“Azərxalça”nın yeni sədri emalatxanalarla tanış olmağa davam edir - FOTOLAR

“Azərxalça”nın yeni sədri emalatxanalarla tanış olmağa davam edir - FOTOLAR

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 mart 2021-ci il tarixində imzaladığı sərəncama əsasən Emin Məmmədov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib. Yeni sədrin təyin olunmasından dərhal sonra 1 aprel 2021-ci il tarixindən isə “Azərxalça” ASC-nin bütün emalatxanalarında istehsalat bərpa olunub.

SİA xəbər verir ki, təyin edildiyi gündən yeni sədr istehsalın da bərpa olunmasını nəzərə alaraq, “Azərxalça”nın bütün əməkdaşları, xüsusilə region filiallarının çalışanları ilə yaxından tanış olmağa və onların gələcək fəaliyyətlərində daha da məhsuldar olmaları üçün atıla biləcək addımları müəyyənləşdirmək üçün lazım olan tədbirləri görməyə böyük diqqət ayırır.

Aprel ayının 29-da Cəmiyyətin sədri Qazax, Ağstafa, Tovuz və Şəmkir filiallarına səfər edib. Səfər filiallar və əməkdaşlarla tanışlıq xarakteri daşıyıb.

Görüş zamanı emalatxanaların təsərrüfat vəziyyəti, istehsal prosesində yaranmış problemlər, filialların yay mövsümünə hazırlıq səviyyəsi, iş yerlərinin texniki vəziyyəti, xammal təchizatı kimi məsələlər müzakirə olunub. Emin Məmmədov işçilərin nəzərinə mövcud istehsal prosesində aparılacaq əsaslı islahatları da çatdırıb. Daha sonra toxunma prosesində olan xalçaların keyfiyyətinə baxış keçirilib. Bütün əməkdaşların fərdi şəkildə istehsal prosesi ilə bağlı problemləri, tələb və təklifləri dinlənilib.

Əməkdaşlar ümumi tanışlıqdan razı qaldıqlarını və göstərilən bu diqqətin onlarda ruh yüksəkliyi yaratdığını və daha da əzmlə çalışmağa sövq etdiyini vurğulayıblar.

Qeyd edək ki, daha öncə Emin Məmmədov Kürdəmir, İsmayıllı, Qəbələ, Nardaran və Abşeron filiallarının əməkdaşları və fəaliyyətləri ilə də tanış olub.

Məlumat üçün bildirək ki, hazırda “Azərxalça” ASC-nin 21 - Füzuli rayonunun Horadiz şəhərində, Ağdam, Şəmkir, Tovuz, Ağstafa, Qazax, İsmayıllı, Qəbələ, Quba, Xaçmaz, Naxçıvan, Nardaran, Abşeron, Kürdəmir, Goranboy, Tərtər, Şabran, Qobustan, Lənkəran kimi filialları fəaliyyət göstərir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə