"Biz Şuşada həmişə dua edəcəyik" - Allahşükür Paşazadə

“Erməni işğalçıları tərəfindən torpaqlarımız zəbt olunmuşdu. Biz çox xoşbəxtik ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi və Ordumuzun rəşadəti ilə torpaqlarımız işğaldan azad olunub. Allah bildirir ki, “Haqqın yolunda ol, həqiqətə çatdıraram”. Biz bu aydakı duaların qəbul olunduğuna inanırıq. Allah bizə belə bir Zəfəri nəsib edib. Prezident İlham Əliyevin adı fateh kimi tariximizə yazılacaq. Ali Baş Komandanın rəhbərliyi ilə cəsur əsgərlərimiz 44 gün ərzində torpaqlarımızı azad ediblər”. SİA xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib. Din xadimləri arasında şəhidlərin və qazilərin də olduğunu vurğulayan QMİ sədri əlavə edib:

“Din xadimlərimiz 44 gün ərzində cəmiyyətdən ayrılmadı, öndə oldular. İşğal olunmuş ərazilərdəki 67 məsciddən 64-ü dağıdılıb, məhv edilib. Ağdama səfər zamanı dağıntıları, dəhşətləri öz gözümüzlə gördük. Mən sovet dövründə Ağdamın gözəlliyini görmüşəm. İndi isə Ağdam “Mədain” xarabalığına oxşayırdı. Ağdamda dağıntılar olduğunu bilirdim, amma bu səviyyədə olduğunu təsəvvür etmirdim. İraqda, Avropada da dağıntılar görmüşəm. Amma erməni faşizminin, erməni xislətinin bu səviyyədə olduğunu gözləmirdim.

Ağdamda bir məsciddə heyvan saxlayıblar. Məscidin qapısına it bağlandığına dəlalət edən dəmir həlqə var idi. Bu qədər vəhşilik törədiblər. Son yüzillikdə islam dünyasının azad edilən torpağı olmamışdı. İlk dəfə xalq-dövlət birliyi ilə bu Qələbəyə nail olduq. Bundan sonra bu Qələbəni saxlamalıyıq. Gənclərə təbliğ etməliyik ki, torpaqlarımızı qorusunlar. Allah şəhidlərə rəhmət eləsin, bizə bir daha müharibə göstərməsin. Allah bizim bayrağımızı həmişə uca etsin, Azərbaycan xalqını xoşbəxt etsin. Bu gün Bakıda Hərbi Qənimətlər Parkı yaradılıb. Biz bu qənimətləri saxlamalı, övladlarımıza göstərməliyik ki, hər zaman birlik ola bilək”.

“Prezident İlham Əliyev Ağdamda məscidə Quran hədiyyə edib. Mən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə birlikdə Kəbədə olarkən torpaqlarımızın işğaldan azad olunması üçün Allaha dua etdik. Prezidentimiz Kəbədən gətirilən Quranı Ağdam məscidinə hədiyyə etdi. Bu, həm də duamızın müstəcəb olması ilə bağlı idi. Biz hər zaman dua etməliyik. İnanıram ki, bütün məbədlərimiz Qarabağda bərpa olunacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanda məscidin bünövrəsini qoyublar. Dünən isə Prezidentimiz Şuşada yeni bir məscidin bünövrəsini qoydu. Şuşada Ramazan bayramı münasibətilə namaz qılınması, dualar oxunması bizi çox şad edib. İnşallah, biz Şuşada həmişə dua edəcəyik”, - deyə Şeyxülislam Allahşükür Paşazadə bildirib.

QMİ sədri qeyd edib ki, ermənilər müharibəni uduzsalar da, dünyaya Azərbaycanla bağlı yalanlar yaymaqdadırlar. Xüsusən, erməni kilsəsi bu sahədə xüsusi canfəşanlıq göstərir:

“Erməni yalanlarına dövlətimiz, Xarici İşlər Nazirliyi layiqli cavab verir. Ancaq Qafqaz Müsəlmanları İdarəsi, dini konfessiyalar da bu yalanlara cavab verməlidirlər. Ermənilər iftira atır, yalan danışırlar. Kilsəyə, din xadiminə yalan danışmaq yaraşmaz. Guya, biz onları torpaqlarından qovmuşuq, xristian olduqlarına görə onlara əziyyət veririk, kilsələrini dağıdırıq. Bu yolla xristian dövlətlərindən dəstək almağa çalışırlar. Biz dünyanın müxtəlif dini qurumlarına müraciətlər göndərir, dini baxımdan həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa çalışırıq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...