"Naxçıvan bütün istiqamətlər üzrə dayanıqlı inkişafa müvəffəq olub" MƏQALƏ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfər etdi. Bu səfər bir sıra mühim məqamlarla, dünyaya verilən əlamətdar mesajlarla yadda qaldı. Naxçıvan səfərinin Ulu Öndər Heydər Əliyevin doğum günündə reallaşması təsadüfi deyildi. Bu səfərdə Prezidentin vurğuladığı kimi “Tarixi Zəfərdən sonra bu, atamın birinci doğum günüdür. Ona görə mən hesab etdim ki, ənənəvi olaraq onun məzarını ziyarət edəndən sonra onun Vətəninə - Naxçıvana gəlim. Hesab edirəm ki, bu səfərin çox böyük rəmzi mənası var. Qeyd etdiyim kimi mən 15-ci dəfədir ki, Naxçıvana gəlirəm. Amma ilk dəfə mayın 10-da Naxçıvandayam. Bu doğum günündə mütləq burada olmalıydım”. Otuz il bundan əvvəl Ulu Öndərin gərgin əməyi, zəkası, siyasi bacarığı nəticəsində Naxçıvanın ermənilər tərəfindən işğal edilməsinə imkan verilmədi.

Dövlət başçısı Azərbaycan Televiziyasına müsahibəsində bu məsələ ilə bağlı qeyd edib ki, “bax burda – Naxçıvanda naxçıvanlılar erməni işğalının qabağını ala bildilər. Çünki mənfur düşmənin niyyətləri də, məhz siyasəti də o idi ki, Naxçıvanı da işğal etsinlər. Belə bir vəziyyətdə Naxçıvanı qorumaq, müdafiə etmək və düşməni yerinə oturtmaq Ulu Öndərin müstəsna xidmətlərindən biri idi”. Ümumiyyətlə Ulu Öndərin 1991 – ci il sentyabrın 3 – də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə, eyni zamanda, dünya miqyaslı təcrübəli bir dövlət xadiminin dövlət idarəçiliyinə möhtəşəm dönüşü oldu.

Qeyd etmək istəyirəm ki, bu gün Naxçıvan bütün istiqamətlər üzrə dayanıqlı inkişafa müvəffəq olub, bölgədə infrastruktur layihələr genişlənir, turizmin inkişafı stimullaşdırılır, iqtisadi inkişaf templəri artır. Naxçıvan Muxtar Respublikası son 20 ildə iqtisadi artımın templərinə görə rekordsmen bölgə oldu, burada ümumi daxili məhsulda 10 dəfədən çox artım qeydə alındı. Naxçıvan böyük turizm potensialına malikdir. Yeni uçuş-enmə zolağının açılışı turistlərin Naxçıvana gəlməsini stimullaşdırmalıdır. Pandemiyadan sonra Naxçıvana gəlmək istəyən xarici qonaqların sayı daha da artacaq. Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir.Naxçıvan səfəri çərçivəsində Prezident Əliyev Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş – enmə zolağının təqdimatında, Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında da iştirak etdi.

Vurğulamaq istəyirəm ki, “ASAN” və “DOST” mərkəzləri ölkəmizdə vətəndaş məmnunluğu göstəricilərinin, eləcə də ictimai xidmətlərin səviyyəsinin artırılmasında mühüm rol oynayır. Naxçıvanda “ASAN xidmət” Mərkəzinin tikintisi davam edir. Bu da ictimai xidmətlər sahəsində çox önəmli bir təsisatdır və ölkəmizdə hazırda 7 mərkəz tikilir, o cümlədən Naxçıvanda. Onlar istifadəyə veriləndən sonra “ASAN xidmət” mərkəzlərinin sayı 27-yə çatacaq. Ölkəmizdə hazırda DOST mərkəzləri yaradılır. Bu da sosial təminat və pensiya təminatı sahələrində növbəti uğurlu addımdır. Həmçinin dövlətimizin başçısı, eləcə də “ASAN Xidmət“ Mərkəzinin binasının tikintisi ilə tanış oldu, “Azərxalça“ ASC – nin Naxçıvan filialının, Süni Mayalanma Mərkəzinin və Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışlarına da qatıldı.

Naxçıvan sürətlə inkişaf edir və etməkdədir. Ordubad şəhərində içməli su və kanalizasiya layihəsi istifadəyə verilib. Qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpa olunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir. Bütün şəhərlər artıq magistral yollarla bir-birinə bağlanıb. Prezident Ordubad Su Elektrik Stansiyasının tikintisi, dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri ilə tanış oldu, “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiyya sistemlərinin yenidən qurulması“ layihəsinin açılışında iştirak etdi.

Naxçıvanın müdafiə potensialının möhkəmlənməsi hər zaman prioritet istiqamətlərdən biri olub.Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılıb və ordu ən müasir silah və texnika ilə təchiz edilib. Prezident vurğulayıb ki, bütövlükdə Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur. Ermənistanın “ikinci cəbhə” açmaq həvəsini içindəcə boğmağa məcbur etmiş bu Ordu tam NATO (türk ordusu) standarlarını keçmiş xüsusi statuslu hərbi vahiddir. Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də yerindədir. Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır. İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Günnüt əməliyyatı Naxçıvan Ordusunun əsl potensialını göstərdi.

Vurğulanıb ki, hərbi aerodromun istifadəyə verilməsi Naxçıvanın təhlükəsizliyi üçün xüsusilə əhəmiyyətə malikdir. Prezident İlham Əliyev hərbi aerodromun açılmasının Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində xüsusi yer tutduğunu bildirdi. Naxçıvanda hərbi aerodromun istifadəyə verilməsi həm muxtar respublikanın təhlükəsizliyi baxımdan önəmlidir, həm də Ermənistandakı revanşist qüvvələrə ciddi bir xəbərdarlıqdır.Ermənistanda seçkilər ərəfəsində “siyasətçilərin“ “Şuşanın geri qaytaracaqları“ ilə bağlı sərsəm bəyanatlarına, revanşist meyillərlə bağlı mesajlar verilməsinə münasibət bildirən dövlətimizin başçısı bildirmişdir ki, Ermənistanda həm iqtidar, həm də müxalifət, demək olar ki, siyasətlə məşğul olan bütün ünsürlər Şuşanın və Hadrutun qaytarılması ilə bağlı fikirlər səsləndirirlər.Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər.Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, onları dərhal məhv edəcəyik.

Dağlıq Qarabağ münaqişəsi həll edilib, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Azərbaycan döyüşdə bu münaqişəni təkbaşına həll etdi.Və bundan sonra da cənab Prezident masa arxasında öz gücünü və iradəsini dünya ictimaətinə qətiyyətli şəkildə bildirdi. Döyüş meydanında qazanılmış Qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın. Noyabrın 10-da imzalanmış sənəd məhz Ermənistanın kapitulyasiya aktıdır. Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur və münaqişə öz həllini tapıb.

Zəngəzur dəhlizinin açılışı məsələsi strateji əhəmiyyət daşıyır. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir və bu dəhliz mütləq açılacaqdır. Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Horadiz-Ağbənd dəmir yolunun təməl daşı artıq qoyulub. Ordubaddan Ermənistan sərhədinə qədər çatışmayan 15-16 kilometrlik hissə inşa ediləcəkdir. Naxçıvan dəmir yolu fəaliyyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyata keçirilir. Yəni, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq.

Aysel Əhədova

Xəzər rayonu, 1 PSXM PHŞ-in əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...