Yaqub Mahmudov: \"Biz tariximizə sahib çıxmalıyıq, tarixinə sahib çıxmayan xalq məhvə məhkumdur\" - MÜSAHİBƏ

Yaqub Mahmudov: \"Biz tariximizə sahib çıxmalıyıq, tarixinə sahib çıxmayan xalq məhvə məhkumdur\" - MÜSAHİBƏ

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudovun SİA-ya müsahibəsi :

- 28 may tarixində Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi baxımdan hansı əhəmiyyətə malikdir?

- Bu vaxtı Azərbaycan tarixinin hər hansı başqa bir səhifə ilə əvəz etmək mümkün deyil. Çünki Gülüstan və Türkmənçay müqaviləsi ilə iki böyük imperiya Azərbaycan torpaqlarını bölüşdürdü. Şimalda ruslaşdırma Azərbaycan xalqının milli mədəniyyətini məhv etmək, tarixi keçmişini xalqa unutdurmaq, azdırmaq, etnoqrafiq mənşəyini təhqir etmək xətti götürülüb, cənubda da farslaşdırma gedib. Bu iki böyük imperiya, onun ideoloqları, hərbi sənaye müdafiə hücum kompleksində çalışan yırtıcı generallar güman edir ki, Azərbaycan xalqı məhv ediləcək və bu torpaqlar da əbədi olaraq Rusiya və İrana qalacaq.

Bu baxımdan I dünya müharibəsinin gedişində, çox mürəkkəb tarixi şəraitdə Azərbaycan xalqı onun milli gerçəkliyini qoruyan insanlar - Əlimərdanbəy Topçubaşov, Fətəlixan Xoyski, M.Ə.Rəsulzadə, N.Yusifbəyli və bir çox ziyalılarımız birləşərək millətimizi xilas etdi. Müstəqil Azərbaycan dövlətinin yaradıldığını elan etdilər və Türkiyə Osmanlı dövlətinə müraciət edərək xalqa xilas yolunu tutdular. Bu tarixmizin ən parlaq səhifələrindən biridir. Bunun nəticəsində dövlətçiliyimiz yaşadı, cümhuriyyət xadimləri Azərbaycanın şimal torpaqları üzərinə Azərbaycan anlayışı, möhürünü vurdular. Buna çox böyük etirazlar var idi. İran, şimaldan digər ölkələr Azərbaycan anlayışının dirçəlməsini istəmirdilər. Azərbaycanın şimal torpaqlarının Azərbaycanın Xalq Cümhuriyyəti adlandırılması bizim müqəddəs torpaqlarımıza Azərbaycanın möhürünün vurulması demək idi. Digər tərəfdən cümhuriyyət dünya tarixində avropalı, şərqli ən demokratik respublika formasını yarandı. Bu bizim xalqımızın başının ucalığı idi, çünki cümhuriyyət xadimlərinin böyük əksəriyyəti Rusiya imperiyasının azğın, müstəmləkəçi imperiya olduğunu həmişə söyləyirdilər, tənqid edirdilər. Onlar çalışırdılar ki, Rusiya imperiyasına nümunə ola biləcək bir demokratik dövlət yaransın. Bu vaxta qədər qərbdə yaradılan bütün demokratik respublikalarda ən qədimi və demokratikini biz yaratdıq. Biz təkcə türk dünyasında, türk-müsəlman şərqində deyil, dünya tarixində də öz dövrü üçün ən demokratik dövləti biz yaratdıq. Bu baxımdan bu çox böyük bir hadisə idi.

- Bu il cənab prezidentin sərəncamı ilə dövlət müstəqilliyinin bərpa olunmasının 20 illik yubileyi qeyd olunacaq. Ümumiyyətlə, bu tarixi necə qiymətləndirirsiniz?

- Biz müstəqil Azərbaycan Respublikasının 20 illik yubileyini qeyd edəcəyik. Bu 20 illiyin ən böyük mahiyyəti odur ki, həmin Xalq Cümhuriyyətinin varisiyik. Dövlətçilik ənənələrini bərpa etmişik. Bu baxımdan cümhuriyyət ideyaları şüurunda, ürəyində, ziyalıların əməllərində yaşadı. Ona görə də bu cümhuriyyətin dirçəldilməsi mənasında Azərbaycan Respublikasının yaradılması tariximizin böyük hadisəsidir. Eyni zamanda, biz bütün bu hadisələri qeyd edərkən tariximizin ibrət dərslərini də unutmuruq. Çünki 1991-1993-cü illərdə səriştəsiz rəhbərlik ölkəni yox olmaq təhlükəsi qarşısında qoymuşdu. Tarixdə bir daha sübut olundu ki, ən ağır məqamlarda dahi şəxsiyyətlər xalqın mübarizənin önünə keçir və qurtuluş mübarizəsində qalib gəlir. Bu baxımdanda ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra gördüyü çox böyük işlər nəticəsində Azərbaycan yaşaya bildi. Dünya tarixinin nadir hadisəsidir ki, 100 illərlə dövlət qurulur. Yeni dövlət qurmaq çox çətin bir məsələdir. Amma Heydər Əliyevin elə tarixi təcrübəsi var idi ki, o 10 il ərzində Azərbaycan xalqı üçün hüquqi, demokratik və dünyəvi dövlət quraraq xalqa əmanət qoydu. Bu gün həmin əmanət qorunur, hər bir vətəndaş bu əmanəti yüksək tutur. Bizim üçün qürur mənbəyidir ki, Heydər Əliyevin inkişaf strategiyasını prezident İlham Əliyev çox uğurla davam etdirir. İlham Əliyev cəsarətli siyasətçi kimi bütün siyasi addımlarda ölkəmizin milli mənafeyini cəsarətlə, müdrikliklə qoruyan siyasətçi kimi Azərbaycanı inkişaf etdirir. Bu gün Azərbaycan dünya meydanında bütün ictimai-iqtisadi zəlzələlər, maliyyə-iqtisadi böhran şəraitində dinamik, sürətli inkişaf edən ölkə, Cənubi Qafqazın lider dövlətidir. Dünyada Azərbaycanın öz mevqeyi var, onun sözü ilə hesablaşılır, hörmət edilir və Azərbaycanın öz torpaqlarını geri qaytarması çox uzaqda deyil. İndi səfalət içərisində yaşayan Ermənistandan fərqli olaraq Azərbaycan təkcə hərbi sahəyə ayırdığı vəsait onların dövlət büdcəsindən daha çoxdur. Hərbi müdafiə kompleksi çox sürətlə inkişaf edir, yaxın zamanlar peykimz buraxılacaq. Bütün bunların hamısı Azərbaycan xalqına ümid verir ki, yaxın gələcəkdə əgər bizi ATƏT-in Minsk Qrupunun aktyorları aldatmaqda davam edəcəklərsə, Azərbaycan xalqı öz torpaqlarını xilas edəcək və onun dövlət müstəqilliyi ərazilərin geri qaytarılması mənasında təmin olunacaq.

- Ümumiyyətlə cümhuriyyət dövrünün tarixi necə öyrənilib və bunu hansı tərəflərdən öyrənilməsinə ehtiyac var?

- Cümhuriyyət elə bir dövrdür ki, bundan sonra da araşdırılmalıdır. Amma cümhuriyyət dövrünün öyrənilməsi sayəsində çox böyük işlər görülür. Heydər Əliyev hakimiyyəti zamanı cümhuriyyət tarixinə çox böyük diqqət bəsləyirdi. O sonuncu səfəri zamanı tapşırıq vermişdi ki, bir cildlik cümhuriyyət ensklopedik lüğəti hazırlansın. Bu iş də mənə həvalə olunmuşdu. İki ilin içərisində bir cildlik ensiklopedik lüğət yox, iki cildlik Azərbaycan Xalq Cümhuriyyəti ensklopediyası hazırlanıb. Bu gün həmin iki cildlik Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyasından hər kəs istifadə edir. Hesab edirəm ki, Heydər Əliyevin tapşırığı ilə həyata keçirilən bu iş Xalq Cümhuriyyəti üçün qoyulan ən böyük abidədir. Bu tədqiqat işləri davam etdirilir. Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti tarixinin şöbəsində tədqiqatlar üçün Britaniyadan, Fransadan arxiv sənədlər gətirilib, Dehliyə elmi ezamiyyət təşkil olunub, Moskva, Sankt-Peterburq, Türkiyə arxivlərindən sənədlər toplanıb. İndiyə qədər cümhuriyyət tarixinin öyrənilməyən bütün məsələləri yaxın zamanlarda nəşr olunacaq sənədlər toplusu vasitəsilə Azərbaycan xalqına təqdim olunacaq. Beləliklə də cümhuriyyət tarixinin dərindən öyrənilməyən məsələləri qalmayacaq.

- Azərbaycan tarixinin yenidən yazılması istiqamətində işlər nə yerdədir?

- 3 cildlik Azərbaycan tarixinin hazırlanması işinə başlamışıq. Fikrimcə, bunların yaranmasına çox böyük ehtiyac var. Ona görə ki, bizim vaxtilə çapdan çıxmış olan 3 cildlik \"Azərbaycan tarixi\", 7 cildlik \"Azərbaycan tarixi\"ndə bir sıra nöqsanlar, çox ciddi qüsurlar mövcuddur. Irəvan xanlığı tarixi Azərbaycan tarixinə düşməyib, Borçalının, Dərbəndin, Cənubi Azərbaycanın tarixi lazımınca araşdırılmayıb. Ona görə də Prezident Aparatı səviyyəsində göstəriş və razılıq var ki, 3 cildlik \"Azərbaycan tarixi\" yenidən yazılsın. Bütün tarixi Azərbaycan torpaqlarımız burada əhatə olunsun. Biz tariximizə sahib çıxmalıyıq. Tarixinə sahib çıxamayan xalq məhvə məhkumdur. Bu ciddi bir məsələdir. İndi konsepsiyanın hazırlığı üzərində iş gedir və güman edirəm ki, 5-6 ay ərzində bu işlər başa çatdırılacaq. Güman edirəm ki, yaxıln 4-5 il ərzində azərbaycan oxucuları Azərbaycan tarixini yeni səpkidə əldə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə