Əqli və fiziki cəhətdən zəif olan uşaq üçün növbəti toplu təqdim edilib

Əqli və fiziki cəhətdən zəif olan uşaq üçün növbəti toplu təqdim edilib

Bu gün "Beynəlxalq Əlillər Dünyası" İctimai Birliyinin Əlil uşaqların təhsilə cəlbi vəziyyətinin monitorinqinin gedişi və layihə çərçivəsində nəşr olunan "Sağlamlıq imkanları məhdud olan uşaqların inkluziv və fərdi təhsili haqqında qanunvericilik sənədlər toplusu" kitabının təqdimatı mövzusunda mətbuat konfransı keçirilib.

SİA-nın məlumatına görə, tədbirdə ilk olaraq çıxış edən İB-nin sədri Tahir Xudiyev bildirib ki, təhsil- bilik, bacarıq və vərdişlərin gənc nəslə öyrədilməsi və ötürülməsi prosesidir: "Təhsil hər bir xalqın gələcək həyatını və hərtərəfli inkişafını müəyyən edən həlledici amillərdən biridir. Bu baxımdan müasir dövrümüzdə əqli və fiziki cəhətdən qüsurlu olan uşaqların təhsil hüquqlarının təmin edilməsi də ən aktual məsələlərdən biridir".

T. Xudiyev onu da vurğulayıb ki, əqli və fiziki cəhətdən qüsurlu olan uşaqların təhsil hüquqlarının müdafiəsi həm də insan hüquqlarının həyata keçirilməsi uğrunda aparılan qlobal mübarizənin tərkib hissəsidir.

Daha sonra çıxış edən İB-in təhsil üzrə eksperti Nizami İsmayılov qeyd edib ki, əlil uşaqların sosial müdafiəsi ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulan bu kitab əlil uşaqların inkluziv təhsili sahəsində həyata keçirilən dövlət siyasətinə dəstək məqsədi ilə çap edilib.

Bu toplu Prezident yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Beynəlxalq Əlillər Dünyası İB tərəfindən hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə