Prokurorluq yeniyetmənin başına binadan daş düşməsi ilə bağlı araşdırmaya başladı

Bakıda binanın fasadından yeniyetmə oğlanın başına daş parçası düşməsi ilə bağlı araşdırmalar başlanıb.

Bu barədə SİA-ya Səbail rayon prokurorluğundan məlumat verilib. Məlumatda bildirilir ki, aprelin 30-da Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsindən 2006-cı il təvəllüdlü Şabanov Əli Mahir oğlunun üzərinə binanın fasadından daş parçasının düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Əli Şabanovun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsindəki 2 saylı beşmərtəbəli binanın yaxınlığından keçərkən başına binanın fasadından daş parçasının düşməsi, nəticədə “kəllə-beyin travması və baş-beyin silkələnməsi” diaqnozu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Baş Tibb İdarəsinin reanimasiya şöbəsinə yerləşdirilməsi müəyyən edilib.

Hazırda fakt üzrə Səbail rayon prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə