"Azərbaycanın növbəti gələcək tarixi məhz gənclərin əlindədir" MÜSAHİBƏ

SİA YAP Gənclər Birliyinin sədr müavini Sevinc Qasımovanın müsahibəsini təqdim edir:

- YAP-ın fəaliyyətində gənclərlə iş sahəsinə böyük əhəmiyyət verilir. Partiyamızın bu siyasətinin gənclərin ictimai-siyasi fəallığı və perspektiv inkişafı baxımından əhəmiyyəti nədən ibarətdir?

- Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasəti vaxtilə Ulu Öndərin əsasını qoyduğu gənclər siyasətidir. Onun daha genişlənmiş, böyüdülmüş formatda həyata keçirilməsidir. Çünki Ulu Öndərimiz də vaxtilə hər zaman görüşlərində, çıxışlarında istisnasız olaraq vurğulayırdı ki, gənclər siyasətimizin özəyini təşkil etməlidir. Azərbaycanın növbəti gələcək tarixi məhz gənclərin əlindədir. Hətta hakimiyyətə ikinci dəfə qayıdandan sonra onun məhz görüşlərini gənclərlə keçirməsi, müəyyən qədər özünə inamı itmiş, motivasiyası düşmüş gəncliyi yenidən ayağa qaldırması, bərpa etməsi və onlarda həm məsuliyyət hissinin, həm də ölkənin gələcəyini onlardan asılı olduğu düşüncəsini formalaşdırmaq nəticəsini bu gün verir. Bu gün hal-hazırda mövcud olan gənclik həmin bəhrədir ki, biz faydalanırıq. Bu gün də Azərbaycanda keçirilən gənclər siyasəti imkan verir ki, bir neçə ildən sonra Azərbaycan gəncləri ölkəyə, vətənə və millətə faydalı şəkildə xidmət göstərsinlər. Mən özüm də şiddətli bir şəkildə inanıram ki, həm Avropa elmini, təhsilini, həm də milli dəyərlərimizi işin içinə qataraq kifayət qədər uğurla və vətənə sadiq şəkildə xidmət göstərə biləcəyik.

- Bakıda bu yaxınlarda Hərbi Qənimətlər Parkının açılışı oldu. Orada sərgilənən eksponantlarla tanış olandan sonra bunun təbliğini hansı formada dünyaya çatdırmaq olar?

- Düşünürəm ki, ümumilikdə hər kəs öz vəzifəsini yerinə yetirsə, hər kəs özünə göstərilən etimadı doğru şəkildə qarşılığını versə və öz olduğu mövqedə vicdanla xidmət etsə daha böyük uğurlar əldə edə bilərik. Erməni diasporu, lobbiçiliyi dünyada doğru olmayan faktları yaymaqla məşğuldur. Bunu elə şəkildə yayır ki, çox təəssüflər olsun ki, dünyanın böyük dövlətlərinin bəziləri onlara inanır və dəstək olur. Məncə bizim ən vacib edəcəyimiz şey hadisələri olduğu kimi dünyaya çatdırmaqdır. Çünki Bərdə, Gəncə və Tərtər hadisələri bunlar əslində dünya ictimaiyyətinə çatdırılmalıdır.

- İşğaldan azad olunmuş ərazilərimizdə erməni vəhşiliklərinin şahidi oluruq. Bu yaxınlarda rus politoloqların ekspertlərinin səfəri oldu. Onlar erməni vəhşiliklərini öz gözləri ilə gördülər. Bunu daha geniş arealda təbliğ etmək üçün bizim nələrə ehtiyacımız var?

- Ümumiyyətlə azad olunmuş torpaqlarda çox ciddi ekoloji problemlər var. Flora və faunanın ciddi şəkildə dağıdılması müşahidə olunur. Tarixi və dini abidələrin çox ciddi şəkildə dağıntıları ilə üzləşirik. Düşünürəm ki, bizim burada ən vacib işimiz kifayət qədər beynəlxalq arenaya çıxmaq, media vasitəsilə çatdırmaqdır. Media bu gün ən vacib gücdür. Biz nə qədər desək ki, bu hadisələr baş verib, amma biz onu dünya ictimaiyyətinə çatdıra bilmiriksə, xüsusilə də yüksək çəkisi olan telekanallar, jurnallar və s vasitəsilə çatdıra bilmiriksə, bizi tanıyan və dəstəkləyən az olacaq. Ona görə də gənclik olaraq bu gün ən vacib vəzifəmiz dilləri mükəmməlləşdirmək və öz bildiklərimizi dünya ictimaiyyətinə çatdırmaqdır.

- Gənclərimizin uğur qazanması üçün hansı qızıl qayadalara əməl etmək lazımdır?

- Vətən müharibəsində demək olar ki, hamı bir idi. İqtidar olsun, müxalifət olsun, bitərəf olsun hamı eyni amala xidmət edirdi. Bunun nəticəsi də qalibiyyətlə bitdi. Orada vuruşan, şəhid olan əsgərlərimiz arasında iqtidar, müxalifət də var idi. Amma istisanız olaraq hər kəs onlara eyni yanaşırdı. Düşünürəm ki, bundan sonra da uğurlu siyasət aparmağımızın, dövlət olaraq uğur əldə etməyimizin və bunu dünya ictimaiyyətinə, dünya miqyasına çatdırmağımızın başlıca özəyi bizim birliyimiz olmalıdır. Çünki əgər birliyimiz yoxdursa və öz daxilimizdə özümüzlə mübarizə aparırıqsa, bu zaman biz xarici düşmənlərlə uğurlu mübarizə apara bilmərik. Hətta tarixə nəzər salsaq xarici hücumlar zamanı insanlar istisnasız olaraq birləşiblər. Bu gün bizim edəcəyimiz ilk və ən vacib nüans birləşməyimiz, bir olmağımız eyni amala, eyni etiqada xidmət etməyimizdir.

- Sizcə, müasir gənclik anlayışı dedikdə nə nəzərdə tutulur?

- Çox təəssüf ki, müasir gənclik deyəndə, avropalaşmaq deyəndə düşüncələrdə qısa açıq-saçıq geyinən insan formalaşır. Amma heç şübhəsiz ki, Avropa, eyni zamanda Amerika bu gün təhsil, tibb və digər sahələrdə ən azından bizdən öndədi. Bizim onlardan qazana biləcəyimiz, götürə biləcəyimiz bu qədər şeylər varkən niyə məhz açıq-saçıq geyimə qaçmalıyıq ki? Müasir gəncliyi mən o çərçivədə görmürəm. Müəyyən mənada mənə elə gəlir ki, bu təxribatdır. Çünki xaricdə təhsil alan kifayət qədər tələbələrimiz də var ki, onlar xaricə gedəndə vaxtilə insanlar tərəfindən mənfi qarşılanırdı ki, guya bu insanlar vətənini sevmir, xaricə qaçır, Avropada yaşamaq istəyir, bizə fayda vermir və s. Lakin biz son dövrlərdə xüsusilə gördük ki, istər səfirliklərimizin, diasporlarımızın təşkil etdiyi aksiyalar olsun, istər onların özlərinin şəxsi təşəbbüsləri olsun əgər həmin şəxslər orada işləməsəydi, oxumasaydı həmin mitinqlərə, aksiyalara kimlər çıxacaqdı? Bizim bu gün kifayət qədər dil biliyi olan gənclərimiz var. Hətta YAP Gənclər Birliyinin demək olar ki, hamısının ən az 3 dil biliyi var. Onların da arasında kifayət qədər xaricdə təhsil almış insanlar var.

- Azərbaycan gənclərinin asudə vaxtlarının təşkili istiqamətində işlər necə qurulur və bu sahədə hansı ilər görülür?

- Bu gün yetişdirilən gənclik 90-cı illərdən təməli qoyulmuş, yetişdirilən gənclikdir. Həmin gənclik də özünü sübut etdi. Bu gün Azərbaycan gəncliyinin kifayət qədər geniş imkanları var. İstər 90-cı illərin sonunda yaradılmış Gənclər və İdman Nazirliyi olsun, istər Gənclər Fondu olsun, istər Gənclər Mərkəzləri olsun bu və bunun kimi digər resurslarının mövcudluğu gənclərə imkan verir ki, onlar asudə vaxtlarını səmərəli şəkildə təşkil edə bilsinlər. Həmçinin həmin məkanlarda intellektual yarışlar, oyunlar, özünü inkişaf proqramları və müxtəlif layihələr yaradılır ki, gənclər özünü inkişaf etdirə bilsinlər.

- Azərbaycan gənclərinin dünya gəncləri ilə qarşılıqlı əlaqələrinin inkişafı üçün hansı platformalar yaratmaq və ya tədbirlər həyata keçirmək olar?

- Biz artıq demək olar ki, YAP-ın Gənclər Birliyi olaraq bu istiqamətdə işlər görməyə başlamışıq. Seçimlərimizin ilk vaxtlarından başlayaraq, komissiyalar yaratmağa başladıq. Bu komissiyalar müxtəlif istiqamətlər üzrə gələcəkdə keçirilməsi ilə məsul olacaqlar. Onu da qeyd edim ki, hər bir komissiyanın özündə illik fəaliyyət planları və qarşıda duran vəzifələri olacaq ki, bunlar kifayət qədər geniş istiqamətləri əhatə edir. Biz hal-hazırda da onlayn görüşlər keçiririk, ictimai xadimlərlə, deputatlarla görüşlərimiz olur. Gələcəkdə də bu görüşlərin daha geniş formatda olması planlaşdırılır.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə