“Azərbaycanın mədəniyyət beşiyi Şuşa” MƏQALƏ

Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın döyünən ürəyi Şuşada 30 illik fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarı bülbül” musiqi festivalı qəlbimizi sevindirdi, ruhumuzu titrətdi. Möhtəşəm musiqi festivalının keçirilməsi Qarabağın tarixi simasının bərpasını özündə təcəssüm etdirdi.

12-13 may tarixlərində “Xarı bülbül” musiqi festivalında seyr etdiyimiz möhtəşəm görüntü bizə bir daha azərbaycanlı olmağımızla qürür duymağı öyrətdi.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təşkil etdiyi möhtəşəm “Xarı bülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunmuşdu. Prezident İlham Əliyev nitqində vurğuladı ki, biz bu gün üçün qəhrəman hərbçilərimiz, Azərbaycan xalqına borcluyuq.

İlham Əliyev onu da qeyd etdi ki, Şuşa Azərbaycan xalqının milli sərvətidir. Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir.

Prezidentimiz çıxışında Azərbaycan dövlətçiliyini zəiflətmək istəyən mənfur düşmənlərdən azad olunmuş torpaqların müstəqilliyindən, Azərbaycan xalqının məğrurluğundan söz açdı. Eyni zamanda Azərbaycanda mövcud olmuş tolerant mühitdən, etnik və dini icma nümayəndələrinin vahid bayraq altında birləşərək döyüşməklə Azərbaycanda hökm sürən həmrəylik və milli birlikdən qürurlandığını da qeyd etdi.

44 günlük müharibə bizim şanlı tariximizdir. Azərbaycanın zümrüd qaşı hesab olunan Şuşada keçirilən “Xarı bülbül” festivalında muğam ifaçısı tərəfindən “Bayatı Şiraz” muğamı üstündə A.Səhhətin “Vətən” şeiri ifa olunmuşdur. Vətənimizin görkəmli nümayəndələri Şuşaya yenidən qayıtmış, səhnədəki təsirli çıxışları ilə ürəkləri fəth etmişlər.

Prezidentimizin gözlərində parlayan sevinc göz yaşları bunu bir daha sübut etdi. Festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də böyük əhəmiyyət kəsb etmişdir.

Bu müqəddəs günlərdə Yuxarı Gövhərağa məscidində, işğaldan azad olunmuş digər ərazilərdə azan səsləri ucaldı. Artıq məscidlərdə bayram namazı qılındı.

İlham Əliyev çıxışında qeyd etdi ki, Şuşada bu festivalın keçirilməsi bir daha onu göstərdi ki, biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Beş il bundan əvvəl Cocuq Mərcanlı işğaldan azad olunanda Prezident İlham Əliyevin göstərişi ilə Şuşa məscidinin bənzəri olan məscid inşa edilmişdi, məscidin açılışındakı çıxışında o, demişdi ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik, yeni məscidlər tikiləcəkdir.

Gün o gündür. Arzularımız çiçəklənir, qəlblərimiz sevinir, fərəhlənir.

Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Məmmədova Fidan Ənvər qızı

İ.Tağıyev adına 26 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə