28 May Respublika günü münasibətilə Qahirə Universitetində seminar keçirilib

28 May Respublika günü münasibətilə Qahirə Universitetində seminar keçirilib

Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyi və 28 May Respublika günü münasibətilə Qahirə Universitetində "Azərbaycanın müstəqillik yolu: əldə olunmuş nailiyyətlər və perspektivlər" mövzusunda seminar keçirilib. Azərbaycanın Misirdəki səfirliyindən SİA-ya verilən xəbərə görə, seminarda Qahirə Universitetinin Siyasi və İqtisadi elmlər fakültəsi, Əl-Əzhar, Helvan və Ayn-Şəms Universitetlərinin müəllim və tələbə kollektivi, yerli ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qahirə Universitetinin Sivilizasiyalararası dialoq mərkəzinin direktoru Dr.Pakinam Şərqavi müstəqillik illərində Azərbaycanın əldə etdiyi nailiyyətləri, Azərbaycanın xalqının zəngin mədəni irsi və yüksək əxlaqı keyfiyyətləri haqqında məlumat verərək, cari ilin aprel ayında Bakıda keçirilmiş Beynəlxalq mədəniyyətlərarası forum çərçivəsində Azərbaycanda odluğu müddətdə Azərbaycanın sürətli və hərtərəfli inkişafının bir daha şahidi olduğunu qeyd etmiş və Azərbaycanın beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqda fəal rol oynadığını vurğulayıb.

Görüş əsnasında səfir Şahin Abdullayev Azərbaycanın tarixi və mədəniyyəti, Cənubi Qafqaz regionundakı təhlükəsizlik vəziyyəti, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycanın qonşu dövlətlərlə əlaqələri haqqında ətraflı məlumat verərək, 20 illik müstəqillik yolunda Azərbaycanın əldə etdiyi nailiyyətlərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Heydər Əliyevin irsinə sadiq olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bu gün ictimai-siyasi həyatın, iqtisadiyyatın, mədəniyyət və incəsənətin bütün sahələrində uğurlara imza atdığını və sürətlə inkişaf etdiyini qeyd edən Səfir Azərbaycanın ərəb-İslam dünyası ilə tarixi əlaqələrindən danışmış və bu əlaqələrin daha da inkişafı üçün böyük perspektivlərin olduğunu diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müstəqil Azərbaycanın inkişafında ən ciddi problem olduğunu deyən Səfir Ermənistanın işğalçılıq siyasəti, erməni terrorizmi haqqında məlumat vermiş və özünü ərəb-İslam dünyasının "dostu" adlandıran Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki İslam mədəniyyət və dini abidələrini məqsədyönlü şəkildə darmadağın etdiyini tədbir iştirakçılarının nəzərə çatdırıb.

Misirin Əl-Şərq regional siyasi araşdırmalar mərkəzinin direktoru Dr. Mustafa Labbad Gülüstan və Türkmənçay müqavilələri əsasında Azərbaycanın Çar Rusiyası və İran imperiyası arasında bölündüyü və bundan sonra ermənilərin məqsədyönlü şəkildə Qafqaza köçürülmə siyasətinin başlandığı haqqında məlumat verərək, Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradıldığını qeyd etmişdir. Ermənilərin Azərbaycana qarşı işğalçılıq siyasətinin XİX əsrdən başladığını və Azərbaycana müstəqilliyini əldə etdikdən sonra bunun davam etdiyini qeyd edən Dr. Mustafa Labbad Ermənistanın regionda təcrid vəziyyətində olduğunu və danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutduğunu bildirərək, Azərbaycanın fəal və tarazlaşdırılmış xarici siyasət yürütdüyünü, qısa müddət ərzində siyasi və iqtisadi sahələrdə böyük nailiyyətlər əldə etdiyini, Türkiyə, Rusiya, İran və Xəzəryanı dövlətlər, Avropa İttifaqı və ABŞ ilə yaxın əlaqələr qurduğunu diqqətə çatdırıb.

Qahirə Universitetinin Beynəlxalq əlaqələr üzrə professoru Dr. Məcdəh Salah Azərbaycanın ərəb-İslam dünyası ilə tarixi əlaqələrindən danışaraq, müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın İslam Konfransı Təşkilatı və Ərəb Dövlətləri Liqası ilə yaxın əlaqələr qurduğunu bildirib. İkitərəfli əsasda Azərbaycan-Misir əlaqələrindən danışan Dr. Məcdəh Salah siyasi, iqtisadi, mədəni sahələrdə çoxsaylı sazişlərin imzalandığını diqqətə çatdıraraq, hər iki ölkənin xalqları arasında ictimai diplomatiyanın gücləndirilməsi, qeyri-hökumət təşkilatları arasında əlaqələrin qurulması və xalqları daha da bir-birinə yaxınlaşdırmaq üçün birbaşa hava reyslərinin açılmasına olan zərurəti vurğulanıb.

Tədbir çərçivəsində ərəb dilində Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, müasir inkişafı, Ermənistan-Azərbaycan münaqişəsi və Xocalı faciəsini əks etdirən film nümayiş etdirilib. Seminarın sonunda Səfirliyin və AR-ın Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən "Mən Azərbaycan haqqında nə bilirəm" inşa müsabiqəsinin iştirakçıları və qalibləri təltif edilib. İnşa müsabiqəsinin qaliblərinin bu ilin iyul ayında Azərbaycana tanışlıq səfəri nəzərdə tutulur.

\"\"

\"\"



Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com