"Covid-19 pandemiyası və Azərbaycan" MƏQALƏ

Çində 2019-cu ilin dekabrından ortaya çıxan və bütün dünyaya yayılan Covid-19, indiyə qədər 118 milyondan çox şəxsi yoluxduraraq, 2,6 milyondan çox insanın isə ölümünə səbəb oldu. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 1 Mart 2020-ci ildə “pandemiya” elan etdiyi Covid-19 son 100 ildə meydana çıxan ən geniş yayılmış virus olmaqla dünya iqtisadiyyatına görülməmiş dərəcədə zərbə vurdu.

Covid-19 pandemiyasının elan edilməsi ilə ölkələr öz sərhədlərini bağladı və demək olar, bütün ölkələrdə sərt karantin rejimləri tətbiq olunmağa başlandı. Pandemiyanın davam etdiyi bir ildən çox müddətdə dünya ölkələrində bir çox iş yerlərinin fəaliyyətini dayandırması böyük sürətdə işsizliyə səbəb oldu. Dünyanın inkişaf etmiş ölkələrində belə iqtisadiyyat böyük zərər gördü

Azərbaycanda 2020-ci ilin fevralın sonlarında ilk yoluxma halı qeydə alınmışdır, dərhal Prezidentin göstərişi ilə ölkə ərazisində virusun yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirilməyə başlandı. İnsan sağlamlığını hər şeydən üstün tutan Prezident cənab İlham Əliyev, virusun insan sağlamlığına yaratdığı təhlükə və bütün digər yarana biləcək problemləri nəzərə alaraq, qabaqlayıcı tədbirlərin görülməsi üçün mart ayının 24-dən etibarən karantin rejiminin tətbiq edilməsi barədə qərar qəbul etdi. Sərt karantin rejiminin tətbiqi ilə istehsal və xidmət sektorunda şirkətlərin fəaliyyəti məhdudlaşdırıldı, insanların sərbəst hərəkəti, kütləvi tədbirlərin keçirilməsi qadağan edildi, sərnişin daşınmasında daxili və beynəlxalq nəqliyyat əlaqələri dayandırıldı. Bütün bunlar virusun yayılmasının qarşısının alınması və ölkə vətəndaşlarının sağlamlığının qorunması məqsədi daşıyırdı.

Müasir dövrün qloballaşan dünyası artıq COVID-19 pandemiyası ilə yeni alternativ iqtisadi, ticarət əlaqələri ilə qarşı-qarşıya gəldi. Dünya ölkələri bir-birilərinə dəstək haqqında yeni çağırışlar səsləndirməyə başladılar. Azərbaycan hökuməti ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atmışdır. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilmişdir;

Covid-19 virusunun yayılması ilə bağlı baş verən qapanmaların başladığı ilk günlərdən Azərbaycanda əhalinin bu pandemiyadan zərərinin minimuma endirilməsi üçün tədbirlər görülməyə başlandı. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqılarının müəyyən hissəsinin ödənilməsi proqramına təkcə ilk iki ay ərzində 87,7 milyon manat vəsait xərclənmişdir.

Azərbaycanın bu dövrdə 30-dan çox ölkəyə humanitar yardım göstərməsi də ümumi mübarizəyə verdiyi töhfədir. Əlbəttə, pandemiya həm ölkə iqtisadiyyatına, həm də insanların sosial vəziyyətinə mənfi təsir göstərməyə bilməz. Bu təsirin fəsadlarını azaltmaq üçün mühüm addımlar atılır. Belə çətin dövrdə beş milyona yaxın insanın geniş sosial paketlə əhatə olunması da təsadüfi deyil. Bu, ilk növbədə, Azərbaycan dövlətinin öz vətəndaşlarının daim qayğısına qalması, onların sosial vəziyyətinin yaxşılaşdırılması, insanların sağlamlığının prioritet məsələ olması deməkdir.

Aprelin 26-da BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının “Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77-ci sessiyası öz işinə başlayıb. Bu sessiyada Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyev də videoformatda çıxış edərək pandemiya ilə əlaqədər bir sıra nüansları sissiya iştirakçılarının diqqətinə çatdırmışdır.

Azərbaycan pandemiyaya qarşı dünya ölkələrini birlikdə mübarizəyə səsləyərək, iqtisadiyyatı zəif olan ölkələrə hümanitar yardımlar göstərmişdir. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olmuş və onu uğurla keçirmişdir. Həmçinin Covid-19 pandemiyasının yayılması ilə bağlı tədbirlər fonunda 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilmişdir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı pandemiya ilə mübarizədə dünya ölkələrinə nümunə göstərmişdir.

Prezident öz çıxışında həmçinin dünyada mövcud olan vaksinlərin ölkələr arasında ədalətsiz bölünməsi haqqında da fikirini bildirib. “Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir. Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib.

Azərbaycan Respublikasının özündə 2021-ci ilin yanvar ayında artıq vakansiya prossesinə başlanılmışdır. Bu günədək 1,4 milyon vaksin istifadə olunmuşdur ki, bu da əhalinin 14 faizini təşkil edir.

Dünyanın Covid-19 pandemiyası ilə üz-üzə gəldiyi bir vaxtda mənfur qonşularımız yenədə öz niyyətlərindən əl çəkməyərək Azərbaycana qarşı növbəti təxribatlara başladılar. 2020-ci ilin Tovuz döyüşlərində Ermənistan hərbi qüvvələri Azərbaycanın sərhəd bölgələrini ağır artilleriya qurğularından atəşə tutmağa başladılar. Azərbaycan Respublikasının gördüyü tədbirlər və ordumuzun güclü əks həmləsi nəticəsində Ermənistan tərəfi öz yerinə oturduldu.

Lakin yenə də öz niyyətindən əl çəkməyən Ermənistan növbəti dəfə sentyabrın 27-də Silahlı Qüvvələrimizi və dinc sakinlərimizi ağır artilleriya atəşinə tutaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başlamışdır. Sərhədyanı bölgələrdə yaşayış evləri və iaşə obyektlərinə böyük ziyan dəyməsi və mümkün vətəndaşların zərər görməsini nəzərə alaraq Azərbaycan öz vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qaldı. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra etmiş, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etmişdir. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan öz gücü ilə BMT-nin 4 qətnaməsinin həyata keçirilməsinə nail oldu və 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızı düşmən işğalından azad etdi.

Azərbaycan xalqına qarşı çoxlu sayda qırğınlar törədən, xalqımızın başına “Xocalı faciəsi”ni gətirən Ermənistan tərəfi 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə darmadağın olunmuşdur. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edilmişdir. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsi sona çatmışdır.

Bu gün artıq Azərbaycan işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinə davam edir. Azərbaycan respublikasının prezidenti İlham Əliyev öz çıxışında dost ölkələri bu quruculuq işlərində iştirak etməyə dəvət etmişdir. Artıq Füzuli və Zəngilanda Beynəlxalq hava limanının əsası qoyulmuş, Şuşaya yol çəkilmiş, Zəngəzur dəhlizinin yaradılması ilə bağlı fəaliyyətə başlanmışdır. Cəbrayılın bir sıra kəndlərində “ağıllı kənd” layihələri həyata keçirilməsinə dair tədbirlər planı hazırlanmışdır.

30 il düşmən işğalından qalan torpaqlarımıza yenidən bahar təravəti bəxş edilmişdir, Erməni vandaliziminə məruz qalmış torpaqlarımızda yenidən həyat canlanmışdır. Və nəhayət yaxın illər ərzində işğaldan azad olunmuş bütün ərazilərdə həyat yenidən öz axarına qayıdacaqdır.

Elvin Zeynalov

149 nömrəli tam orta məktəbin tarix müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə