Bayram günlərində süni qiymət artımı nə ilə bağlıdır" EKSPERT NÖQSANLARI DİQQƏTƏ ÇATDIRDI

“Bayram günlərində süni qiymət artımı tələbin artması ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, bazar tələb və təklif aksiomu ilə işləyir: “Tələb artanda keyfiyyətsiz mal və xidmət meydana çıxır və qiymət artımı baş verir. Bu xüsusən də özünü turizm sferasında göstərir. Çünki əhalinin regionlara axımı baş verir. Təəssüflər olsun ki, başqa ölkələrə baxanda Azərbaycanda otellərdə qalma qiymətləri həddindən artıq bahadır. Xidmət də lazımlı səviyyədə deyil. Amma bununla bərabər yaxşı uyğun qiymət təklif edən və normal xidmət göstərən istirahət mərkəzləri də vardır. Cənab Prezident bütün iqtisadi yığıncaqlarda daim deyir ki, ölkədə süni qiymət artımı var. Lakin buna baxmayaraq, məsələ həll olunmur. Dövlətin bu işlərə nəzarət edən qurumu çox təəssüflər olsun ki, əlləri qolları bağlı bir vəziyyətdədir. Qanunlar imkan vermir ki, onlar müxtəlif monitorinqlər keçirsin. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə xüsusi səlahiyyətlər verilməlidir və süni qiymət artımının qarşısını almalıdır. Süni qiymət artımı heç də o demək deyil ki, kənd kartofunun bazarda 80 qəpik olduğu halda 1 manata verilsin. Ölkədə azad bazar iqtisadiyyatı var. Kim necə istəyirsə qiymət təyin edə bilər".

Eyyub Hüseynov qeyd edib ki, süni qiymət artımı marketlərdə baş verir: “Qeyd edim ki, marketlər öz taxçalarını santimetrlərlə mal təchizatçılarına böyük pula satırlar. Həmin pullar vergidən yayınan nəğd alınan pullardır və heç bir yerdə maliyyə sənədlərində qeyd olunmur. Ona görə də istehsalçılar və mal təchizatçıları həmin o rüşvəti malların üzərinə qoyurlar. Təəssüflər olsun ki, marketlər üçün Nazirlər Kabinetinin heç bir qaydası yoxdur. Market şəbəkələrində böyük qeyri-qanuni pullar dövr edir. Son nəticədə bu da süni qiymət artımına gətirib çıxardır və istehsalçılar bundan əziyyət çəkirlər. Mütləq marketlərdəki bu məsələ həll olunmalıdır. Üstəlik marketlərə kim çox pul verirsə onun malını yerləşdirir. Bizim təqdiqat göstərir ki, xarici mal istehsalçılarına daha çox yer ayırırlar nəinki yerli mal istehsalçılarına. Xaricdən mal gətirənlərə 70% yer verirlər".

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə