Toylar bərpa olunur? EKSPERT MÜSBƏT MƏQAMLARDAN DANIŞDI

“Ümumiyyətlə Operativ Qərargahın keçirilən brifinqində qadağalar tətbiq ediləndə də, edilməyəndə də arada söz-söhbətlər olur. Bunu normal qəbul etmək lazımdır. Həyat davam edir. Yas da olur, toy da olur. Həyat da öz axarı ilə davam edəcək. Yaxın vaxtlarda biz rəsmi şəkildə yas və toy məclislərini müəyyən bir standartlar çərçivəsində təşkil edilməsinin şahidi olacağıq. Biz Azərbaycan toylarının həddindən artıq kommersiyalaşdırılmasının, pula xidmət edildiyinin, 500-dən çox adamın olduğu xaotik məclis olduğunun şahidi oluruq. İki gəncin xoş günü olan bu məclisdə içən, dalaşan, düşmən və biri-birinə nifrət edən adamları eyni süfrə başına yığmaq gənclərə xoş hiss bağışlamır. Bunu həm sosiloqlar, həm alimlər, həm də intellektuallar deyir”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, virusun olması uzun zamandır məclislərlə bağlı etmək isdədikləri standartlara müsbət mənada şərait yaradıb: “Əgər vaksinasiya prosesi tamamilə başa çatsa, yəni, 80 faiz insan peyvənd olunsa, hər şey daha yaxşı olar. Yas məclislərini 10 nəfərin iştirakı ilə keçirməyə icazə var. Qadınların 40 gün məclisdə yaxın məsafədə oturması isə düzgün deyil və qadağandır. Toy məclisləri isə 10 masadan çox olmamaq şərti ilə, daha doğrusu, maksimum 50 nəfərlik toyu bir neçə yerə bölmək olar. Yəni, kommersiya tədbiri kimi yox, mədəni, məişət, iki gəncin xoşbəxt günü kimi təşkil etmək yaxşıdır. Mən başa düşürəm ki, insanlar toylara gedib və öz borclarını yığmaq istəyirlər. Əslində, bu variantdan da istifadə etmək olar. Məsələn, kişi toyu, qadın toyu, nişan və ya xınayaxdı. Lakin, uzaqbaşı 100 nəfərdən çox olmamaq şərti ilə bu mümkündür. Digər variant isə onlayn toydur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə