Ailəni kiminlə qurmalı: Sevdiyimizlə, yoxsa təklif olunanla? - ARAŞDIRMA

Oğul: “Belə evlənmək olar? Sevgisiz, filansız...”

Ata: “Sonra sevərsən də...”

Bu dialoqu oxuyanda oxucularımız yüksək ehtimalla bildilər ki, hansı filmdən sitatdır. Hamımızın sevimlisi “Əhməd haradadır?” filmi və ata-ananın Əhmədi evləndirmək cəhdi maraqlı hadisələrin cərəyan etməsinə səbəb olur. Həyat yoldaşımızı necə seçək və bu işdə valideynlərin müdaxiləsi hansı dərəcdə olmalıdır? Bu dəfə bu mövzudan bəhs edirik.

Həyat yoldaşımızı necə seçirik?

Bütün insanlar həyatları boyunca öz yarını axtarır. Həyat yoldaşı seçimində nə qədər diqqətliyik, gələcək uşaqlarımızın atasını və ya anasını hansı kriteriyalara görə seçirik və seçimimiz bizə nə vəd edir? Aramızda öz seçdiyi insanla ailə quranlar da var, valideyninin seçdiyi insanla həyatını birləşdirən də. Bir çoxumuz isə, yaşımızın ötməsini düşünmədən, hələ də öz yarımızı axtarırıq. Başqaları isə fikirləşir ki, görəsən öz yarımla təsadüfən qarşılaşsam, onu necə tanıya bilərəm.

Psixoloqlar bunu çox dəyərli bir əşyasını itirənin onu hər addımda axtarmasına bənzədir. Tutaq ki, sizə çox əziz olan papağınızı itirmisiniz. O qırmızı rəngdədir və siz qarma-qarışıq, dağınıq evdə sadəcə qırmızı rəngli əşyalara adaptasiya olursunuz, gözünüzə sataşan hər qırmızı rəngli əşyanı öz papağınız bilib ona doğru gedirsiniz və o olmadığını görürsünüz. Öz yarını axtaran da bu cür olur. Qarışıq, böyük dünyada öz yarını axtarır, axtarır, bəzən bənzərini görür, yaxınlaşır, o olmadığını görür və yenə axtarır.

Sağlam bir ailə həyatı yaşaya bilmək üçün ruh əkizimizi, yarımızı tapmağımız olduqca əhəmiyyətlidir. Gələcək həyat yoldaşımızla eyni şeylərdən zövq almasaq, oxşar zövqlərə sahib olmasaq, onda bu, bizim ailə həyatımıza da təsir edəcək. Zamanla kiçik uyğunsuzluqlar böyüyəcək, ailədə narazılıqlar yaradacaq. Narazılıqlar isə getdikcə böyüyəcək, nifaq yaradacaq. Doğru seçilməyən həyat yoldaşı ilə ən sonunda yolumuz məhkəmədə ayrılacaq.

Qadınlar həyat yoldaşını necə seçir?

Qadınlara gəlincə, qadın var ki, gələcəkdə maddi sıxıntı çəkməmək üçün imkanlı ər axtarır, qadın var ki, həyatı boyunca arxalanacağı, güvənəcəyi bir kişi axtarır, qadın var ki, heç bir təmənna güdmədən bir ömür gözlərində sevgi görəcəyi kişi axtarır. Beləcə, hərə həyat yoldaşını bir cür seçir.

Son yüz ildə işləyən qadınların sayının artması sevib-evlənmə hallarının da artmasına səbəb oldu. İndi qızların çoxu əvvəlki kimi valideynlərin razılığı, göbəkkəsmə, uzaqdan görüb-bəyənmə ilə ərə getmir. Əksəriyyəti istədikləri, könül verdikləri insanla həyatını birləşdirə bilir. Düzdü, ailə seçimə müdaxilə edir, fikir bildirir, amma daha çox qızın fikri vacib hesab edilir. Bizim cəmiyyətin atalarında, analarında bu fikir formalaşıb: “Bir ömür boyu onunla sən bir yerdə yaşayacaqsan, özün fikirləş”.

Lakin hələ də zorla evləndirilən, hətta tanımadığı birisi ilə ailə həyatı qurmağa məcbur edilən gənclər var. Əksər hallarda, bu, hansısa vəzifəli və imkanlı bir şəxslə qohum olmaq, onun imkanlarından bəhrələnmək istəyən valdeynlərin günahı ucbatından olur. Yəni, övladlarının xoşbəxtliyi üzərində özlərinə karyera qurmaq istəyən valideynlər də az deyil.

Amerika qadınları həyat yoldaşını necə seçir?

Qadınlar hansı hisslərə ehtiyac duyursa gələcək həyat yoldaşlarını da bu hisslərini cəmləşdirən birinin timsalında seçir. Amerikanın Texas Universitetinin apardığı bir araşdırma nəticəsində məlum olub ki, qadınlar evlilik məsələsində və gələcək həyat yoldaşı seçimində bir qədər iddialıdırlar. Araşdırmada bildirilir ki, qadınlar hər şeyi birdən tələb edir. 120-dən artıq qadının qatıldığı sorğunun nəticələrinə görə qadınlar gələcək həyat yoldaşlarını bu göstəricilərə əsasən seçirlər:

-Sağlam genetikası olmalı;

-Maddi vəziyyəti normal olmalı;

-Yaxşı görünüşə sahib olmalı;

-Romantik olmalı;

-Ailəcanlı olmalıdır.

Qeyd edək ki, bu institutun bundan öncəki araşdırması da qadınlar arasında idi və o araşdırma da çox maraqlı nəticələr əldə etmişdi. Həmin araşdırmanın tərkibində keçirilən sorğuda 94 nəfər qadın iştirak etmişdi və onlar gələcək həyat yoldaşının uzun müddətli münasibət fikrində olmasını və maddi gəlirinin yaxşı olmasını istədiklərini demişdilər.

Kişilər həyat yoldaşını bu xüsusiyyətlərinə görə seçir

-İlk növbədə qadının sədaqətli və ağıllı həyat yoldaşı olub-olmayacağını düşünürlər. Bu, evlilik üçün ən əsas şərtdir.

-Qadından gözəl uşaqları olub-olmayacağını düşünür– Əksər kişilər görüşdüyü qadının xarici görünüşünə baxaraq gələcək uşaqlarının fiziki xüsusiyyətlərinin necə olacağını anlayırlar.

-Qadının göyçək və sağlam olması əhəmiyyətlidir – bir ömür boyu yanında sağlam və gözəl qadın görmək istəyi güclüdür.

-Əxlaqını qoruyan qadınları sevirlər– geyiminizə və davranışınıza baxaraq sizin belə biri olub-olmadığınızı müəyyən edirlər. Geyim tərziniz fiziki xüsusiyyətlərinizə və xarakterinizə uyğun deyilsə, özünü dərhal büruzə verir.

-Şikayəti sevmirlər – Kişinin soruşduğu hər suala şikayət cümləsi ilə başlayan qadınla heç bir kişi əlaqəsini davam etdirmək istəmir. Çünki kişilər həyatı olduğu kimi qəbul edirlər və qətiyyən şikayəti sevməzlər. Sizin hadisələrə yanaşmanızdan ömür boyu hansı xasiyyətdə olacağınızı anlaya bilərlər.

-Kişilər onu bəyəndiyinizi ilk 20 saniyədə anlayır. Sizin baxılarınız, əlləriniz, danışıq tərziniz sizin haqqınızda hər şeyi ona “danışır”.

Məntiq evliliyi nədir?

Bəzi kişilər, gələcək uşaqlarını yaxşı tərbiyə edə biləcək qadın axtarır, bəzi kişilər bir ömür boyu güvənəcəyi, sirdaş olacağı qadın axtarır, bəzi kişilər isə ömür boyu aşiq ola biləcəyi bir qadınla evlənmək istəyir. Cəmiyyətimizdə maddi vəziyyətini düzəltmək üçün maddi imkanı yaxşı olan ailədən qız almaq arzusunda olan gənclər də az deyil.

Aramızda elə insanlar var ki, evlənəndə sevgi, eşq, məhəbbət kimi məsələlərə görə evlənmir, sadəcə, “evlənmək xatirinə" evlənir. Bəzən “məntiq evliliyi” dediyimiz evliliklər də mümkündür. Bu zaman evlənənlər bir-birinin sosial vəziyyətinə, olduğu mövqeyə və yaxud da digər göstəricilərə görə evlənir.

Gözümüz önünə məntiq evliliyi edən bir cütlüyün toy mərasimi gəlir, toyun səbəbkarları sanki rəsmi tədbirdə oturublar, ciddi, quru. Səmimiyyət yox, eşq yox, sevgi yox. Yeni qohumlar bir-birinə yaddır, hərə öz qohumu ilə bir tərəfdə oturub toyun bitməsini gözləyir.

Yeni evlənənlər isə gələcək həyatlarında bir-birindən asılı olmayacaqlar, onlar yalnız axşamlar evdə olurlar, qadın öz rəfiqələri ilə, kişi öz dostları ilə gününü keçirir. Heç bir tərəf bir-birini qısqanmır, çünki evlənəndə aralarında bu cür münasibət olmayacağını artıq qərarlaşdırıblar. Onların evliliyi bir şirkətin təsis edilməsinə bənzəyir.

Sosioloq: Valideynlərin evləndirdiyi gənclər bədbəxt olur?

Sağlam Cəmiyyət Hərəkatının eksperti, sosioloq Lalə Mehralı deyir ki, informasiya bolluğu zamanında yaşamaq bəzi ənənələri sıradan çıxarıb: “Çox vaxt deyirlər ki, valideyn heç bir işə qarışmasın, uşaqlar kiminlə istəyir evlənsinlər əks halda ailə dağılacaq. Amma təcrübə göstərir ki, valideynlərin xeyir-duası ilə evlənən gənclərin çoxu bir ömür boyu bir yerdə xoşbəxt olublar. Eləcə də, özləri seçib evlənənlərin tezliklə boşandığı haqda da xeyli faktlar var. Burada hər iki məqam birləşdirilərək orta yol tapılmalıdır- gənclər bəyəndiyi tərəf-müqabillə ata-anasının razılığı ilə evlənsə yaxşı olar”.

Psixoloqun sözlərinə görə əvvəl gənclər düşünürdü ki, valideynlər daha yaxşı bilir, amma indi vəziyyət dəyişib: “İndi gənclər daha çox bilir, daha çox informasiya alır. Təbii ki, psixoloji problemlərlə də rastlaşır. Tanımadığın şəxslə bir yerdə yaşamaq hər iki tərəfdən çətindir, bir-birlərindən çəkinir, bəzən adi sözün deyilişi tərəflərin xarekterinə uyğun olmayan bir halda səslənir və bu hal ailədə söz-söhbətə gətirib çıxarır. Bu isə uzun sürmür, çünki bir ömrü maska altında yaşamaq mümkün deyil. Valideynlərin təklifi və təkidi ilə evlənən gənclərin özünün müstəqil fikir yürütmə, müstəqil yaşama və liderlik xüsusiyyətləri zəif olur, onlar kiminsə mənəvi dəstək olanda yaşamağı çətin hesab edirlər. Eynilə həyat təcrübəsi olmayan gəncin həyat yoldaşını seçməsi də əksər halda uğursuz nəticələnir. Ona görə də ən yaxşısı hər iki amili nəzərə almaq lazımdır, qızla oğlan bir-birini tanımalı, sevməli, valideynlərin razılığı ilə ailə həyatı qurmalıdırlar”.

“Yüz ölçüb, bir biçmək” lazımdır

Yüzilliklərdir valideynlər öz övladı üçün qız bəyənib – bu, qədimdə qadın hamamında, qız toyunda olurdu, ana gördüyü qızları öz oğluna yaraşdırır, birinə elçi düşmək fikrində qərar verir, fikrini oğluna bildirir, seçdiyi qızı nişan verirdi. Evlənəcək olan oğlan qızı uzaqdan görür, bəyənərdi. Onlar yalnız toy günü bir-birinin üzünü görərdilər, amma bir ömür boyu xoşbəxt yaşayardılar.

Zaman hər şeyi dəyişikliyə sürüklədiyi kimi insani dəyərləri də dəyişir, indi illərlə nişanlı qalan, bir-birini yaxından tanıyan gənclər evlənir, 2 aydan sonra boşanır. Dünən “ruh əkizim”, “yarım” dediyimiz insan bu gün bizə yadlaşır, ögey olur. İndi ailə dediyimiz məfhum müqəddəslikdən uzaqlaşmaqda, hər gün yeni-yeni dəyişikliyə məruz qalmaqdadır. Bütün hallarda həyat yoldaşı seçimində maksimum diqqətli olmaq, “yüz ölçüb, bir biçmək” lazımdır. Sonra peşman olmamaq üçün...

Nübar İsmayılova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə