Əmək müfəttişləri üçün təlim-seminar keçirilir

Əmək müfəttişləri üçün təlim-seminar keçirilir

Azərbaycan Respublikasının 2011-ci ildə Əmək Müfəttişliklərinin Regional Alyansına (ƏMRA) sədrliyi ilə əlaqədar olaraq ƏMRA üzvü ölkələrin əmək müfəttişləri üçün növbəti təlim-seminar 25-26 may 2011-ci il tarixində Bakıda təşkil edilib. Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Dünya Bankının dəstəyi ilə icra olunan "Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) Potensialının Artırılması" Layihəsi ilə birgə təşkil olunub.

Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, iki gün davam edəcək təlim-seminarda təhlükəsizlik tədbirlərinin inkişafında DƏMX-in rolu, iş yerlərində bədbəxt hadisələr və peşə xəstəliklərinin qarşısının alınması, əməyin mühafizəsi ilə bağlı ictimai məlumatlılıq səviyyəsinin artırılması, risk dərəcələrinin təhlili, sosial tərəfdaşlarla əlaqələrin möhkəmləndirilməsi və s. mühüm məsələlər müzakirə ediləcək, qabaqcıl təcrübə nümunələri barədə məlumat veriləcəkdir.

ƏMRA üzvü ölkələrin əmək müfəttişləri arasında təcrübə mühadiləsinin həyata keçirilməsi və əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə xidmət edəcək tədbirdə Almaniya, Bolqarıstan, Bosniya və Hersoqovina, Litva, Monteneqro, Monqolustan, Niderland, Qırğızıstan, Serbiya, Ukrayna, Türkiyə və digər ölkələrin əmək müfəttişlikləri nümayəndələrinin, BƏT-in yüksək səviyyəli təmsilçiləri, aidiyyəti qurumların nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, ƏMRA üzvü ölkələrin əmək müfəttişləri üçün təlim-seminarın Bakıda keçirilməsi ilə bağlı qərar, 18-19 noyabr 2011-ci il tarixində təşkilatın Bakıda təşkil edilmiş üçüncü konfransında qəbul edilmişdir.


Bütün xəbərlər Facebook səhifəmizdə