Sitrus bitkilərinin gübrələnməsinə dair monoqrafiya nəşr edilib

Sitrus bitkilərinin gübrələnməsinə dair monoqrafiya nəşr edilib

AMEA-nin Lənkəran Regional Elmi Mərkəzinin baş elmi işçisi, aqrar e.ü.fəlsəfə doktoru Xalıqverdi Babayevin "Sitrus bitkilərinin gübrələnməsinin elmi-praktik əsasları" monoqrafiyası çap olunub. SİA-nın məlumatına görə, “Elm” nəşriyyatında çap olunan 3 bölmə və 8 fəsildən ibarət monoqrafiyada müəllifin uzun müddət ərzində Lənkəran-Astara subtropik bölgəsində sitrus bitkilərinin gübrələnməsinin nəzəri və praktik məsələlərinin həllinə həsr edilmiş elmi-tədqiqat işlərinin tətbiqi materialları təqdim edilib. Kitabda həmçinin bölgənin torpaq-iqlim şəraiti, gübrələrin təsnifatı və növləri, dozalarının optimallaşdırması metodları, gübrələmə sistemi və s. həlli vacib məsələlər nəzərdən keçirilib.

Kitabdan ali təhsil müəssisələrinin “Aqronomluq”, “Torpaqşünaslıq və aqrokimya” və digər ixtisaslarda təhsil alan tələbələr, magistrantlar, doktorantlar, həmçinin fermerlər istifadə edə bilərlər.

Xalıqverdi Babayev respublikanın və xarici ölkələrin nüfuzlu elmi-texniki jurnallarında nəşr olunmuş 70-dən çox elmi əsərin, 1 monoqrafiya, 1 kitabça, ali təhsilin bakalavriat pilləsi üçün 3 tədris proqramın müəllifidir.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə