İcra başçısı sürüşmə baş vermiş kənddə olub - FOTOLAR

Astara Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Şümrüd kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlarla görüşüb. İcra başçısına məlumat verilib ki, böyük miqyasda baş vermiş və hazırda davam edən torpaq sürüşməsi nəticəsində kəndin xeyli sayda əhalisi ziyan çəkib, 19 ailənin fərdi yaşayış evləri tamamilə yararsız hala düşüb.

Həmin ailələrdən bir nəfər Astara şəhərində inşa edilmiş 36 mənzilli binada evlə təmin edilib, digər 18 ailə üçün yeni evlərin tikintisi planlaşdırılıb. Evlərin inşa ediləcəyi əraziyə mütəxəssislər tərəfindən baxış keçirilib, koordinatlar müəyyən edilib, yaxın vaxtda tikinti işlərinə başlanılacaqdır.

İcra başçısı sürüşmə zonasında sıradan çıxmış, hazırda başqa istiqamətdən çəkilişinə başlanmış 10 kV-luq yüksək gərginlikli elektrik xətlərinin çəkilməsi işi ilə də tanış olub. Bildirilib ki, elektrik xətləri sıradan çıxdığı üçün kəndə elektrik enerjisinin verilişində fasilələr və çətinliklər yaranıb. Bunu aradan qaldırmaq üçün 1300 metrlik məsafədə yüksək gərginlikli yeni elektrik xətlərinin çəkilişinə başlanıb, hazırda işlər tamamlanmaq üzrədir.

Kənd sakinləri Respublikada, rayonda və yaşadıqları kənddə vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət edən tədbirlərin həyata keçirilməsinin əhəmiyyətindən danışaraq insanların həyat səviyyəsinin yüksəldilməsinə istiqamətlənən dövlət tədbirlərindən razılıqla danışıblar. Xüsusən torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşmüş sakinlər üçün qısa müddətdə yeni evlərin tikintisinə sərəncam verdiyinə, ucqar bir kənddə yol və məktəb tikintisinə göstəriş verdiyinə görə cənab Prezidentə hədsiz minnətdarlıqlarını çatdırmağı icra başçısından xahiş ediblər.

İcra başçısı səmimi görüşə görə sakinlərə təşəkkür edib, söylənilən təkliflər, qaldırılan məsələlərin həllinə mümkün zamanda birgə nail olunacağını diqqətə çatdırıb. Bildirib ki, dünyada və ölkəmizdə davam edən pandemiyaya görə tez-tez görüşə bilməsək də, problemlərlə daim maraqlanır, həlli üçün tədbirlərin görülməsinə çalışırıq. Bütün çətinliklərə baxmayaraq ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev böyük inamla müstəqil dövlətimizin təməlinin daha da möhkəmlənməsi, vətəndaşların rifahının yaxşılaşdırılması üçün mühüm tədbirlərin həyata keçirilməsinə nail olur.

Kəndin əsas problemlərindən biri torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş vətəndaşlar üçün yaşayış evlərinin tikilməsi idi ki, qeyd olunduğu kimi artıq işin icrasına başlanıb.

Torpaq sürüşməsi nəticəsində sıradan çıxmış elektrik xətlərinin yenidən çəkilməsi və elektrik xətt təsərrüfatındakı çatışmazlıqların aradan qaldırılması istiqamətdə aparılan işlər isə qısa müddətdə başa çatdırılacaqdır.

Kənddəki 63 kva-lıq transformatorun 160 kva-lıq yeni transformatorla əvəz edilməsinə tapşırıq verən icra başçısı bir neçə gündən sonra kəndin işıq probleminin tamamilə həll olunacağını diqqətə çatdırıb.

İcra başçısı qeyd edib ki, Dürriyə-Şümrüd avtomobil yolu da layihələndirilmiş, beşinci kateqoriyalı yolun çəkilişi planlaşdırılıb.

Şümrüd kənd tam orta məktəb binasının köhnə olması və darısqallığı nəzərə alınaraq keçən il Dürriyə kəndində modul tipli məktəb tikilərək istifadəyə verildi. Daha əsaslı bir məktəb binasının tikintisi isə dövlət proqramına salınmış, yaxın zamanlarda inşası həyata keçiriləcəkdir.

Əsas odur ki, müstəqil dövlətimiz və xalqımız ən sevincli, xoşbəxt, şərəfli dövrünü yaşayır. 30 il müddətində düşmən tapdağı altında olan müqəddəs torpaqlarımız Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qəhrəmanlığı sayəsində işğaldan azad olundu. Qəhrəman əsgər və zabitlərimiz düşməni qısa müddətdə məğlubiyyətə uğradaraq şanlı bayrağımızı işğaldan azad etdikləri bütün Azərbaycan torpaqlarında dalğalandırmağa nail oldular. Bununla da şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının, zaman-zaman soyqırıma məruz qalmış bütün soydaşlarımızın qisası alındı.

Erməni vəhşiliyi nəticəsində tamamilə dağıdılmış, xarabazara çevrilmiş Qarabağımızda hazırda sürətli tikinti quruculuq işlərinə başlanıb. Düşmən tərəfindən minalanmış ərazilər təmizləndikcə cənab Prezidentimizin rəhbərliyi ilə tezliklə yaşayış məntəqələrimiz tamamilə bərpa olunacaq, bütün infrastrukturlar qurulacaq, həyat öz axarına qayıdacaq və sizinlə birlikdə Qarabağa böyük qayıdışın şahidi olacağıq.

Pandemiyanın hələ bitmədiyini, normal həyata qayıtmaq üçün vaksinasiyanın vacibliyini diqqətə çatdıran icra başçısı bütün əhalini, xüsusən, yaşlı nəslin nümayəndələrini bu tədbirdə yaxından iştirak etməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə