Komitə sədri Azərbaycan xalqını təbrik etdi

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü, Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:

Dəyərli dostlar, əziz həmvətənlər!

Sizi müqəddəs Ramazan bayramı münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə can sağlığı, uzun ömür, səadət, xoşbəxtlik, sülh və əmin-amanlıq arzulayıram!

Xalqımızın milli mənəvi dəyərləri, dinimizin adət-ənənələri içərisində bu bayramın xüsusi yeri vardır. Belə ki, çox əsrlərdir sonuncu səmavi din olan islam dinini qəbul edərək, bu dinə itaət edirik. Fəxr hissi ilə deyə bilərik ki, biz çox dəyanətli və əzimkar xalqıq, tarixin müxtəlif dövrlərində cürbəcür məhrumiyyətlərə məruz qalsaq da milli- mənəvi dəyərlərimizi, adət-ənənələrimizi unutmayaraq onu qoruyub saxlaya bilmişik. İnanıram ki, gələcək nəsillərimiz də var olan dəyərlərimizi şərəf və ləyaqətlə yaşadacaqlar.

Ramazan ayında oruc tutan hər kəs yenidən mənəviyyata qayıdır, mənəvi olaraq Uca Tanrıya yaxınlaşır, onu yenidən dərk etməyə çalışaraq daha da saflaşır və təmizlənir. Eyni zamanda oruc tutan hər bir kəs daha da dözümlü, mətin və əzmkar olur.

Bu il xalqımız və dövlətimiz üçün xüsusi bir tarix kimi yadda qaldı. Belə ki, bütün bayramlarda bir-birimizə arzuladığımız ən böyük, müqəddəs arzumuz həyata keçdi. 30 ildən artıq bir müddətdə erməni vandallarının işğalı altında olan torpaqlarımızı başda Ali Baş Komandan İlham Əliyev olmaqla müzəffər ordumuz və xalqımızın birliyi nəticəsində azad etdik. İgid əsgər və zabitlərimizin dözümlü, mətin və əzimkarlığı nəticəsində doğma Şuşamıza qovuşduq. 28 il əvvəl fəaliyyətini dayandırmış ənənəvi musiqi festivalını Şuşamızda bərpa etdik. Sabah Şuşa məscidində bayram namazı qılınacaq. Heç şübhəsiz ki, bütün bu sevindirici hadisələrdə, müstəqil dövlət kimi torpaqlarımızın hər bir qarışına sahib olmağımızda, işğal olunmuş ərazilərimizi mənfur düşməndən geri almağımızda məhz bu sadalanan xüsusiyyətlərin xüsusi önəmi olmuşdur.

Bu gün vətən üçün canını fəda etmiş bütün şəhid qardaşlarımızı da dərin ehtiramla anır, ulu Tanrıdan rəhmət diləyirəm!

Eyni zamanda onu da xatırladım ki, bu il də Ramazan ayını dünyanın böyük təhlükəsi olan COVİD-19 pandemiyası ilə mübarizə apardığı mürəkkəb bir şəraitdə başa vururuq. Amma bu problem ilahi inancları aşa bilmədi.

Cənab Prezidentimiz demişkən: "Qarşılaşdığımız qlobal bəla ilə mübarizənin uğuru daha çox cəmiyyətin hər bir üzvünün yüksək məsuliyyəti və intizamlı davranışından asılıdır. Müqəddəs kitabımız Quran da daim birlik və bərabərliyə, sosial yardımlaşma və xeyirxahlığa çağırır. Əminəm ki, həmişə belə nəcib keyfiyyətləri ilə seçilən və milli-mənəvi dəyərlərini uca tutan xalqımız öz mütəşəkkilliyi və həmrəyliyi sayəsində bu çətinliyi də geridə qoyacaqdır.”

Dəyərli dostlar! Sizi bir daha bu müqəddəs Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm!

Bütün xəbərlər Facebook səhifəmizdə