"Həqiqəti yazsalar, özlərini ifşa etmiş olarlar" SƏDR MÜAVİNİ İZAH ETDİ

"Həqiqəti yazsalar, özlərini ifşa etmiş olarlar" SƏDR MÜAVİNİ İZAH ETDİ

“Ermənistanın istər mediasının, istər siyasət adamlarının Azərbaycan barəsində yalan, təxribatçı informasiya yaymaları ilk hal deyil”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, ermənilər bütün fəaliyyətləri boyu belə yalan informasiyalar yayıblar: “100 illərdir ki, bu proseslər davam edir. Son 30 il müddətində isə Azərbaycana qarşı daha intensiv şəkildə yalan xəbərlər, dezinformasiya, təxribatçı xarakterli informasiyaları yayıblar. Bu həmişə baş vermiş haldır. Azərbaycan mediası və siyasət adamları da ermənilərin istər Ermənistanda olan ermənilərin istərsə də beynəlxalq erməni şəbəkəsinin bu təxribatlarını həmişə ifşa edib, cəmiyyətimizi bu sahədə məlumatlandırır. Amma bu məsələdə 2020-ci ilin 44 günlük müharibə vaxtında çox ciddi yenilik oldu. Yenilik ondan ibarət idi ki, Ermənistan mediası və siyasətçiləri həmin 44 günlük müharibə dövründə çox intensiv və daha bol şəkildə yalan, təxribatçı xarakterli informasiyalar yaydılar. Azərbaycan cəmiyyəti onların yalan informasiya yaymasını öz gözləri ilə gördü".

Müşfiq Ələsgərli həmçinin qeyd edib ki, Azərbaycan özünün uğurlu siyasət aparması ilə ermənilərə çox böyük zərbə vuraraq, onları çaşqın vəziyyətə saldı: “Problem ondadır ki, ermənilər bu siyasətlərindən yenə də əl çəkmirlər. Yenə də yalan təxribatçı xarakterli məlumatlar yayırlar. Bu o demək deyil ki, onlar bu cür informasiyalardan xeyir götürürlər. Artıq 44 günlük müharibə onların yalanlarını ifşa etdi. Çaşqın vəziyyətə düşmüş ermənilər başqa yol tapa bilmirlər. Çünki yazacaqları həqiqət yoxdu. Həqiqətlər bütövlükdə onların əleyhinədi. Yəni həqiqəti yazsalar, özlərini ifşa etmiş olarlar. Bu baxımdan hələ də yalan yazmaqda, yalan informasiyalar yaymaqda davam edirlər. Azərbaycan mediası və siyasətçiləri ilk növbədə ermənilərin yaydığı informasiyaları monitorinq edərək, orada yalan olan məlumatlara dərhal rekasiya verməlidirlər ki, bunu da Azərbaycan siyasətçiləri və mediası edir. Yəni ötən illərdən fərqli olaraq, ilkin məqamda yenilik ondan ibarətdir ki, Azərbaycan jurnalistləri, media təmsilçiləri, eyni zamanda siyasətçilər Ermənistanda baş verən prosesləri çox diqqətlə izləyirlər. Hər gün, hər saniyə, hər dəqiqə onların monitorinqi gedir və onların yaydıqları yalan informasiyalar operativ şəkildə ifşa olunur. Bu da Azərbaycan və dünya ictimaiyyətinin düzgün, doğru məlumat almasını təmin etmiş olur. Bu prosesi davam etdirmək lazımdır. Ermənilərə dərhal, operativ şəkildə reaksiya verib onları həmin anda ifşa etmək lazımdır ki, onların yaydıqları yalanlar ayaq tutub yeriməsin. Bu məsələ təkcə dövlətin, medianın üzərinə düşən məsuliyyət deyil. Biz cəmiyyət olaraq, rəqib ölkə və düşmənə qarşı daimi olaraq, həssas olmalıyıq. İnformasiya yazmaq imkanı olan hər bir vətəndaş, hər bir azərbaycanlı erməni mediasını həssaslıqla izləməlidir və orada olan yalanlara anında reaksiya verib ifşa etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə