzu olan xanımdır, bax, diqqətli ol ha". Həyəcanlandım, haqqında eşitdiyim, hamının prinsipial, obyektiv bir jurnalist kimi tanıdığı Əminə xanımı görəcəkdim.
Çağırışına gəldiyim xəstə mehribanlığı, təvazökarlığı ilə məni heyran elədi, ağrılarını da ayrı bir baməzəliklə söylədi. Səmimi ortam mənə - gənc həkimə düzgün ilkin yardım etməyə kömək oldu. Elə o gündən əsası qoyulan dostluğumuz bu günə qədər qüsursuz yol gəlir. Bəkə dostluqdan ötə, anam qədər doğma, səmimi, mehriban.
İstedad və zəhmət birləşəndə insan çox namümkünləri mümkün edir. İstedad və zəhmət olanda insan şəxsiyyət kimi parlaya bilir, hansı mühitdə yaşamasından asılı olmayaraq. Əminə xanım öz həyatı ilə buna gözəl örnəkdir.

Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsindən məzun olduqdan sonra paytaxt Bakıda qalmaq, işləmək imkanlarının olmasına rəğmən rayona qayıdıb və 45 ildir ki, bir əyalət qəzetində çalışır. 30 ildir ki, "Kür"ün Baş redaktorudur. Korrektorluqdan baş redaktorluğa qədər yol gəlib. Həm də öz peşəsini sevərək, ona dəyər verərək, sanballı yazılara müəlliflik edərək.
Orta nəsil yevlaxlılar yaxşı xatırlayar, onun yerli qəzetdə gedən kəskin felyetonlarını, digər maraqlı yazılarını. Rayon həyatının elə bir sahəsi olmazdı ki, orada mövcud olan nöqsan və çatışmazlıqlar, qanunazidd hallar Əminə xanımın tənqid hədəfi olmasın. Yazılar həm də ona görə oxunaqlı olardı ki, şirin bir dillə qələmə alınardı. Yevlaxda əməyi, işi ilə fərqlənənlər barələrində qəzetdə dərc olunan məqalənin müəllifi Əminə Yusifqızı olanda daha çox məmnun qalırdı.

Əminə Yusifqızının Yevlaxın ictimai-siyasi həyatındakı rolu haqqında ən gözəl fikirlər söyləmək olar.
Yeni Azərbaycan Partiyası yarandığı ilk günlərdən onun üzvü olan Əminə xanım keçirilən seçki və referendumların qəzet vasitəsilə təbliği işini yüksək səviyyədə keçirməklə qalmayıb, YAP Yevlax Rayon Təşkilatının idarə heyyətinin üzvü kimi bütün tədbirlərdə ziyalı mövqeyi ilə yer alıb. Şahidiyəm yerlərdə görüş zamanı insanların ona sevgisinin, rəğbətinin.

Tale elə gətirib ki, dörd çağırış parlament seçkilərində həmyerlilərimin səsi olmaq səlahiyyəti qazanmışam. Bütün seçkilərdə vəkillərimdən biri olub Əminə xanım. Onun təşkil etdiyi seçiçi görüşləri həmişə fərqlənirdi. Həmin görüşlərə insanlar axın-axın gəlirdi. Çünki illərə dayanan dostluğumuz bizi bir-birimizə çox yaxşı tanıtmışdı və insanlar tanıdıqları, inandıqları Əminə xanımın təqdimatına, mənimlə bağlı söylədiklərinə inanırdı. Həmişə mənə deyirdi: seçicilər sənə çox inanırlar. Ona görə də mən də ürəklə qoşuluram bu siyasi kompaniyaya. Və sənin qalib olacağına zərrə qədər də şübhəm yoxdur. Seçkilərdən sonra o, seçicilərimin problem və qayğılarının həlli ilə bağlı müraciətlərdə də yer alır və dostluğumuza rəğmən yaxşı nəticə əldə edilənədək çox tələbkar olur. Bu da onun xalq adamı olmasından irəli gəlir. Şəxsi söhbətlərimizdə bəzən hədsiz sərtliyini belə əsaslandırır: ”Xalqı narazı salmaq olmaz. Xalqa xidmətin Prezident İlham Əliyev nümunəsi var”.

...44 günlük Vətən müharibəsində Azərbaycan xalqı tarixinin Zəfər səhifəsini yazdı. Fəxr və qürur, eyni zamanda minnətdarlıq hissilə bildirirəm ki, bu savaşda yevlaxlı gənclər də ləyaqətlə döyüşdülər və Vətən uğrunda şəhid oldular. Həmin ağır günlərin həyəcan və narahatlıqlığını yevlaxlılar da yaşadılar. Şəhidlərin dəfni izdihamlı olur. Mən bu gün də davam edən şəhid ailələrinə ziyarətlərimizi xatırla-yıram. Çox zaman bir yerdə gedirik. Əminə xanım şəhid analarına, xanımlarına, bacılarına təkcə təsəlli sözləri söyləməklə qalmırdı, onun şəhid məzarları başında necə göz yaşları tökdüyünün şahidiyəm. Daha təqdirəlayiqi isə o idi ki, yorulmaq bilmədən şəhəri küçə-küçə, rayonu kəndbəkənd gəzib ən qısa vaxtda şəhidlərin hər birinin həyat hekayəsini ustalıqla qələmə almışdır. Və həmin yazıları baş redaktoru olduğu "Kür" qəzeti daxil, müxtəlif mətbu orqanlarda dərc etdirir.

O, sədaqətli övladdır, hələ də anasından danışarkən elə həyəcanlanır, elə üzülür ki, sanki anasın bu dəqiqə itirib. Anası, II Düyna müharibəsinin veteranı, Azərbaycanda yaxşı tanınan, rəhmətə gedənədək 2 nömrəli tam orta məktəbdə direktor müavini işləyən, mənim də müəllimim olan Nazxanım Səfərova kimi bir anadan həyat dərsi alıb Əminə xanım. İndi də əhvalı bir balaca pozulanda rahatlığı anasının qəbri başında, onunla "söhbət"də tapır.
Əminə xanım ana kimi də müqəddəsdir, əvəzolunmazdır. İki övladı da ali təhsilli mütə-xəssisdirlər. Nəvələrini sevən nənədir. O, təkcə öz övladlarına ana olmadı 70 illik ömründə, hamımızın anası oldu. Ən dəqiq nümunə mən özüməm. Ən kədərli və xoş günlərimdə, ehtiyacım olduğunda ana kimi, bacı kimi yanımda olub. Əminə xanım bu gün də elədir, anadır, bacıdır, dostdur, həmdərddir, fikirdaşdır hər birimizə. Uca Yaradandan arzu edirəm ki, o, bu vəzifəsini uzun illər davam etdir-sin. Çünki tutduğumuz mövqeyimizdən, işimizdən, sosial statusumuzdan asılı olmayaraq hər birimizin səmimiyyətə, mərhəmətə, təmənnasız dost sevgisinə ehtiyacımız var.

Əminə Yusif qızı Əhmədova əməkdar jurnalistdir. "Tərəqqi"medallının daşıyıcısıdır. "Qızıl qələm", "Həsən bəy Zərdabi", "Məhsəti" mükafatlarına layiq görülüb, çoxlu sayda jurnalist yazıları müsabiqələrinin qalibi olub, diplom və pul mükafatı qazanıb. Ali Media mükafatçısı, beynəlxalq jurnalistdir. Bu gün də çətinliklərə baxmayaraq "Kür" qəzetinin azalmış kollektivi ilə əl-ələ çalışır, həm də gənclik həvəsi ilə. Özü də etiraf edir ki, jurnalistika onun həyatıdır.
...Ömrü yaradıcılıqla keçən insanlar haqqında yazmaq olduqca çətindir. Onlar söz sərrafıdırlar. Məqamında deyilməyən və səmimi olmayan fikirləri tez tanıyır və qəbul etmirlər. Mənsə Vətən, dövlət təəsübkeşli, qəlbi xalqa sevgi dolu xanım-Əminə Yusifqızı haqqında pafossuz, bər-bəzəksiz, səmimi söz açmağa çalışdım. Yubileyin mübarək, sevimli dostum!
İlham MƏMMƏDOV,
Milli Məclisin deputatı,
YAP Yevlax Rayon Təşkilatının sədr
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB