"Mobil telefon onlayn xəyanətə səbəb olur" SOSİOLOQDAN TƏPKİ

"Mobil telefon onlayn xəyanətə səbəb olur" SOSİOLOQDAN TƏPKİ

“Hal-hazırda əlimizdəki telefon təkcə klassik və köhnə mənada deyil. Bu telefon çox funksiyalıdır. Yəni bu, köhnə versiyalar kimi yalnız zəng məqsədi daşımır. Yeni telefon həm fotoaparatı, həm kameranı əvəz edir. Ona görə də insanlar telefondan ayrıla bilmir və müxtəlif məqsədlər üçün istifadə edirlər. Təbii ki, kimin hansı məqsədlə istifadə etməyindən də çox şey asılıdır. Əgər telefondan istifadə edib həyatda fəallıq göstərirlərsə, öz işlərini qururlarsa və yaxud maariflənirlərsə burada mənfi hal yoxdur. Əksinə, bu, faydalıdır”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.

Onun sözlərinə görə, telefondan asılılığın qorxulu tərəfi o zaman başlayır ki, insan telefondan elə məqsədlə istifadə edir ki, bu, onun həyatında mənfi rol oynayır: “İnsan həyatı üçün mühüm olan 3 istiqamət var: fiziki sağlamlıq, mənəvi zənginlik və əməyə yaradıcı münasibət. Əgər insanın fiziki sağlamlığı get-gedə yaxşılaşırsa, mənəvi zənginliyi və əməyə yaradıcı münasibəti artırsa, onda bu çox gözəl haldır. Ona görə də, telefon bir vasitədir. Bu vasitədən elə şəkildə istifadə etmək lazımdır ki, bu sadaladığım üç amilə müsbət təsir etsin. Telefon fiziki sağlamlığa o mənada təsir edə bilər ki, bir çox adam sosial şəbəkələrdə yaxşı idman növləri, xörəklər, müalicə yolları və s. öyrənə bilər. Mənəvi zənginlik üçün musiqilər dinləmək faydalıdır. Əməyə yaradıcı münasibəti artırmaq üçün yeni sxemlər öyrənmək olar”.

Sosioloq sözlərinə belə davam edib: “Təəssüflər olsun ki, statistik olaraq Azərbaycan əhalisi arasında telefondan müsbət istifadə edənlərin sayı azdır. Bu da telefondan, internetdən, sosial şəbəkədən istifadə mədəniyyətidir. Telefonda elektromaqnit dalğaları var ki, onu çox əldə tutmaq, ürəyə yaxın saxlamaq ziyandır. Bu, həm gözə, həm də əsəblərə təsir edir və fiziki sağlamlığa zərbə vurur. Sosial şəbəkə vasitəsilə arzu olunmayan insanlarla ünsiyyət qurulur və lazımsız məlumatlarla qarşılaşırıq. Həmçinin, dini baxımdan da cəhalətlə qarşılaşır. Telefon tələbələri və şagirdləri dərsdən yayındırır. Sosial şəbəkələr onlayn xəyanətə şərait yaradır. Bunun qarşısı alınmalıdır. Cəzalar düşünülməlidir. Telefonda təsadüfi tanışlıqlar qızların evdən qaçmağına, oğlanların isə arzuolunmaz hərəkətlərə cəlb olunmağına şərait yaradır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə