Ombudsman Aparatının nümayəndələri MST-lərə və polis bölməsinə baş çəkiblər

Ombudsman Aparatının nümayəndələri MST-lərə və polis bölməsinə baş çəkiblər

İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokoluna uyğun olaraq yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Səbail Rayon Polis İdarəsinin (RPİ) müvəqqəti saxlanma təcridxanasına (MST), həmin idarənin 8-ci polis bölməsinə, habelə Binəqədi RPİ-nin MST-nə başçəkmələr həyata keçirmiş, saxlanma şəraitini araşdırıblar.

Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, MST-lərdə saxlanılan şəxslərlə söhbət aparılmış, onlara hüquqları izah olunub. Söhbət aparılmış şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan narazılıq etməyiblər.

MPM qrupunun üzvləri adı çəkilən MST və polis bölməsində saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə də tanış olmuş, pozuntu halları aşkar edilməyib.

Qeyd olunmalıdır ki, əvvəlki başçəkmələr zamanı Səbail RPİ-nin MST-də saxlanma şəraitinin standartlara daha da uyğunlaşdırılması ilə bağlı verilmiş tövsiyələrin nəzərə alındığı və müvafiq tədbirlərin həyata keçirildiyi son başçəkmə zamanı müəyyən edilib.

Baxış keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə