Artıq paytaxt Bakımızda beşinci dəfə keçiriləcək "Formula 1" Azərbaycan Qran-Prisinə sayılı günlər qalıb. İyunun 4-6-da baş tutacaq yarışın yarım əsrdən artıq tarixi var. "Formula-1" idman tarixində yeni maraqlı bir səhifədir. "Formula 1" rəhbərliyi (FOM) ilə Azərbaycan arasındakı mövcud müqaviləyə əsasən 2024-cü ilə qədər paytatxımız bu yarışlara ev sahibliyi edəcəkdir. 1950-ci ildən etibarən hər il keçirilən "Formula-1"in möhtəşəmliyi üçün paytaxtımızda istənilən şərait yaradılıb. Yarışların müvəffəqiyyətlə keçirilməsinə hazırlıq işləri davam edir.
Bakıda keçirilən "Formula-1" Avropa Qran-Prisi yarışlarını dünyanın 200 qədər ölkəsində 500 milyondan çox azarkeş televiziya vasitəsilə izləyib. "Formula-1" üzrə dünya çempionatının tamaşaçı auditoriyası bütün qitələri əhatə edib. Amerika, Avropa, Avstraliya, Asiya və Afrika ölkələrinin televiziya kanalları yarışları müntəzəm yayımlayıblar. 500 milyon televiziya tamaşaçısı Avropa Qran-Prisində ən güclü pilotlarının mübarizəsini izləməklə yanaşı, şəhərimizin gözəlliyi ilə tanış olub, Bakı haqqında geniş məlumat əldə edə biliblər. ABŞ-ın, Böyük Britaniyanın, Kanadanın, Fransanın, İspaniyanın, Avstraliyanın, Braziliyanın, Portuqaliyanın, Almaniyanın, İtaliyanın, Cənubi Afrika Respublikasının, Rusiyanın, Yaponiyanın, Polşanın, Hindistanın məşhur televiziya kanalları Bakı Qran-Prisini yayımlamaqla yanaşı, paytaxtımıza həsr olunan 200-ə yaxın reportaj və material hazırlayıblar. Dünya ölkələrində keçirilən "Formula 1" yarışları çərçivəsində Bakıda keçiriləni ən yaxşı yarış hesab edilir.
İnsanların televiziya vasitəsilə birbaşa izlədiyi yarışların keçirildiyi məkan şəhər halqası olduğundan, onlar təkcə avtomobilləri deyil, inkişaf etmiş Bakının gözəlliyini ətraflı görə bilirlər. "Formula-1" Azərbaycanı dünyaya tanıtmaq üçün ən yaxşı nümunə kimi dəyərləndirilir. "Formula-1" yarışı ölkəmizin təbliği baxımından, ideal imkanlar yaratmış olur. Yarışının Azərbaycan mərhələsinin özünəməxsusluğu ilə seçildiyi hər zaman xüsusi olaraq vurğulanır. Plotlar qeyri-adi ab-havası ilə seçilən, əfsanəvi tarixi yerləri əhatə edən və heç bir yerdə bənzəri olmayan trekdə yarışırlar. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trek Bakının tarixi məkanlarından - dəniz sahilindən keçməklə, azarkeşlərdə xoş ovqat yaratmış olur. Bu idman tədbiri vasitəsilə Bakının gözəlliyi, tarixi məkanları və dinamik inkişafı bütün dünyaya nümayiş etdirilir. Bildiyimiz kimi, "Formula 1" yarışının Azərbaycanda keçirilməsinin daha üç il uzadılması da Azərbaycanın Qran-Priyə uğurla ev sahibliyi etməsinin göstəricisi idi. Təbii ki, növbəti dəfə paytaxtımızda keçirilən "Formula-1" yarışları yüksək standartlara cavab verəcək. Təhlükəsizlik, infrastruktur hazırlığı bunun əyani göstəricisidir.
Əminliklə demək olar ki, bu gün Azərbaycan özünü təsdiq edən zəngin və güclü dövlətdir. Növbəti dəfə də "Formula 1" Azərbaycan Qran-Prisinə uğurla ev sahibliyi edəcək və hər zaman olduğu kimi, yüksək təşkilatçılığı ilə öz sözünü deyəcəkdir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB