Sosial Xidmətlər Agentliyi beynəlxalq təşkilatın üzvlüyünə qəbul edilib

Əlilliyi olan şəxslər üçün Avropa Xidmət Təminatçıları Assosiasiyasının Baş Assambleyasının onlayn iclası keçirilib. İclasda səmərəli və keyfiyyətli sosial xidmət sistemləri vasitəsilə əlilliyi olan şəxslər üçün bərabər imkanların təmin olunması məsələləri, yeni layihələrin müzakirəsi aparılıb, eyni zamanda, Təşkilata üzv olmaq üçün təşkilat və qurumların müraciətlərinə baxılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi təşkilata tamhüquqlu üzvlüyə qəbul olunub. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən SİA-ya verilən məlumata görə, Assosiasiya səmərəli və keyfiyyətli sosial xidmət sistemlərinin köməyi ilə əlilliyi olan şəxslər üçün bərabər imkanların təmin olunması məqsədinə xidmət edir.

35 ölkədən qurumların iştirak etdiyi təşkilata üzv olmaq sosial xidmətlər sahəsində Avropanın ixtisaslaşmış mərkəzləri ilə birbaşa əlaqələrin yaradılması, tematik işçi qrupların tərkibində fəaliyyət, Avropada sosial xidmətlər üzrə tədqiqat və digər layihələrdə iştirak imkanları yaradır. Yaxın vaxtlarda Assosiasiya ilə ən yaxşı təcrübələrin öyrənilməsi üçün silsilə görüşlərə başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...