Qənirə Paşayeva: “Məişət zorakılığı mövzusu KİV-də daha da aktuallaşmalıdır” - MÜNASİBƏT
"Rəsmi statistikaya görə ölkəmizdə məişət zəmnində törədilən hadisələrin sayı 17 mindir ki, onun da böyük əksəriyyəti insanın əleyhinə törədilən hadisələr təşkil edilir". Bu barədə millət vəkili Qənirə Paşayeva "Məişət zorakılığının aradan qaldırılmasında KİV-in rolu" mövzusunda keçirilən tədbirdə məlumat verib.
Onun sözlərinə görə, bu problemlərin qarşısının alınması, daha yaxşı işlək mexanizmin olması üçün kütləvi informasiya vasitələrinin çox böyük rolu var.
Millət vəkili bildirib ki, bu gün hər birimiz KİV-ə ayırdığımız zaman qədər öz doğmalarımıza zaman ayıra bilmirik: "Mətbuat, internet həyatımızın əsasını təşkil edir. KİV-dən istifadə olunmalıdır, çünki onlar cəmiyyətin sağaldıcı, ən gözəl dərman funksiyasını yerinə yetirə bilərlər. Lakin KİV nümayəndələri özləri də etiraf edirlər ki, mətbuatda məişət zorakılığına az yer ayrılır. Jurnalistlərin yarıdan çoxu yəni 55 faizi problemin müəyyən oxucu auditoriyası üçün maraqlı olduğunu, 35 faizi cəmiyyət üçün maraqlı olmadığını bildirirlər. Bunun özü də qorxuducu rəqəmdir. Əgər mövzu bütün ailələri əhatə edirsə, necə ola bilər ki maraqsız olsun? Yalnız 12 faiz jurnalistlər hesab edirlər ki, bu kifayət qədər maraqlı mövzudur"
Millət vəkili hesab edir ki, məişət zorakılığı mövzusu KİV-də daha da aktuallaşmalıdır.
Q.Paşayeva vurğulayıb ki, telekanallarda ailə-məişət zorakılığı ilə bağlı verilişlər bəzən bu problemin həllinin xeyrinə yox, ziyanına olur.
Onun sözlərinə görə, ümumiyyətlə aparılan araşdırmaların nəticəsində məlum olub ki, KİV-də ailə-məişət zorakılığı problemi ilə bağlı mütəmadi araşdırma xarakterli yazılar və proqramlarla çıxış edən jurnalistlər yoxdur. "Ona görə təklif edirəm ki, bu məsələ ilə bağlı müvafiq qurumlar araşdırma xarakterli yazılar yazan jurnalistləri müəyyənləşdirsin və onlara treninqlər keçirilsin. Eyni zamanda, telekanallarda təşkil olunan tok-şoulara qeyri-peşəkar ekspertlər yox, sırf bu məsələ ilə bağlı müvafiq qurumların ekspertləri dəvət olunsun", - deyə Q.Paşayeva bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB