“Prezident sözünün üstündə durdu” DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycanın mədəniyyət paytaxtı Şuşa 12-13 may tarixlərində “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etməsi, “Vaqif” Poeziya günləri və “Xarıbülbül” festivalını bərpa etməsi ölkənin mədəni həyatında əlamətdar hadisələrdən biridir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə “Xarıbülbül” festivalı ilk dəfə 1989-cu ildə Şuşada o vaxtki mədəniyyət naziri Polad Bülbüloğlunun təşəbbüsü ilə keçirilib: “Daha sonra Şuşanın işğalı ilə əlaqədar festival keçirilməyib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təşkil etdiyi möhtəşəm “Xarıbülbül” musiqi festivalının keçirilməsi Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir. 30 illik fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması böyük əhəmiyyətə malikdir, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mədəniyyət sahəsində davamıdır. Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların ictimai və mədəniyyət xadimləri, musiqi kollektivləri iştirak edib, klassik və xalq musiqi əsərləri ifa edilmişdir. Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. 30 ildən sonra bərpa edilən festival sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi. Azərbaycan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir, əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövr başlayır. Bu dövr milli qürur, milli ləyaqət və inkişaf, dirçəliş dövrüdür. Bundan sonra azərbaycanlılar Şuşada əbədi yaşayacaqlar! Festivalın rəsmi açılışını şəxsən Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək elan etmişdir. Prezidentimizin çıxışı olduqca qürurverici və təsirli olmuşdur: -Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Bu ildən başlayaq hər il Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək, eləcə də gələn il Şuşanın 270 illik yubileyi qeyd olunacaq. Biz hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Ölkələr belə inkişaf etməlidir, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur”.

E.Səlimov onu da bildirdi ki, bu gün Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır : “Biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq. Əks-təqdirdə, biz heç vaxt işğala son qoya bilməzdik. Bəllidir ki, Ermənistanın təbliğatı, xüsusi qurumları münaqişənin ilk günlərindən etibarən Azərbaycanda müxtəlif dini, etnik, linqvistik icmalar arasında təfriqə yaratmaq, Azərbaycan dövlətçiliyini zəiflətmək, parçalamaq üçün davamlı iş aparmış, bu məqsədlə mərkəzlər, təşkilatlar, KİV-lər qurulmuş, milyonlarla vəsait xərclənmişdir. Bu işdə xaricdəki erməni lobbisi, onların havadarları da kifayət qədər fəaliyyət göstərmişlər. 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması üçün bütün etnik və dini icmaların nümayəndələri vahid amal, vahid bayraq altında birləşərək çiyin-çiyinə döyüşməklə bu təbliğatın, bu fəaliyyətin öz hədəfinə çatmadığını, mənasızlığını ortaya qoydu”.

Millət vəkili qeyd etdi ki, bu qayıdışın digər bir simvolik başlanğıcı da Ramazan bayramı ilə bağlı Yuxarı Gövhərağa məscidində bayram namazının qılınmasıdır: “İndi Şuşanın Yuxarı Gövhərağa məscidində, işğaldan azad olunmuş digər ərazilərimizdə azan səsləri ucalır. Artıq məscidlərdə bayram namazı qılınır. Festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də böyük əhəmiyyət kəsb etmişdir. Şuşa Pənahəli xanın dövründən dini dəyərlərə xüsusi diqqət yetirilən məkan kimi tanınıb. Azərbaycanlıların etnik təmizlənməsi həmişə tarixi-dini abidələrimizə qarşı vandalizm aktları ilə müşayiət olunub. İslamın Azərbaycan xalqının milli konsolidasiyasında, milli mədəniyyətinin qorunmasında müstəsna yeri var. Beş il bundan əvvəl Cocuq Mərcanlı işğaldan azad olunandan sonra orada Prezident İlham Əliyevin göstərişi ilə Şuşa məscidinin bənzəri olan məscid inşa edilmişdi və həmin məscidin açılışındakı çıxışında o demişdi ki, gün gələcək biz Şuşada məscidləri bərpa edəcəyik və yeni məscidlər tikiləcəkdir”.

E.Səlimov qeyd etdi ki, Prezident İlham Əliyev sözünün üstündə durdu və həmin sözləri bizim bugünkü reallığımıza çevirdi: “Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyuldu. Ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından bu gün su gəldi. Bütün bunlar böyük rəmzi məna daşıyır. Bax, bizim qayıdışımız budur.Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə