“Yer tikanlardan təmizlənməsə, güllərin inkişafı mümkün olmaz” Müsahibə
SİA Hacı Şahinin müsahibəsini təqdim edir:
- Son dövrlər gənclərimizi digər dinlərə yönəltmək üçün güclü təxribatlar aparılır və az da olsa bununla bağlı nəticələr əldə edilir. Bu, bizim və din xadimlərimizin zəifliyindən irəli gəlir?
- Əlbəttə, bütün bu hallara görə ilahiyyatçılar və din xadimləri müəyyən qədər məsuliyyət daşıyır. Azərbaycanda uzun illərdir ilahiyyat və din sahəsində fəaliyyət göstəririk. Mən deməzdim ki, başqa dinlərə filan kütləvi axın var. Ümumiyyətlə, biz qapalı bir mühitdə yaşamırıq və dünyaya inteqrasiya olunuruq. Ən müxtəlif fikirlər sosial şəbəkələr vasitəsilə gənclərə təqdim olunur. Belə bir şəraitdə təbii ki, hazırlıqlı olmaq lazımdır. Müasir dövrdə insanları düşündürən sualları ilahiyyatçılar cavablandırmalıdır. Din heç zaman insanı inkişafdan saxlamır. İndi yeni nəsil ilahiyyatçılar din xadimləri formalaşır. Azərbaycanda dinlə bağlı təhsil müəssisələri var və İlahiyyat İnstitutu təsis edilib. Qafqaz Müsəlmanları İdarəsində din xadimlərinin mütəmadi olaraq təkmilləşdirmə kurslarını təşkil edirik. Hər bir halda günü-gündən din xadimlərinin peşəkarlıq və hazırlıq səviyyəsi artmalıdır. Bir az da eyforiya olur, yəni hansısa bir cərəyana qoşulur və bunun dəfələrlə şahidi olmuşuq ki, eyforiyadan sonra yenidən bizə üz tutaraq, səhv olduqlarını deyirlər. Biz ittiham dilində danışmamalıyıq. Mən düşünürəm ki, Azərbaycan gəncliyi korlanmayıb. Gənclik intellektual və mənəvi yöndə inkişaf edir. Mən ittiham etməyin tərəfdarı deyiləm və gənclərimiz haqqında çox nikbinəm düşünürəm. Hesab edirəm ki, əksinə, dinimizə maraq günü-gündən artır.
- Hacı, bəs, uşaq yaşlardan dinə, namaza məhəbbət düzgün formada necə formalaşdırılmalıdır?
- Çox yaxşı sualdır. Uşaqların tərbiyəsi ilə bağlı ailələrdə dinimizin müəyyən bir konsepsiyası var. Bəzən valideynlər dindar uşaq formalaşdırmaq üçün az yaşlarından onu dini məlumatlarla yükləməyə çalışırlar. Dinimiz bizə 7 yaşa qədər uşaqların sərbəst buraxılmasını tövsiyə edir. Yəni, 7 yaşa qədər uşaq öz istədiyini etməlidir. Təbii ki, biz onları qorumalıyıq. Amma ona qadağa tətbiq etmək də düz deyil. 7 yaşa qədər şəxsiyyətin təməli qoyulur və əsası formalaşır. Biz övladlarımıza şəxsiyyət verməli və onlarla şəxsiyyət kimi rəftar etməliyik. 7 yaşdan 14 yaşa qədər övladlarınıza ədəb öyrədin, onları itaətə alışdırın.
- Allahın hər yerdə olduğu deyilir. Bəs, nə üçün dua edəndə göyə baxırıq?
- Bəli, Allah hər yerdədir. Ucalığı tərənnüm etdiyi üçün, əlimizi onun dərgahına qaldırırıq.
- Allah heç bir cinsə mənsub deyil. Yəni, bizə nurdan ibarət olduğu öyrədilib. Digər dillərə tərcümədə Allahı, məhz kişi cinsində işarə edirlər. Hətta bəzən yaşlılarımız uşaqlara bunu izah edəndə “Allah baba” anlayışından istifadə edir. Sizcə, bu, düzgündür? Bu, yaradanı insanların təfəkküründə yanlış şəkildə canlandırmaqdır?
- Yaradanın cinsi yoxdur. Cinsiyyət ümumiyyətlə, yaradılmışlara aid olan mövzudur. Quranda deyilir ki, Allah nə doğulub, nə də doğub. Biz dünyada hər şeyi ya kişi, ya da qadın kimi görmüşük və həmişə cütlər arasında cinsiyyət bölgüsü olub. Nəticədə, istəyirik ki, təsəvvürümüzdə olan formanı Allaha verək. Uşaqlara bu cür anlayışlar aşılamaq düzgün deyil. Onlar Allahı ağ saqqallı kişi kimi təsəvvür edirlər. Allah bənzərsizdir və onun cinsiyyəti yoxdur.
- Kişilər paltarsız belə namaz qıla bildiyi halda qadınlarda niyə bir saç telinin belə görünməsi yolverilməzdir?
- Kişilərdə də bədənin əsas hissəsi örtünməlidir. Burda Allahdan gizlənmə nəzərdə tutulmur və Allahın hüzurunda ədəb saxlamaq məhəbbətlə ziddiyyət təşkil etmir. Biz Allahla münasibəti bəzən səthi münasibətlər səviyyəsinə endiririk. Allah çox uca və əzəmətli bir varlıqdır. Ona sayğı olaraq onunla bizim aramızda məhrəm var. Bu, Allah qarşısında bədənimizin zahiri ədəb qaydasıdır.
-Ölü insana toxunduqdan sonra niyə qüsl alınır?
- Bəzi məsələlər var ki, ona aydınlıq gətirmək olmur. Sadəcə, bilməliyik ki, işin qaydası budur. Yəqin ki, bu, hər hansı bioloji məsələlərlə bağlıdır və ya insana ölümü xatırlatmaq məqsədi daşıyır.
- Keçmiş dövrlərdə insanlar Allahın varlığına inanmadıqları təqdirdə, onlara bu möcüzələr sübutlarla göstərilib. Onlar niyə Allaha inanmayıb?
-Bizim imanımız möcüzəyə, təfəkkürə əsaslanmalıdır. İnsan nə qədər primitiv düşünürsə, bir o qədər də qeyri-adi hadisələrə daha çox istinad etməyə hazırlaşır. Bəşəriyyət öz yetkinlik dövrünə çatıb və din daha çox təfəkkür üzərində yüklənib. İman təfəkkürdən və düşüncədən qaynaqlanmalıdır. Möcüzə isə insana qısa bir müddət yardım edə bilər.
-Quranda qəbul edilən bəzi cümlələr dönəm dəyişdikcə öz mahiyyətini itirib. Məsələn, kişinin birdən çox qadınla evlənməsi, yaxud erkən yaşda evlilik indiki dövrdə birmənalı olaraq pis qarşılanır. Əgər Quranda son kitab olaraq hər şey düşünülübsə, niyə bu gün ziddiyyətlərlə qarşılaşırıq?
- İslam çoxarvadlılığa təşviq etmir, icazə verir. Bunlar arasında fərq var. Bəzən isə zərurət olur. Məsələn, müharibə dövründə qadınlar başsız qalır və insanlar onu himayə etmək üçün evləndirir. O vaxtlar əksinə, insanların subay qalması yaxşı qarşılanmırdı.
-Yəhudilikdə və xristianlıqda əhəmiyyətli yerə sahib olan bir qadın obrazı var. Belə ki, o qadının Adəmin qabırğasından deyil, palçıqdan yaradıldığı deyilir. İslam dinində bu qadına yer verilirmi?
- İslam dinində o qadın Həvvadır. Həvvanın Adəmin qabırğasından yaranması yanlışdır. Belə bir fikir dinimizdə yoxdur. O yəhudi dinində olmuş bir sözdür. Bəzi dinlərdə qadın təhqir olunmuş aşağı bir varlıq sayılır.
-Adəmlə Həvvadan sonra insanların yaranması necə davam edib?
-Deyirlər ki, onlardan öncə başqa varlıqlar yaşayıb.
-Təkamül nəzəriyyəsinin İslamda yeri nədən ibarətdir?
-Təkamül nəzəriyyəsi tam olaraq sübuta yetirilmiş nəzəriyyə deyil və dində ziddiyyəti yoxdur .
-Orqan bağışlamaq bir insanın həyatını xilas edirsə, nə üçün dində günah sayılır?
- Orqan bağışlamaq dində günah sayılmır. İnsan orqanını hədiyyə edə bilər. Amma şərt qoyulur ki, ondan sonra yaşamaq məşəqqətli olmasın. Yəni, iztirab içində yaşamasın.
-Astral səyahət həqiqətən mövcuddur?
-Dinimizdə bununla bağlı heç bir fikir yoxdur.
-Reenkarnasiyanın islam dinində mövcudluğu nədir?
-Reenkarnasiya islam dinində qəbul olunmur. Ruh bir cismə aiddir. Ruhun cisimdən cisimə keçməsi qəbuledilməzdir. Yəni, hər ruh bir şəxsiyyətdir və bir bədəndə olur.
-Allahın verdiyi canı yalnız Allah alırsa nə üçün edam cəzası var?
-Edam cəzası elə Allahın cəzasıdır. Allah özü təyin edir. Bəzən zərurət yaranır və Allah buyurur ki, bu şəxsi edam edin. Çünki yer tikanlardan təmizlənməsə, güllərin inkişafı mümkün olmaz. Günahsız insanı öldürmək bütün insanlığı öldürmək kimidir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB