Reklamlar uşaq psixologiyasını necə dağıdır? - ARAŞDIRMA

Uşaqları reklamlardan niyə uzaq tutmalıyıq və ya sizin uşağınızı kimlər və necə “tərbiyə” edir?

Media və internet insanların zehni və əqli inkişafında mühüm qol oynayan amillərdəndir. Əsasən televiziya bu amillərin başında durur. Hər gün evimizdən hava məlumatından tutmuş cizgi filmlərinə qədər müxtəlif TV proqramlarının səsi eşidilir. Reklamlar TV proqramları kateqoriyasına daxil olmasa da, indi istər yerli, istər xarici telekanalların efirində uzun müddətli reklamlar bir növ proqram halında təqdim edilir. Hətta bu haqda yarızarafat, yarıciddi belə deyirlər- televiziyalar reklamların arasında hərdən veriliş də verirlər. Bəs bu reklamlar bizim, xüsusən də uşaqlarımızın psixologiyasına necə təsir edir? Bu yazımızda bu məsələni araşdırmağa çalışmışıq.

Uşaqlar niyə reklamı sevir?

Böyüklər sevimli proqramlarını izləyərkən araya “pərçimlənən” və 20-30 dəqiqəyədək davam edən reklam fasiləsi zamanı ya kanalı dəyişir, ya da bu arada hər hansı bir işlə məşğul olurlar. Amma bu reklamların da davamlı izləyiciləri var. Onlar 2-8 yaş qrupunda olan uşaqlardır.

Araşırmalar göstərir ki, reklamlar uşaqların həm psixoloji, həm də fiziki inkişafına ciddi şəkildə mənfi təsir edir. Səkkiz yaşa qədər olan uşaqlar adətən reklam seyr etməyi sevir. Bu yaşda uşaqlar reklamın yaxşı və ya pis məqsədlə çəkildiyini ayırd etmək gücünə malik olmadıqları üçün təsirinə tez düşürlər. Azyaşlılar reklamların şişirtmə, fərqli təqdim etmə və aldatma bacarığını qavramadıqları üçün göstərilən kadrlara aludə olurlar.

Bütün uşaqlar bir qayda olaraq bircə dəfə izlədiyi reklamın məzmununu yadında saxlaya bilir. Küçədə, mağazada o məhsula rast gələndə ilk baxışdan tanıyır. Efirdə daim təkrarlanan reklamlar uşağın məhsulla əlaqədar istəyini artırıb getdikcə güclənməsinə səbəb olur. Uşaq həmin məhsulu qiymətindən və vacibliyindən asılı olmayaraq israrla tələb edir.

Bu? artıq çoxdan elmi şəkildə təsdiqlənmiş faktdır- Subliminal mesajlarla, xüsusi səs effektləri ilə dolu olan reklamlar və multfilmlər uşaq psixologiyasına dağıdıcı təsir göstərir, onların xarakterini mənfi istiqamətdə formalaşdırır.

Reklamlar uşaqların piylənmə xəstəliyinə tutulmasına səbəb olur

Bu gün dünyada 120 milyondan çox uşaq şişmanlıqdan və ifrat piylənmədən əziyyət çəkir. Səbəbini bilirsinizmi? Uşaqların süni qidalarla qidalanması bu xəstəliyin başlıca səbəblərindən biridir. Ağıllı və savadlı valideynlər uşağı mümkün qədər təbii qidalandırmağa çalışsa da, hər gün efirdə gördüyü bəzəkli paketlərdəki süni qidaların reklamları uşaqları cəlb edir.

Bir çox uşaq məhz reklamda təklif edilən qidalarla qidalanmaq istəyir, bu da onların orqanizmində problem yaradır. Çünki reklamlarda adətən süni qidalar təklif edilir ki, bu qidaları həkimlər orqanizm üçün zərərli hesab edir. Fast-Food - hamburger, çipsi, sendviç, çizburger, dönər kimi süni qidalar, bir çox süni kimyəvi içkilər uşaqlar üçün əsas qida vasitəsinə çevrilir.

Psixoloqlar bildirir ki, uşaqların reklamda gördüklərini tələb etməməsi və reklamın yalançı təsiri altına düşməmələri üçün onlara reklamın göstərilmə səbəbini və məqsədini anlatmaq lazımdır. 8 yaşadək olan uşaqların televiziya reklamlarında gördüyü hər hansı bir mövzu ətrafında analiz etmək qabiliyyətini ona böyüklər öyrətməlidir. Onları başa salmaq üçün isə, efirdə reklam gedən anda ona münasibət bildirmək olar.

Məsələn, tutaq ki, hər hansı bir şokoladın reklamı verilir və övladınız reklama aludə olub orada səsləndirilən “onu yeyəndə uşaqlar güclənir” kimi sözləri təkrar-təkrar deyir. Siz isə övladınızın ifrat dərəcədə şokolad sevgisinin qarşısını almaq məcburiyyətindəsiniz. Bunun üçün “bu şokoladın səni gücləndirəcəyinə əmin ola bilmərik, sən onu yeyəndə üzündə qırmızı ləkələr də əmələ gələ bilər. Səhər yeməyində yediyin bal və pendir səni daha güclü edir, inanmırsan yoxlayaq”.

Uşağın bacara biləcəyi bir oyun təşkil edin, onun qalib gəlməsinə müvəffəq olun və ona sübut edin ki, səhər yediyi təbii pendir, meyvə və bal həqiqətən də ona güc verib.

Multfilm qəhrəmanlarının reklamda istifadəsi hansı təsirə malikdir?

Uşaqların oxşamaq istədiyi bir cizgi qəhrəmanı olan reklamlar uşaqları yalnış istiqamətləndirmək qabiliyyətinə malikdir. Bir çox reklamda qarşılaşdığınız yalan və şişirtmə məzmunlar, dürüst olmayan məlumatlar uşaq zehnində real həyatdan uzaq xəyal dünyası yaradır.

İllər öncə, televiziyada çalışdığım vaxtlarda iştirak etdiyim bir telerejissorluq kursunda treynerimiz, Rusiyanın ORT telekanalının baş rejissoru Rauf Mamedov bizə demişdi: “Televiziya kanallarında çox reklam olunan məhsulun tərifi belədir: Mən satılmıram, məni alın. Yəni, qısa desək, yaxşı məhsulun reklama ehtiyacı olmur”.

Bu gün valideynləri narahat edən əsas məsələlərdən biri də oyuncaqlar problemidir. Övladına diqqətlə oyuncaq seçən hər bir valideyn reklamlarda təklif edilən oyuncaqların bir çoxunun zərərli olduğunu bilir. Amma aramızda bu barədə məlumatı olmayan valideynlər də çoxdur. Belə valideynlər övladının reklamlarda gördüyü və israrla istədiyi oyuncağı alır, amma onun nə üçün reklam edildiyini, hansı məqsədlə uşaqlara ünvanlandığını bilmir.

Ən adi bir misal, bir çox uşağın çox sevdiyi “Callio” cizgi filmi. Çoxları onu “Kayu” kimi tanıyır. Cizgi filmində təbliğ edilən Amerika həyat tərzi, amerikan psixologiyası bir yana, biz film qəhrəmanının oyuncağını təbliğ edən reklamı barədə danışacağıq. Adi bir maket və üzərində iki qarış parçadan geyimi olan oyuncaq Kayunun reklamı hər gün saatlarla yayımlanır, hər gün yeni bir məhsulunu reklam edirlər.

Gah Kayu qələmi, gah Kayu gəmisi, gah Kayu yazı taxtası, gah Kayu balışı, gah Kayu lampası, gah da Kayunun qohumlarının və evinin maketi reklamda göstərilir. Qeyd edim ki, bu məhsulu alan valideynlər də kifayət qədərdir, övladının otağını “kayu guşəsi” edən valideynlər bu məhsulun uşağın psixologiyasında açdığı uçurumlar barədə bilmir.

Uşağın real həyatdan uzaqlaşması, Kayusuz həyat təsəvvür edə bilməməsi bu problemlərin başında durur. Burda cizgi filmi vasitəsilə böyük biznes maraqları aysberqin yalnız görünən tərəfidir. Görünməyən tərəflər isə, uşaqların təbliğ olunan düşüncə tərzinə, zövqə malik olması, təbliğ olunan qəhrəmanın həyat tərzini yaşaması, həyata, insanlara nun kimi münasibət bəsləməsi və sair. Bir sözlə sizin uşağınızı başqaları “tərbiyə” edir, idarə edir, psixologiyasını formalaşdırır, beynini lazım olan informasiya ilə doldurur və... siz də bunların əvəzində həmin quldur dəstəsinə pul ödəyirsiniz..

Psixoloq: “Reklamlar böyüklərə pis təsir edir, o ki qaldı körpə olsun”

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Ülkər Nadirovanın fikrincə, bu məsələ çox valideynlərin marağını çəlb edir və narahatlıqlarını bildirirlər: “Uşaqların reklama baxmasının birinci səbəbi, reklamların qısa müddətli və ilk baxışda uşaq beynini yoran olmamasıdır. Azyaşlı uşaqlar, yəni, 2-4 yaşlı uşaqlar uzun sujetli cizgi filmlərinə baxa bilmirlər, çünki onları analiz edib qavraya bilmirlər. Amma reklamlar qısa olduğundan onların diqqətini cəkir.

İkinci bir məsələ, reklamların rəngarəng olmasıdır. Bildiyimiz kimi, çağalıq dövründən başlayaraq uşaqların ilk reaksiya verdiyi şeylərdən biri də rənglərdir. Əsasən, qırmızı, sarı, yaşıl rənglərə daha çox diqqət edirlər. Əgər diqqət etsəniz, reklamların əksəriyyətində bu rənglərin parlaq formasını görərsiniz. Şəxsi müşahidələrimə görə, müasir reklamlara və multfilmlərə baxan körpə uşaqlar tərbiyəvi üslubda çəkilmiş filmlərə baxmaq istəmirlər, amma indiki mənasız və qorxunc süjetli cizgi filmlərinə maraqla baxırlar. Çünkü köhnə cizgi filmlərində indiki rəngarənglik, sürətlilik yox idi, uşaqların beynini yoran effektlərdən istifadə edilmirdi, uşaqlar yaşlarına uyğun böyüyürdü, amma indi istər reklamlar, istərsə də cizgi filmlərində o qədər rənglərdən istifadə edilir ki, uşaqlar ona aludə olur”.

Reklamlarda uşaqlara qumar təbliğ edilir!

İçindən hədiyyə çıxan, yumurta formasındakı şokoladları hamı tanıyır, adını yazmaq “reklam” olar deyə qeyd etmədik. Əslində, bu məhsula “şokolad içində oyuncaq” demək düzgün deyil, “oyuncağın yanında azacıq şokolad” kimi ifadə etsək, daha doğru olar. Çünki təxminən 1 manata təklif edilən bu məhsulun içindən bir neçə qram kaucukdan ibarət kiçik bir oyuncaq və dəftər vərəqi qalınlığında azacıq şokolad çıxır, amma uşaqlar bu məhsulu çox sevir. Səbəbi də reklamlarda təbliğidir. O qədər cəlbedici reklam hazırlanır ki, hətta böyük insanlar da maraq edir ki, onun içindəki “sürpriz” nədir.

Bir reklam da var, buna xüsusi diqqət çəkmək istəyirəm. Türkiyə telekanallarından birində izlədim və izlədiyim andan etibarən bu reklamın təbliğ etdiyi dəhşətli məsələ məni düşündürdü. Deməli, reklam belədir - Üç uşaq bir masa ətrafında oturub. Filmlərdə görmüş olarsınız, qumar oynanan səhnələrdə masanın üzərində bir lampa asılır, yalnız masaya işıq düşür və kamera masa arxasında oturanların ətrafında fırlanır.

Reklam da eynilə belə idi, uşaqlar “sürprizli şokolad”ın içindən nə çıxacağını təxmin etməyə çalışırlar. Doğru cavabı tapan şokolada və təbii ki, içindəki “sürpriz”ə sahib olmalıdır. Doğru cavabı bilməyən uşaqlar oyundan çıxır. Eynilə, qumarda uduzanların oyunu tərk etmələri kimi. Qısası, reklamda şokolad yox, qumar təbliğ edilirdi...

Ümumiyyətlə, uşaq tərbiyəsi çətin məsələdir, bunu ancaq ağıllı, savadlı valideynlər bacara bilirlər. Bu çətin prosesi fırıldaqçı reklam menecerlərinin ümidinə buraxmaq olmaz. Əslində, olar, amma bu halda sonrakı nəticəsi çox ağır olacaq...

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə