"Elektron qeydiyyatdan keçə bilməyən valideynlər- DİQQƏT! SEKTOR MÜDİRİ İZAH ETDİ

"Elektron qeydiyyatdan keçə bilməyən valideynlər- DİQQƏT! SEKTOR MÜDİRİ İZAH ETDİ

"I sinfə elektron qeydiyyat sisteminin tətbiqi təhsil sahəsində göstərilən elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir". Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov deyib.

Onun sözlərinə görə, elektron qeydiyyat şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin əhatə dairəsinin formalaşması baxımından olduqca əhəmiyyətlidir: "Prosesdə başlıca prinsip valideyn məmnunluğunun təmin edilməsidir. I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi təhsil sistemində tətbiq olunan ən mühüm yeniliklərdən biridir. Bakıdan başlayan bu prosesdə ilk illərdə müəyyən suallar ortaya çıxartsa da, bütün bunlar operativ şəkildə öz həllini tapıb. Artıq Bakı ilə yanaşı, ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Məktəbəqəbul prosesində hər il fərqli yeniliklər qeydə alınır. İnsanların rahatlığına, qəbul prosesinin sadələşdirilməsinə xidmət edən həmin islahatlar elektronlaşmanın əhatə dairəsinin genişlənməsinə də təsir edir. Elektron sistem vasitəsi ilə ərizələrin qeydiyyatdan keçirilməsi və məktəbəqəbul prosesi olduqca sadə və asandır. Valideyn kompüter arxasına əyləşərək övladı üçün məktəbi, müəllimi, hətta sinfi belə rahatlıqla seçir. Yəni, əhatə dairəsi genişləndirilməkdə olan elektron qəbul ilk növbədə valideynlərin rahatlığına, vətəndaş məmnuniyyətinə xidmət edir. Uşaqların məktəbə qeydiyyatının elektron sistem vasitəsilə aparılması, həmçinin sosial ədalət prinsipinə əsaslanır, yəni hər bir vətəndaş daimi qeydiyyatda olduğu ünvana ən yaxın məktəbə maneəsiz olaraq övladını qeydiyyatdan keçirə bilir".

Bəşarət Məmmədov qeyd edib ki, ötən ildən başlayaraq ümumi təhsil məktəblərinin I siniflərinə şagird qəbulu zamanı əvvəlcə elektron sistemdə qeydiyyat prosesi, daha sonra isə məktəb seçimi prosesi aktivləşdirilib: "Bu yolla müəyyən səbəblərdən elektron sistemdən istifadə etməkdə çətinlik çəkən valideynlərin qeydiyyat prosesini bitirmək üçün əlavə vaxt qazanması və digər valideynlərlə eyni anda məktəb seçimi mərhələsində iştirak edə bilməsi təmin olunub. Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) müvafiq məktəblərdə yaradılmış işçi qrupları, həmçinin “WhatsApp” müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən zəruri köməklik göstərilir. Daha operativ xidmət göstərmək üçün 12 rayon üzrə 27-si məktəblərdə, 4-ü onlayn olmaqla, ümumilikdə 31 Alternativ qeydiyyat mərkəzi (https://baku.edu.gov.az/az/page/276) müəyyən olunub. Həmçinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan birinci siniflərinə uşaqların qəbulu ilə bağlı təşkil olunmuş müsahibənin nəticəsi üzrə vətəndaşların müraciətlərinə baxılması üçün onlayn Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Onlayn Apellyasiya komissiyasının yaradılmasının əsas məqsədi mövcud sanitar-epidemioloji vəziyyətdə vətəndaşların müraciətlərinə obyektiv və hərtərəfli baxılması, müraciətlərin tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilməsi, təhsil haqqında qanunvericiliyə və digər normativ aktlara uyğun qərarların qəbul olunmasının təmin edilməsindən ibarətdir".

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə