Ramazan ayının bildmədiyimiz özəl fəzilətləri - BUNLARDIR HACI İBRAHİM DANIŞDI
“Ramazan ayı Qurani-Kərimdə adı keçən yeganə aydır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan İlahiyyat İnustutunun müəllimi Hacı İbrahim Quliyev deyib.
Onun sözlərinə görə, Ramazan ayı Hicri qəməri təqvimin doqquzuncu ayıdır: “Bu ayın mənası haqqında bir neçə fikir var. O fikirlərdən biri də budur ki, bu ay günahları yandırıb, məhv etdiyi üçün belə adlanır. Çünki Ramazan sözünün mənası yandırıb, məhv edən deməkdir. İslamda buyurulub ki, Ramazan ayında oruc tutmaq savabdır. Orucluğun tarixi çox qədimdir. Oruc tutmaq insan mənəviyyatına müsbət təsir edir. Həqiqətən də orucun faydaları haqqında tədqiqat apardığımız zaman şahidi oluruq ki, birincisi orucluğun bizim mənəvi dünyamıza faydaları var. Oruc tutmaqla uca Allaha olan imanımız möhkəmlənir, insan hər növ günahdan uzaq olur. Cəhənnəm əzabından uzaqlaşdırılır, insanın nəfsi tərbiyə edilir və s. Bununla bərabər, tibbi, fiziki faydaları var. İnsanın mədə-bağrsaq sisteminə, böyrəklərə, psixoloji, nevroloji sisteminə çox müsbət təsirləri var. Bununla bərabər orucluğun ictimai faydaları da var. Məsələn yoxsul və acların əhvalı düşünməyə yardımcı olur. Biz ac qalmaqla yoxsul insanların əhvalını düşünmüş oluruq. Ailədaxili mədəniyyətin inkişafına səbəb olur. Həm imsakda həm da iftarda bir masa arxasında toplanırlar”.
Hacı İbrahim Quliyev həmçinin qeyd edib ki, bu ayda etdiyimiz ən mühüm əməllər əlbəttə ki, şəriətə uyğun əməllər olmalıdır: “Daha yaxşı olardı ki, insanlar namaz qılsınlar. İkincisi bu ayda sədəqə vermək çox bəyənilir. Çünki Peyğəmbərin hədislərində də göstərilir ki, bu ayda etdiyiniz hər bir dua qəbuldur. Birə-beş bizim əməllərimiz bu ayda artıqlaması ilə ödənilir. Allah tərəfindən onun savabı daha çox ödənilir. Bu ayda əlbəttə ki, digər bütün savab işlərin hamısını daha da mükəmməlləşdirmək lazımdır. Bu ay Qurani-Kərimdə adı çəkilən yeganə aydır. Qurani-Kərimin nazir olduğu aydır. Bu ayda Qədir gecəsi yəni əhya gecəsi var. Heç bir ümmətə, heç bir keçmiş Peyğəmbərə verilməmiş bir üstünlükdür ki, Allah bir gecəni islam ümmətinə verməklə onu min aya bərabər tutub. Ona görə də hər kəs Qədir gecəsində oyaq qalıb hər hansı bir savab işlə məşğul olsa məsələn namaz qılsa, sədəqə versə, sanki min ay Allah yolunda sədəqə vermiş, namaz qılmış kimi Allah dərgahında hesablanır. Bu çox mühüm bir məsələdir ki, Uca rəbbimiz Ramazan ayını bizim islam ümmətinə ərmağan etmişdir”.
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə