"Təəssüf ki, hələ bu mexanizm ölkəmizdə tam işə düşməyib" - SIĞINACAQ SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

"Təəssüf ki, hələ bu mexanizm ölkəmizdə tam işə düşməyib" - SIĞINACAQ SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Dünən acınacaqlı vəziyyətdə yaşayan 4 azyaşlı uşaqla bağlı mediada bir sıra xəbərlər yayımlandı. Həmin uşaqlar ananın iştirakı ilə Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirildi. Ərizə əsasında uşaqlarını sığınacağa yerləşdirdikdən sonra, ana ilə digər rəsmi proseslərin həyata keçirilməsi üçün razılığa gəlindi”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

Sədrin sözlərinə görə, həmin ana razılıq verdi ki, bu gün onun yaşadığı mənzilə baxış keçirilsin, eyni zamanda Mənzil İstismar İdarəsindən evin təmizlənməsi, İcra Hakimiyyəti tərəfindən qadının sənədlərində hər hansı problemlərin olub-olmadığı aşkarlansın: “Həmçinin narkoloji testlərdən keçirilməsi istiqamətlərində işin aparılması üçün qadın İcra Hakimiyyətinə dəvət olunub”.

K.Ağazadə vurğulayıb ki, Azərbaycanda cəmi 3 dənə sığınacaq var: “Sığınacaqlara hansısa layihələr çərçivəsində dəstəyin olunması çox qısa müddətli olur. Beynəlxalq təcrübədə dünyanın bir çox ölkələrində bu sığınacaqlar, reabilitasiya mərkəzləri dövlət tərəfindən maliyyələşir. Təəssüf ki, bu gün hələ bu mexnizm ölkəmizdə tam işə düşməyib. Ümid edirik ki, yaxın zamanlarda dövlət tərəfindən bu sığınacaqlara diqqət və qayğı olacaq. Çünki uşaq və qadınların sığınacaqlara düşməsi hallarının sonunun gəlməsi mümkün deyil. Münaqişə varsa, deməli, problem də var. Bu problemlərin həllini vətəndaş cəmiyyəti ilə birgə tapmaq dövlət üçün də maraqlıdır. Ümid edirik ki, bu məsələ hələ bundan sonrakı mərhələlərdə öz həllini tapacaq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə