"İslahatlar QHT sektorunun güclənməsinə xidmət edəcək" ŞURA ÜZVÜ ŞƏRH ETDİ

"İslahatlar QHT sektorunun güclənməsinə xidmət edəcək" ŞURA ÜZVÜ ŞƏRH ETDİ

"Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi publik hüquqi şəxsin yaradılması özü QHT sektorunun inkişafında yeni bir mərhələnin başlanğıcı və yeni perspektivlərin açılması deməkdir. QHT sektorunda illərdən bəri yığılıb qalmış problemlər var və bunun səmərəli həlli lazımdır. Bu səmərəli həll üçün də bu sahəyə yeni bir yanaşma və islahatların həyata keçirilməsi zəruriliyi meydana çıxıb". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev deyib.

Onun sözlərinə görə, bu zəruriliyin meydana çıxması da sözügedən Agentliyin yaranmasına səbəb oldu: "Vaxtilə ictima sektorla dövlət arasında əməkdaşlıq mexanizmi kimi fəaliyyət göstərən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının əldə etdiyi müəyyən təcrübələr var idi, lakin buna baxmayaraq həmin şuranın səlahiyyətləri, onun funksionallığı və hüquqi statusu son illərdə cəmiyyətin mövcud çağırışlarına və gözləntilərinə tam cavab vermədiyi üçün bu mexanizm QHT sektorunun problemlərinin həlli üçün kifayət etmirdi. Çünki onun statusu qeyri-müəyyən idi və buna görə də bir sıra problemlər vardı".

N. Mehdiyev vurğulayıb ki, yeni tələblər, yeni çağırışlar, xüsusilə də vətən müharibəsində əldə etdiyimiz tarixi qələbədən sonra Azərbaycanın beynəlxalq nüfuzunun daha da artması fonunda biz bu qələbəni bir qədər də möhkəmləndirməyə, dünyada maraqlarımızı daha güclü şəkildə qorumaq və qarşıda duran yeni müasir inkişaf strategiyasına uyğun olaraq islahatlara dəstək vermək baxımından QHT sektorunun da canlanmasına ehtiyac yarandı. Bu ehtiyac da həmin Dövlət Agentliyinin yaranmasına səbəb oldu. Bu islahatlar QHT sektorunun güclənməsinə xidmət edəcək və özlüyündə QHT sektoru da Azərbaycanda vətəndaş cəmiyyətinin, ölkəmizin güclənməsinə, onun daxili tərəqqisinə, xarici ölkələrdə milli maraqlarımızın müdafiəsinə kömək edəcək".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə