"Naxçıvan bütün istiqamətlər üzrə dayanıqlı inkişafa müvəffəq olub" MƏQALƏ

"Naxçıvan bütün istiqamətlər üzrə dayanıqlı inkişafa müvəffəq olub" MƏQALƏ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib.

Prezidentimiz öz müsahibəsində bildirib ki, Naxçıvan sürətlə inkişaf edir. Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir. Bütün şəhərlər artıq magistral yollarla bir-birinə bağlanıbdır.

Prezident İlham Əliyev hakimiyyətdə olduğu illər ərzində Naxçıvan Muxtar Respublikasına 15 dəfə səfər edib. Bu səfərlər sadəcə bir dövlət başçısının yerlərdə vəziyyətlə tanışlıq məqsədi güdən protokol səfəri xarakterində olmayıb, hər biri taleyüklü problemlərin həllinə xidmət edib, regionda maraqlı qüvvələrə xüsusi mesajlar verilib. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb. 2000-ci illərin ikinci yarısından etibarən Naxçıvan Muxtar Respublikasının büdcəsi Ermənistanın büdcəsi ilə müqayisə olunmağa başlanıb.

İqtisadiyyatın real sektorunun inkişafına da böyük diqqət göstərilir. Sənaye müəssisələri yaradılır, ixrac imkanları artır, kənd təsərrüfatı uğurla inkişaf edir. Naxçıvan özünü taxılla təmin edir. Qəbul edilmiş son qərarlar kənd təsərrüfatının inkişafına daha da böyük təkan verəcək. Bitkiçiliklə bağlı pivot suvarma sistemlərinin quraşdırılması nəzərdə tutulur. Heyvandarlıqla bağlı süni mayalanma mərkəzi yaradılır ki, potensial daha da böyük olsun.

Bütün bu infrastruktur artıq Naxçıvanın güclü potensialını təmin edir. Sosial məsələlərin həlli, tikilən xəstəxanalar, məktəblər, Olimpiya mərkəzləri, mədəniyyət ocaqları – son illər ərzində görülən bütün bu işlər, əlbəttə ki, respublikanın potensialını artırır. Naxçıvan şəhər xəstəxanası, doğum mərkəzi, müalicə-diaqnostika mərkəzi, bütün şəhərlərin mərkəzi rayon xəstəxanaları tikilib. Yəni, böyük quruculuq işləri aparılır.

Muxtar Respublikada turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər, yaradılan şərait qədim diyarın turizm potensialının inkişafı üçün geniş üfüqlər açmaqdadır. Yeni uçuş-enmə zolağının açılışı turistlərin Naxçıvana gəlməsini stimullaşdırmalıdır. Pandemiyadan sonra Naxçıvana gəlmək istəyən xarici qonaqların sayı daha da artacaq. Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. “Azərbaycan zəngin ölkədir, turizmin inkişafı üçün gözəl yerlər var və biz bu imkanlardan istifadə etməliyik”, – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev turizmin inkişafını ölkə iqtisadiyyatının vacib sahələrindən biri kimi daim diqqət mərkəzində saxlayır.

Dövlətimizin başçısı ölkədə sərhəd xidmətinin təkmilləşdirilməsinə dair kompleks tədbirlərin həyata keçirilməsini və sərhəd dəstələrinin fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulmasını daim diqqət mərkəzində saxlayır. Havada, suda və quruda sərhədlərin etibarlı şəkildə qorunmasını təşkil etmək üçün bütün zəruri tədbirlər görülür. Bu işlərlə yanaşı, sərhədçilərin mənzil-məişət, sosial məsələlərinin həllinə də daim diqqət göstərilir.

Naxçıvanın müdafiə potensialı möhkəmlənir. Ordu ən müasir silah və texnika ilə təchiz edilmişdir. Naxçıvan ordusunda olan hərbi texnika bəlkə də bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Bütövlükdə Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur.

Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün bütün istiqamətlər üzrə əldə olunan uğurların təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndər Heydər Əliyev nəinki Azərbaycan hüdudları çərçivəsində, dünya miqyasında böyük hörmət qazanmış və müstəsna xidmətləri olmuş şəxsiyyətdir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, dahi şəxsiyyət Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandan son 17 ili Azərbaycanın çoxəsrlik tarixinə qələbələr ili kimi yazır.

Məmmədova Nazilə Cəbrayıl qızı

181 nömrəli tam orta məktəbin direktoru

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə