"Sağlam gənclik dedikdə o nəzərdə tutulur ki,..." MÜSAHİBƏ

SİA YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyebin müsahibəsini təqdim edir:

- Dövlət tərəfindən gənclərə nə kimi diqqət və qayğı göstərilir?

- Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyasının 7-ci qurultayı keçirilib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında partiyanın qarşısına çox mühüm vəzifələr qoyulub. Bu vəzifələrdən ən önəmlisi ondan ibarətdir ki, işğaldan azad etdiyimiz torpaqlarda yenidən quruculuq bərpa işlərində Yeni Azərbaycan Partiyasının çoxminlik üzvləri səfərbər olunaraq, partiyanın bu istiqamətdə fəaliyyəti təşkil olunsun. O cümlədən ən əsas məsələlərdən biri də gənclərlə bağlıdır. Cənab Prezident gənc nəslin tərbiyəsinin önəmli olduğunu vurğulayıb. Məhz, partiya qarşısında qoyulan önəmli vəzifələr nəticəsində Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi bu istiqamətdə formalaşıb. Həmçinin, 30 nəfərdən ibarət heyətimiz var və bu heyətə müxtəlif sahələri əhatə edən gənclər daxil edilib.

- Ulu Öndər hər zaman gənclərə diqqət, qayğı göstərirdi və hazırda bu siyasi kurs cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu barədə nə deyə bilərsiniz?

- İlk öncə onu deyərdim ki, bu gün Azərbaycan gəncliyi dövlət tərəfindən hər cür qayğı ilə əhatələnib və bu siyasət ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilir. Vətən müharibəsi dövründə Azərbaycan gəncliyi böyük imtahandan keçib. Vətən müharibəsində hər bir gənc bu qələbənin qazanılmasına öz töhfəsini verib. Şükürlər olsun ki, Azərbaycan gəncliyi bu müharibənin öhdəsindən layiqincə gəlir. İndi isə Azərbaycan gəncliyindən əsas gözlənti ölkəmizin gələcək inkişafını uğurlu şəkildə təmin etmək üçün bu istiqamətdə səfərbər olmaqdır.

- Gənclər sosial şəbəkələrdən necə istifadə etməlidir?

- İlk öncə gənclərimizin maraqlandığı informasiya çıxışına nəzər salmalıyıq və onları düzgün informasiya seçməkdə maarifləndirməliyik. Çünki, bugün müxtəlif mənbələr vasitəsilə ölkəmizin gündəminə təxribat yönümlü məlumatlar yeridilir. Onlar bizim bəzi hazırlıqsız gənclərimizi hədəfləyir və çaşqınlıq yaratmaq məqsədi güdür. Amma bu sahədə Azərbaycan gəncliyi ayıq-sayıqdır.

- Mütaliənin gənclərin inkişafında rolu nə qədərdir?

- Gənclərimiz daima müxtəlif sahələri əhatə edən materiallardan mütaliə etməlidir. Amma bu gün mütaliə vasitələri də zamana uyğun olaraq dəyişib. Bəzən biz mütaliəni kitabı oxuyaraq və yaxud sosial şəbəkədən istifadə etdiyimiz məqaləni oxuyaraq da əldə edə bilərik. Amma əsas məqsəd öz bilik və bacarığınızdır.

- İntellektual oyunların keçirilməsi haqqında planlarınız var?

- Gənclər birliyi olaraq bizim fəaliyyət istiqamətimiz çox genişdir.

- Gənc kadrların dövlət sturukturlarında önə çəkilməsinin səbəbi nədir?

- Düşünürəm ki, bu Azərbaycanın inkişafının göstəricisidir.

- Sağlam gənclik necə olmalıdır?

- Sağlam gənclik dedikdə onu nəzərdə tuturuq ki, gənc qarşısına çıxan informasiyanı analiz etməyi bacarsın və informasiyanın əsaslı-əsassız olduğuna dair düzgün qərar versin. Gənclərimiz çalışmalıdır ki, təhlükəli məlumatların təsiri altına düşməsin.

- Biz dünya təcrübəsindən nələri öyrənməliyik?

- Bu məsələdə gənclərimiz araşdırma bacarığına yiyələnməlidir. Avropa gənclərindən söhbət gedirsə onlar çox bacarıqlıdır. Düşünürəm ki, gənclərimiz təkcə oxuduğu ali təhsil müəssisəinin vermiş olduğu təhsildən asılı qalmasın. Gənclər daima axtarışda olaraq, internetin verdiyi imkanlardan səmərəli şəkildə istifadə edərək öz bilik və bacarıqlarını inkişaf etdirsin.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə