SİA sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın müsahibəsini təqdim edir:
- Bildiyimiz kimi, artıq yay mövsümü başlayıb və qadınlar hətta kişilər arıqlamaq üçün müxtəlif üsullara əl atırlar. Dietoloqlar sağlam yolla arıqlayanların azlıq təşkil etdiyini bildirir. Bəs sağlam arıqlamaq üçün nəyə diqqət edilməlidir?
Arıqlamada ilk olaraq, ona diqqət yetirmək lazımdır ki, o artıq çəkini hansı müddətə yığıb və necə yığıb. Mütləq bu nüanslar araşdırılmalıdır və nə qədər müddətə yığıbsa həmin çəkini eyni müddətə də arıqlamalıdır. Çünki birdən-birə itirilən çəki əzələ toxumasının itirilməsinə səbəb olur. Eyni zamanda da bir çox xəstəliklərlə də özünü göstərə bilər. Arıqlamağa qərar verən insan birinci növbədə mütləq sağlam şəkildə arıqlamağa üstünlük verməlidir. Bunu da özbaşına verə bilməz. Mütəxəssislərlə məsləhətləşməlidir.
- Bu gün aktual mövzulardan biri də saxta və süni ətlərlə bağlıdır. Hələ də insanlar bunu ayird etməkdə çətinlik çəkir. Bəziləri isə imkanı yoxdu deyə bilərəkdən alırlar. Bu cür ətlərin alınmasının qarşısını almaq üçün nə kimi maarifləndirici işlər aparılmalıdır?
Dünyanın nəhəng şirkətləri var və həmin şirkətlərin başında duranlar da artıq insanları necə ələ alacağını düşünürlər. ABŞ-ın keçmiş xarici işlər naziri bir çıxışında belə demişdi ki, "neftə nəzarət etsən millətləri idarə edərsən, qidaya nəzarət etsən insanları idarə edərsən". Həqiqətən də biz artıq o dövrə gəlib çatmışıq ki, qidalarımızla bizi ələ alıblar. Bir çox qidalarla bizi idarə etməyə çalışırlar. Bununla bərabər xəstəliklər yaranır. Eyni zamanda da bu nəhəng şirkətlər dərman şirkətlərin də başında eyni ailələr durur ki, mən bu süni ətin də başında onu görürəm. Araşdırmalarıma dayanaraq, deyərəm ki, səbəb göstərilən qlobal istiləşmə olsun, səbəb göstərilən qlobal çirklənmə olsun bu heç də o demək deyil ki, süni ətə bu qədər ehtiyac yaranacaq. Artıq 2013-cü ildən bu səbəbləri göstərərək, istehsal etməyə başlayıblar. Bu ailələr bir çox yerlərdə qeyd edir ki, hətta ilk illərdə bu ət baha olduğundan inkişaf etmiş ölkələrdə daha çox istehsal olunacaq. Təbii ki, saxta ətdən dnışırıqsa bu ət tam fərqlidir. Saxta ət kimyəvi qatqı maddələri ilə tez hazırlanan, heç bir qida dəyəri olmayan ətdir. Saxta ətdən ümumiyyətlə istifadə olunmamalıdır. Süni ət isə onda göstərilir ki, qida maddələrindən hazırlanır. Soya, paxlalılardan hazırlanır. Rəng olaraq, çuğundur və pazı dediyimiz bitkidən hesab olunur. Amma bilirik ki, ət enerji və zülal mənbəyidir. Orqanizmi dəmirlə təmin edən yeganə faydalı qidadır. Biz bu faydaları süni ətdən ala bilərik. Bir şeyin təbiisi daha faydalıdır. Ona görə də süni ətdən də gözləntilərimiz faydalı olmayacaqdır.
- Bu gün bütün qidalarda, yeməklərdə istifadə olunan tomat pastalarından istifadə edərkən nəyə diqqət etmək lazımdır? Marketlərdən aldığımız tomat pastalarında nəyə diqqət etməliyik?
Bağlanmış, uzun müddətə hazırlanmış, konserviləşdirilmiş qidaların istifadəsinə qarşıyam. İstifadə eliyənlər də varsa, pomidor mövsümi tərəvəz hesab olunur. Hal-hazırda ilin bütün fəslində pomidor satışda var. Deyərdim ki, pomidor faydalı deyil. İstifadəsi də məsləhət deyil. Ancaq tomatları da deyiriksə, tomatın yerinə sarıkökdən istifadə etmək daha sağlamlıdır. Əgər tomatdan istifadə edirlərsə, mütləq istifadə etdikdən sonra ağzını bağlayıb soyuducuya qoymaq lazımdır. Bəzən yazılıb ki, 6 ay istifadə etmək lazımdır. Bu qayda bankanın ağzı açılmayıbsa o zaman keçərlidir. Ancaq banka açıldıqdan sonra 15 gün, ən gec 30 gün istifadə olunmalıdır.
- Ümumiyyətlə yaz fəslində hansı qidalar rasiondan çıxarılmalıdır və hansı qidaları əlavə etmək lazımdır?
-Təbii ki, birinci mövsümi meyvə-tərəvəzə üstünlük verilməlidir. Daha sonra yaz fəslində immunitet sistemimiz aşağı düşdüyü üçün immuniteti qaldıran qidalara üstünlük verməliyik. Mütləq su miqdarına diqqət etməliyik ki, çünki havalar istiləşdikcə tərləyirik. Tərləmə heç də hər zaman faydalı hesab olunmur. Çünki tərdə toksid maddələrlə yanaşı, orqanizmə faydalı olan maddələr də xaric olunur. Ona görə də maye miqdarımızı mütləq balansda saxlamalıyıq. Bununla yanaşı tez həzm olunan qidalara üstünlük verməliyik. Çünki tez həzm olunan qidalar orqanizmi gümrahlaşdırır, həm də immunitet sistemini bərpa edir.
- Bəzi insanlar var ki, onlarda qida rejimi pozulub. Belə olan halda nə edilməlidir?
-Biri var ki, bu hal ayda bir dəfə və ya iki dəfə baş verib hər hansı bir məcburiyyətdən səbəblərdən olarsa, onu əvəzləmək olar. Amma hər gün bu rejimdədirsə, burada orqanizmin sağlamlığı mütləq nəzərə alınmalıdır. Çünki səhər yeməyinin, günorta və axşam yeməyinin də bəlli bir saatları var ki, orqanizmimizdə proseslər, bütün funksiyalar vaxtı-vaxtında öz prosesini həyata keçirsin. Əks halda təbii ki, həmin anda olmasa da, gələcəkdə xəstəliklərə səbəb ola bilər. Hal-hazırda daxili orqanların piylənməsi birinci növbədədir və əsasən də gənc yaşda özünü göstərir. Buna qaraciyər piylənməsini misal göstərə bilərəm ki, bu da məhz səhər yeməyindən imtina, günorta birdən-birə mədəni yükləmə və yaxud da gün ərzində az yeyib, axşam yeməyində çox yemək səbəb olur.
- Bu gün televiziya proqramlarımızda kulinariya verilişlərinin sayı artmaqdadır. Həmin verilişlərdə professionallıq hansı səviyyədədir və bu cür verilişlər mətbəximizə necə təsir edir?
-Bununla bağlı öz müşahidələrim var. İlk olaraq, milli mətbəximizə çox az yer verilir. Televiziya böyük efirdir və kütləvi informasiya vasitəsidir və onu izləyənlər milyonlarladır. Təbii ki, onlar da haqlı olaraq, düşünəcəklər, bu doğrudur. Bir dəfə verilişdə oldum. Demək olar ki, o verilişdə sağlamlıq sıfır dərəcədəydi. Əsasən yeməkləri hazırlayanda deyirik ki, həddindən artıq qaynatmayın, qızartmayın. Ancaq orda həddindən artıq qızartmalar, qarışıq souslar əlavə olunur. Təbii ki, ləzzət fərqlidir, ağız dadı fərqlidir amma sağlamlıq tərəfindən də maariflənmə olsa və ya sağlam qidalanma mütəxəssisi ilə məsləhətləşib bir yerdə etsələr daha yaxşı olar.
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB