“Hər intihar xəbərində bir psixoloq olaraq özümü günahkar görürəm. Düşünürəm ki, biz niyə bu qədər az maarifləndirmə edirik? Niyə valideynlərlə tez-tez görüşlər keçirmirik? Əgər, belə seanslar olsa intiharlar azalar”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
Onun sözlərinə görə, bu gün valideynlər övladlarına qorxu və stress tətbiq edib, ali məkətəbə təşviq olunmalarını istəyirlər: “Onlar övladlarının seçiminə hörmətlə yanaşmalıdır. Övladınıza öz istədiyi peşəni seçməyə və öz istədiyi ali təhsil müəssisəsində oxumağa şərait yaradın. İcazə verin övladınız sabah özünü görə biləcək bir işdə çalışmaq üçün təhsil alsın”.
Psixoloq onu da qeyd edib ki, imtahan sessiyası abituriyentlərin birbaşa yeniyetməlik dövrünə təsadüf edir: “Bu onlar üçün böhran dövrüdür. Təsəvvür edin, artıq onlar özlərində gedən dəyişikliyin içərisində, eyni zamanda imtahan yükü, ailədə baş verən psixoloji uyuşmazlıq və valideyn basqısı ilə də yüklənirlər. Məsələn, ailədə yaranacaq münaqişənin nəticəsində abituriyentin diqqəti dağılır və dərsdən kənarlaşır. Hər xırda problemdə övladlarımızın bütün yaş kateqoriyasını nəzərə almalıyıq. Övladlarımızı birdən-birə yox, 2-ci şəxsiyyət dövründən imtahana alışdırmalıyıq. İmtahan vaxtı olan qorxu və stress intihara vadar edir. Abituriyentlər düşünür ki, ali məktəbə qəbul olmasalar valideynləri ondan üz döndərəcək. Mütləq şəkildə, heç olmasa məktəb psixoloqları abituriyentləri maarifləndirməli və psixoloji dəstək verməlidir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB