Cəmiyyətimiz Operativ Qərargahın bütün tələblərinə əməl edib, indi isə... - EKSPERTDƏN SƏRT REAKSİYA
“Mən ilk gündən bir ziyalı olaraq insanları Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etməyə çağırmışam. Virusun yoluxma sayının pik həddə çatdığı vaxtlarda bu çağırışlara ehtiyac vardı. Özüm də bu qaydalara tam olaraq riayət edərək cəmiyyətə nümunə olmağa çalışmışam. Lakin hesab edirəm ki, biz artıq pamdemiya ilə əlaqədar təhlükəli mərhələni geridə qoymuşuq”. Bu fikirləri SİA-ya açıqlamasında “Jurnalist Araşdırmaları Mərkəzi”nin sədri Seymur Verdizadə deyib.
Ekspert bildirib ki, Azərbaycan könüllü şəkildə vaksinasiya prosesində iştirak edir: “Məndə olan məlumata əsasən, bu gün Azərbaycan vaksinasiya olunan şəxslərin sayına görə MDB məkanında liderlik edir. Əhalinin çağırışlara uyaraq vaksinasiya prosesində aktiv iştirakı, digər lazımı bütün qaydalara əməl etməsi Operativ Qərargahın öz qərarlarına yenidən baxmasına səbəb olmalıdır. Artıq bir il öncəki şəraitə uyğun qərar verilməsindən əl çəkmək lazımdır. Bir çox ölkələrdə karantin rejiminin yumuşaldılması ilə əlaqədar addımlar atılır. Fikrimcə, 250-300 nəfəri avtobusa dolduran adamlar 50-100 nəfərlik açıq havada toy məclisinin keçirilməsinə mane olmamalıdır”.
S. Verdizadə vurğulayıb ki, açıq havada maska taxmağın da əleyhinəyəm: “Hesab edirəm ki, bu qərar dəyişilməlidir. Mən hələ də anlaya bilmirəm ki, 200 nəfəri bir avtobusa doldurmaq istəyənlərin məqsədi nədir? Bu suallara cavab verilməlidir. Düşünürəm ki, Operativ Qərargah bu məsələlərdə həssas davranmalıdır. Bu kimi qərarlara təkcə məmurlar və həkimlər qərar verməməli, psixoloqların da bu prosesdə iştirakı təmin olmalıdır. Aylarla insanları dörd divar arasına məhkum etmək onların psixologiyasına da mənfi təsir edib. Biz cəmiyyət olaraq sözəbaxan şagird kimi pandemiya başlayan gündən bəri Operativ Qərargahın bütün tələblərinə əməl edirik. İndi də Operativ qərargah zəhmət çəksin cəmiyyətin səsini eşidib, tələblərinə əməl etsin. Xüsusilə, açıq havada maska taxmaq kimi absurd qərarı dərhal dəyişdirmək lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB