Dövlətimiz daim Qarabağ müharibəsi iştirakçılarına diqqət və qayğı göstərir-FOTO

1941-1945-ci illər müharibəsində 600 mindən çox soydaşımızla yanaşı, ölkəmiz bütün maddi və mənəvi sərvətləri ilə faşizmə qarşı mübarizə aparıb. Azərbaycanın daxili işlər orqanlarının əməkdaşları da cəbhədən cəbhəyə mübarizə yolu keçməklə, qazanılan böyük Qələbəyə mühüm töhfə veriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, faşizm üzərində Qələbənin 76-cı ildönümü ərəfəsində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları daxili işlər orqanlarının qəhrəmanlıq və şücaət salnaməsində imzası olan veteranlar - Əzim İbrahimov və Səfər Abdullayevlə görüşüblər.

Görüşlərdə Bakı şəhər Baş Polis İdarəsinin rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovnik-leytenantı Taleh Ağalı və Bakı şəhər Baş Polis İdarəsinin Veteranlar Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Emin Məmmədov İkinci Dünya müharibəsində azərbaycanlıların həm arxa cəbhədə, həm də ön cəbhədə böyük çətinliklərə sinə gərdiklərini, dünyanın faşizm istilasından xilas edilməsində misilsiz qəhrəmanlıqlar sərgilədiklərini qeyd ediblər. O zaman üçün ümumi Vətən sayılan torpaqların qorunmasında öz vəzifəsini yerinə yetirən oğulların davamçılarının İkinci Qarabağ müharibəsində Vətən savaşına qalxdıqlarını və xalqımıza növbəti şanlı qələbəni bəxş etdiklərini xüsusilə diqqətə çatdırıblar.

İstər İkinci Dünya, istərsə də İkinci Qarabağ müharibəsi iştirakçılarına dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyi, onların problemlərinin həll edilməsinin dövlət qurumları qarşısında prioritet vəzifə kimi müəyyənləşdirildiyi vurğulanıb.

Veteranlar müharibə illərindəki xatirələrini bölüşərək, azərbaycanlıların bu müharibədə göstərdikləri qəhrəmanlıqlardan söhbət açıblar. Daxili İşlər Nazirliyi və Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinin onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...